Qarabağ əlillərinin övladları təhsil haqqı ödəməyəcək- nazirlik


Bu ilin ilk yarısında 223 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Beyləqanda 54 mənzilli yaşayış binası, Abşeronda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzil, eləcə də 116 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə paylanılıb. İndiyədək nazirliyi tərəfindən 5455 əlil və şəhid ailəsi mənzillə təmin olunub.

“Qarabağ müharibəsi əlillərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü verilir. Hazırda Qarabağ müharibəsi əlillərinin böyük əksəriyyəti əmək pensiyası, digərləri isə aylıq sosial müavinətlə təmin olunurlar”, - deyə E.Babayev əlavə edib.

Şəhid ailələrinə isə 220 manat prezident təqaüdü ödənilir.

2016-cı ilin 01 iyul tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin ali təhsil alan övladları da təhsil haqqlarından azad olunublar. Ölkə prezidentinin 18 mart, 2014-cü il tarixli sərəncamı ilə ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə imkan yaradıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu