Özünüməşğulluq proqramı üzrə 362 vətəndaşın biznes-planı müsbət qiymətləndirilib


Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, əhalinin özünüməşğulluğunun təmin olunması üzrə proqramın icrası işləri davam etdirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş işaxtaran və işsiz vətəndaşların biznes-planlarının növbəti qiymətləndirilməsini həyata keçirib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, iki gün davam edən qiymətləndirməyə 8 rayon və şəhər (Saatlı, Göyçay, Kürdəmir, Lerik, Astara, Masallı, Yardımlı, Mingəçevir) üzrə təlim kurslarını yekunlaşdırmış 141 nəfər tərəfindən biznes-planlar təqdim olunub. Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyekiv və şəffaf şəraitdə aparılan qiymətləndirmə nəticəsində həmin şəxslərdən 118 nəfərinin biznes-planları müsbət dəyərləndirilib. Biznes-planlar əsasən kənd təsərrüfatı, xidmət, istehsal və ticarət sahələrinə aid olub.

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş vətəndaşların özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi prosesinə bu ayın əvvəllərində başlanılıb. Kursları yekunlaşdırmış 532 nəfərdən bu günədək artıq 441 nəfəri biznes-planların müdafiəsi prosesində iştirak edib. Onlardan 24 rayon üzrə 362 nəfərinin biznes-planları uğurlu hesab edilib. (Keçirilmiş qiymətləndirmələrin nəticələri bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) “Aktiv əmək bazarı proqramları” adlı bölmədə yerləşdirilib). Uğurlu hesab edilən biznes-planlarla bağlı aidiyyəti işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onların mal və materiallar formasında dəstəklənməsi işləri aparılacaq.

Təlim kurslarını bitirmiş digər şəxslərin də özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi müvafiq qrafik əsasında qarşıdakı dövrdə həyata keçiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına 1500 nəfər işaxtaran və işsiz vətəndaşın cəlb edilməsi, onların ailə bizneslərinin yaradılması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu