Kasıb meyvəsi...




Vüsal BAĞIRLI



İnformasiya saytlarının birində belə bir yazıya rast gəldim. Tanınmış bir həkim valideynlərə müraiət edirdi ki, uşaqlara öz mövsümündə yetişməyən meyvə və giləmeyvələrin, xüsusən də alça və çiyələyin verilməsi yolverilməzdir.

Düzdür, pediatrın bu məsləhəti kənardan normal görünür. Amma əslində, alçanın dadının deyil, qiymətinin turşluğu, ciyələyin isə allergik reaksiyası yox, baha olması bu meyvələri “alınmaz qala”ya, ekzotikaya çevirir. Əlbəttə, tək bunların deyil, şaftalı, armud, portağal və s. kimi klassik hesab edilən meyvələrin də qiyməti soruşduqda dil, toxunduqda əl yandıracaq qədər qalxıb.

İndi hansısa ekspertdən bu məsələyə obyektiv və subyektiv münasibət bildirməsini soruşduqda, əsas mövzu qalacaq bir tərəfdə, başlayacaq öz-özünü tənzimləyən bazar qanunlarından, tələblə təklifin qovuşmasından, Adam Smitdən, David Rikardodan danışmağa.

Buna görə də ən yaxşısı bizim məsləhətə qulaq asın, ucuzluğunu və xeyrini nəzərə alaraq alma alın, özü də yerlisindən. Bəli, ölkəmizdə haqqında film çəkilmiş, həmçinin dünyanın ən böyük proqram təminatı şirkətinin simvoluna çevirilmiş bu dəyərli meyvə vitaminlərlə zəngindir. Bütün formalarda- püre, qurudulmuş, kompot və ya mürəbbə halında da xeyirlidir. Tərkibindəki faydalı elementlərin orqanizmə rahat sorulması üçün almanı köklə, üzümlə hətta bananla da qarışdırmaq olar.

Almada A, B, B2, B6, C vitaminləri orqanizmi təmin edəcək qədər boldur. Tərkibində maqniy, dəmir, fosfor, yod, bor, natrium, ftor, xrom, sink, nikel, molibden, vanadiy kimi faydalı mikroelementlər mövcuddur. Qabığını da hətta atmaq məsləhət deyil. Çünki onun tərkibində güclü antioksidant sayılan flavonoid var.

Orqanizmin virus və bakteriyalara qarşı təbii müdafiəsini təmin etmək üçün gün ərzində ən azı bir alma yeyilməlidir. Tərkibindəki faydalı xüsusiyyətləri ən uzun müddət saxlayan Antonovka və Simirinko sortları hesab olunur.

Ümumiyyətlə, yaşıl rəngli almalarda olan dəmirin miqdarı, digər rənglərə nisbətdə daha çox olur. Məktəb yaşlı uşaqlara və böyüklərə almanın dənəsini çeynəmək məsləhətdir. Bununla siz, sutkalıq yod ehtiyatınızı təmin etmiş olursunuz. Uşaqların dişlərinin normal inkişafı üçün də alma müsbət təsir göstərir.

Mifə görə, gənc Parisin bu meyvəni Afroditaya bağışlaması məşhurTroya müharibəsinə gətirib çıxarır. Bunu “münaqişə alması” deyilən bir terminlə ifadə edirlər. Yəni, hər hansı əhəmiyyətsiz, kiçik görünən əşya və ya hadisə, böyük miqyaslı gözlənilməz və dağıdıcı hadisələrə səbəb ola bilər.

Başqa bir əfsanədə isə tanınmış ingilis alimi İsaak Nyuton bağda istirahət etdiyi zaman, tarapp, başına bir şey düşür. Tanınmış alim əyilib bunun nə olduğu ilə maraqlananda, məlum olur ki, bu, alma imiş. İsaak Nyuton çox fikirləşir, az fikirləşir və nəticədə, ümumdünya cazibə qanunu kəşf olunur.

Ümumiyyətlə, alma ilə əlaqədar mifoloji və folklor süjetlər bir çox incəsənət, ədəbiyyat və musiqi əsərlərində (Şillerin “Vilhelm Tell” dramında, Rossininin eyni adlı operasında, Karavaconun, Rafaelin rəsmlərində və s.) də geniş istifadə edilir.

Beləliklə, ailəlikcə almadan bol-bol istifadə edin, onda hər zaman sağlam və enerjili olacaqsınız. Həm də büdcənizə qənaət edəcəksiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu