Hepatitlər barədə nə bilirik?


HCV müstəqil virus kimi 1989-cu ildə kəşf edilib. Sonrakı illərdə isə onun 6 fərqli genotipi və 30-dək subgenotipi müəyyənləşdirilib. Onların yayılma arealları da müxtəlifdir. Məsələn, Afrika və Cənub-Şərqi Asiyada daha çox sayda subgenotiplərə rast gəlinir, nəinki Avropada. Buna görə də alimlər heptaitlərin Cənub-Şərqi Asiyada bir neçə yüzillər əvvəldən yayıldığı qənaətindədirlər.Yaponiya və Tayvanda HCV-nin 1b, 2a və 2b genotipləri geniş yayılıb.
ABŞ-da isə əsas üstünlük 1a genotipindədir. Buna görə də bir çox hallarda ona “amerika genotipi” deyilir. Cənubi Avropada 1b, ümumilikdə Avropada isə 1a üstünlük təşkil edir. Rusiyada birinci yerdə 1b gəlir. Sonrakı yerlərdə isə 3a, 1a və 2a gəlir. Azərbaycanda isə 1a genotipi geniş yayılıb. Bu, ən çətin müalicəyə yatan genotipdir. HBV-dən fərqli olaraq HCV-nin cinsi yolla yayılması hallarına çox az rast gəlinir. 75-80 faiz hallarda, əsasən də 1a genotipinə yoluxmuş alkoqoliklərdə xroniki formaya keçir. Bu zaman 25-50 faiz hallarda qaraciyərin sirrozu ilə nəticələnir.
Məsələn, ABŞ Milli Sağlamlıq İnstitutunun qiymətləndirmələrinə görə, HCV səbəbilə meydana gələn sirrozların sayı ildə 15 min nəfərdən yuxarıdır. Bu, xroniki HBV ilə bağlı hallardan iki dəfə çoxdur. Ümumiyyətlə, uzun illik təcrübələr göstərir ki, HBV daha çox qaraciyər xərcənginə, HCV isə sirroza gətirib çıxarır. Sirrozun yeganə effektiv müalicə yolu qaraciyər transplantasiyasıdır. Bu prosedurun dəyəri dünyada 100-150 min dollar aralığında dəyişir.
HBV və HCV bir çox hallarda yanaşı mövcud olur.
Bu zaman 27 faiz hallarda xərçənglə sonuclanmaya səbəb olur. Bu sonun qarşısını almağın yeganə yolu müasir səviyyəli diaqnostikadır. Hepatitə yoluxan insanların kompleks müayinəsi aparılmalıdır ki, bu da ciddi maliyyə tələb edən bir prosedurdur. Belə ki, bu halda qanın analizi kifayət etmir. Müayinə kompleks şəkildə aparılmalıdır. Eyni zamanda vaxtaşırı qanın virusla yüklənmə səviyyəsinin öyrənilməsi çox vacibdir. Çünki bu səviyyə çox tez-tez dəyişir. Bütün bunlar isə kifayət qədər bahalı posedurlardır.
HBV-nin diaqnostikasında antigen və antitel markerlərin təyini dəqiq diaqnoz qoymağa şərait yaradır. Buna görə də ona qarşı peyvəndin hazırlanmasında alimlər çətinlıik çəkməyiblər. Lakin HCV-də İFA metodu ilə yalnız antitellərin təyini mümkün olur. Buna səbəb HCV antigenlərinin qana çox hadir hallarda düşməsidir. Buna görə də HCV-nin dəqiq diaqnostikası üçün qaraciyərdən bioloji analiz(biopsi) alınması lazım gəlir. HCV-nin müalicəsi interferonlarla aparılır. Bu preparat virusun aktivliyini azaldır ki, bununla da qaraciyərdə sirroza gətirən patoloji proseslərin qarşısı alınır. Bu müalicə əksər hallarda 6 ay, yalnız genotip 1-də 1 il çəkir. Lakin müalicədə alınan uğura profilaktika və diaqnostika sahələrində hələlik nail olunmayıb. Belə ki, çoxgenotipli olması bu virusa qarşı peyvəndin hazırlanmasını çətinləşdirir. Buna baxmayaraq, HCV-ni tam müalicə etmək mümkün olsa da, HBV-də bu nəticəni əldə etmək hələ ki, mümkün olmayıb.
Son illərdə hepatitlərin sürətlə yayılması onları dünya tibb elminin, milli və beynəlxalq səhiyyə orqanlarının qarşısında duran başlıca problemlər sırasına çıxarda bilib. Bu baxımdan, hepatitlərlə, xüsusilə onların ən ağır formaları olan HBV və HCV ilə bağlı Azərbaycanda da ciddi addımların atılması çox vacibdir. Hazırda hepatitli insanların müalicəsi aparılsa da, geniş əhali arasında maarifləndirmə və profilaktika işlərinə da böyük ehtiyac var.

Gulnar Nuriyeva
Yazı Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu