İşıq pulu niyə qalxdı?- Rəsmi açıqlama


“Azərişıq” ASC elektrik enerjisinin qiymətinin artırılmasının səbəbini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzVision.az-a açıqlamasında bildirib ki, elektrik enerjisinin qiymətinin artırılmasında məqsəd qurulun şəbəkəni qoruyub saxlamaqdır.

“Sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ildə dəyişdirilib. Bu 10 il ərzində “Azərişıq” tərəfindən xeyli irimiqyaslı layihələr həyata keçirilib, yeni yarımstansiyalar tikilib və elektrik verilişi xətləri çəkilib.

Atılan addımlar son texnologiya ilə təchiz olunan avadanlıqlarımızı qoruyub saxlamaq üçündür. Abonentlərimizin son 10 il ərzində dayanıqlı və fasiləsiz enerji təchizatını təmin etmişik.

Hesab edirəm ki, bundan sonra da irimiqyaslı layihələr həyata keçiriləcək. Bunlar elektrik enerjisi tariflərinə yenidən baxılmasını zəruri edən amillər idi. Burada cüzi qiymət artımından söhbət edir. Ən başlıca məqsəd hazırda mövcud olan elektrik paylayıcı şəbəkəsinin mövcud halını qoruyub saxlamaq və yenilikləri davam etdirməkdir”.

Qeyd edək ki, ötən gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Yeni tariflər bu gündən etibarən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu