"Şərq-Qərb" nəşriyyatından Azər Həsrətə CAVAB




Azər Həsrətin yazdığı və AFN-də dərc edilən "Dərsliklərin Ramiz Mehdiyevə nə dəxli?" sərlövhəli tənqidi məqaləyə tənqid obyekti olan dərslikləri dərc edən "Şərq-Qərb nəşriyyatı"ndan cavab verilib. Sayt peşə borcuna və qanunvericiliyin tələblərinə riayət edərək qarşı tərəfin mövqe yazısını olduğu kimi diqqətinizə çatdırır:

Dərslik nəşri ictimaiyyətə və ictimai rəyə açıq bir sahədir. Əgər belə olmasaydı, Təhsil Nazirliyi hələ dərc edilməmiş dərslikləri ictimai rəyə təqdim etməzdi. Və təbii ki, bu, prosesin şəffaflığının təmin olunması və görülən işin daha təkmil bir nəticə şəklində ortaya çıxarılması məqsədi daşıyır. Bu səbəbdən də bu addım alqışlanmalıdır.

Amma ictimaiyyətə təqdim edilmə prosesi bir sıra neqativ halların meydana çıxmasına da səbəb olur. Bundan öz şəxsi maraqlarını təmin etmək üçün istifadə edənlər də tapılır. Ən pisi də odur ki, bunun üçün dövlət strukturunda mövqe tutan hörmətli ziyalıların adlarını hallandırmaqdan belə çəkinmirlər. Əksinə, bunu məqsədə çevirirlər.

Dərsliklərlə bağlı gedən müzakirələrə ötən gün jurnalist Azər Həsrətin “Dərsliklərin Ramiz Mehdiyevə nə dəxli?” başlıqlı bir məqaləsi də əlavə olundu. Əlbəttə, məqalə haqqında söhbət gedən Biologiya və Tarix fənni üzrə bir mütəxəssis tərəfindən yazılmış olsaydı və əsaslı müddəalar irəli sürülsəydi, bunu ümumi iş istiqamətində müsbət yönlü bir addım kimi qəbul etmək mümkün idi. Çünki hər bir nəşriyyat çap prosesində olan məhsulunu oxucusuna daha mükəmməl şəkildə çatdırmaq istəyər. Lakin məqalənin şəxsi maraq və qərəzlə, eyni zamanda da sifarişlə qələmə alındığı ilk baxışdan açıq-aydın görünür. Məsələn, elə yazının adı çox mətləbdən xəbər verir. Müəllif bir sıra jurnalistlərin taktiki gedişi olan “dövlət strukturunda rəhbər mövqe tutan şəxslərin adını hallandırmaqla ictimaiyyətin, eyni zamanda da onların özlərinin diqqətini çəkmək” gedişindən “ustalıqla” yararlanıb. Həmçinin məqalənin içərisində aparılan “ikibaşlı oyun”, bir yazı ilə həm tənqid edib həm də tərəf tutmaq taktikası da bunu açıq-aydın nümayiş etdirir.

Məqalənin qərəzli yazıldığını sübut etməzdən və göstərilən fikirlərə münasibət bildirməzdən əvvəl ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, “Şərq-Qərb” nəşriyyatı (ASC) 2001-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində inkişaf etmiş və ölkədəki nəşriyyatlar arasında öz dəstxəti və imzası ilə fərqlənən nəşriyyatımızın məhsullarının keyfiyyəti faktdır. Necə deyərlər, hər şey göz önündədir. Onu da bildiririk ki, hazırda nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış yüksək ixtisasa və böyük təcrübəyə malik 40-dan artıq mütəxəssisimiz var. Nəşriyyatın indiyə qədər reallaşdırdığı layihələr, həyata keçirdiyi işlər də öz yerində.

“Şərq-Qərb” 2011-ci ildən başlayaraq Təhsil Nazirliyinin keçirdiyi tenderlərə 56 adda dərslik komplekti təqdim edib və bunlardan 22-si keçib ki, bu 50 faizdən də aşağı rəqəm deməkdir. Bu, ilk növbədə, yuxarıda haqqında danışdığımız mütəxəssislərin və seçdiyimiz tərtibçilərin əməyinin məhsuludur. Bu əməyin üstündən xətt çəkmək mümkün deyil. Eyni zamanda məqalə müəllifinin nəzərinə çatdırırıq ki, bizim də tenderdən keçməmiş dərsliklərimiz var, amma bunu sağlam rəqabətin nəticəsi kimi qəbul edir və buna görə kimsəni günahlandırmır, ittiham etmirik.

İndi isə qayıdaq iradlara. Müəllif yazısını, əslində, Təhsil Nazirliyinin rəyçisini tənqid üzərində qurur. Biz məsələnin bu hissəsinə münasibət bildirməyəcəyik. Amma bu məqamda qeyd etmək istəyirik ki, o, dərsliyi, kitabda mövcud olan hər hansı proiblemi deyil, rəyçinin redaktəsiz fikirlərini tənqid atəşinə tutur. Halbuki məqalənin məqsədi – əvvəldən də göründüyü kimi – bu deyil. Müəllif bir müddət sonra özü də “sözümün canı var”, – deyib, həqiqətən də, sözünün “canı”na keçir. Yəni X sinif “Biologiya” dərsliyi haqqında danışmağa başlayır (Nə üçün “sözünün canının” məhz Biologiya dərsliyi ilə bağlı olduğunu bir qədər sonra siz də biləcəksiniz).

O, rədd edilən tərəfin müəlliflərini təqdim edir: Əməkdar müəllim, prof. dr. Məcnun Babayev, Əməkdar müəllim Almaz Həsrət, Əməkdar müəllim, Biologiya üzrə f.d. Aygün Əhmədli və Bakı Dövlət Universitetinin müəllimi Eynulla Musayev. Ardınca öz narahatlığını dilə gətirir və müəlliflər arasında olan prof. dr. Məcnun Babayev haqqında danışır: “Biologiya sahəsinə az-çox dəxli olan hər kəs bilir ki, bu qocaman elm adamı ömrünü məhz bu sahəyə həsr etmiş, on illər ərzində həm dərsliklərin, həm də ayrı-ayrı elmi əsərlərin yazılmasında öndə getmişdir. Yeri gəlmişkən, qalib elan edilmiş dərsliyin müəllifləri də bir vaxtlar onun tələbələri olub”.

Əvvəla qeyd edək ki, bu müəlliflər kitabın tərtibçiləridirlər. İkincisi, onların üçünün Məcnun müəllimin tələbəsi olması professoru daha çox sevindirməli idi, çünki müəllim etikası da bunu tələb edir. Üçüncüsü, dərsliyi mütləq müasir tələblərdən xəbərdar olan, kurikulumu bilən, yeni təlim üsulları ilə tanış olan, şagird psixologiyasına, yaş xüsusiyyətlərinə yaxından bələd olan mütəxəssislər hazırlamalıdırlar. Və ən nəhayət, hər sahədə olduğu kimi, elm sahəsində də proses hərəkətdədir və nəsillər bir-birini əvəz edir. İstər Məcnun Babayev, istərsə də tarix dərsliklərinin əvvəlki müəllifləri müxtəlif elm sahələrində öz sözlərini demiş alimlər və mütəxəssislərdir. Lakin dərslik elmi iş deyil. Yaxşı dərslik hazırlamaq üçün elmi dərəcəyə, titullara sahib olmaq kifayət etmir. Əslində, Tarix və Biologiya dərslik layihələrinin müəllifləri məhz fənnə və kurikuluma bələdlilikləri ilə öz opponentlərindən fərqlənmişlər. Bu da, öz növbəsində, müəyyən sahələrin konkret şəxslər tərəfindən monopoliyaya alınmasına şərait yaradılmadığı deməkdir. Dövlət və dövlət orqanları tərəfindən yeni mütəxəssislərin meydana çıxması istiqamətində məqsədyönlü iş aparıldığının sübutudur.

Amma maraqlıdır: nə üçün jurnalist məsələyə birtərəfli yanaşaraq qarşı tərəfin müəlliflərinin titullarını yazmır? O yazmadığı üçün məcburən biz təqdim edirik: Əməkdar müəllim Nüşabə Məmmədova, ped.ü.f.d., Təhsil İnstitutunun aparıcı elmi işçisi Könül Mahmudova, Akademik Zərifə Əliyeva adına liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Fətiyeva, Bilologiya fənni kurikulumunu hazırlayan işçi qrupunun üzvü, kurikulum təlimçisi Brilyant Həsənova. Bu sadalamadan sonra əvvəlcə məqalə müəllifinin bir iddiasına cavab vermək istəyirik. O, dərslikdə kurikulumun reallaşması baxımından qüsurlar aşkar olunduğunu yazır. Biz isə bildiririk ki, əvvəla, dərsliyi tərtib edən müəlliflərin dördündən üçü biologiya fənni üzrə kurikulumu hazırlayan işçi qrupun təmsilçiləridir (İkisi işçi qrupunun üzvü – Nüşabə Məmmədova, Brilyant Həsənova, biri isə rəhbəri – Könül Mahmudova). Bəlkə, maraqlı olar deyə bunu da qeyd edirik ki, Könül Mahmudova məhz bu istiqamətdə olan fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilibdir. Bu baxımdan Biologiya fənni üzrə kurikulumu hazırlayan insanların onun dərslikdə reallaşması baxımından qüsurlara yol verməsi absurddur.

Digər incə məqam: müəllifin bu sahədə məlumatsızlığı o dərəcədə qabarıq görünür ki, o yalnız dərsliyin qiymətləndirilməsi kriterilərini seçərək verdiyinin fərqinə varılmayacağını düşünür. Kriterilərdəki “didaktik tələblərin səviyyəsi gözlənilməlidir” ifadəsində xəbəri dəyişərək “gözlənilməyib”, “tədris vahidlərinin və materialların sadədən mürəkkəbə doğru ardıcıllığı gözlənilməlidir” ifadəsində xəbəri əvəzləyərək “gözlənilməyib” və s. yazmaqla heç bir qüsuru real şəkildə göstərmir. Daha dəqiq ifadə etsək, göstərə bilmir. Amma məhz jurnalist olduğu üçün bilməli idi ki, hər hansı bir irad irəli sürülürsə, o mütləq əsaslandırılmalıdır. Xüsusilə də o zaman ki bu irad deyil, az qala, ittiham səviyyəsində yazıla...

Müəllif qeyd edir ki, əsər elmi səhvlərlə zəngindir. Və 30 səhifəlik səhv olduğunu bildirir. Sonra da “özü də əksəriyyəti elmi olmaqla” yazır.

Əvvəla, qeyd edilən 30 iradın çox böyük əksəriyyəti hansısa orfoqrafik səhvlərin düzəldilməsi və tövsiyə xarakterli fikirlərin bildirilməsindən ibarətdir ki, bunun elmi səhv adlandırılmasının özü elmsizlikdir. Və ictimaiyyət bundan xəbərdar olsun deyə biz onların bəzilərini burada nümunə göstərməyi özümüzə borc bilirik:

İrad: səh.42-də “udlaq qöləri” yazılıbdır. Biologiya elmində belə bir söz birləşməsi yoxdur.

Cavab: Texniki qüsurdur. Söz birləşməsi “udlaq qövsləri”dir.

İrad: səh.71-də yazılıb: “vitamin çatışmazlığı” hipovitaminoz”. Əslində isə bütün ədəbiyyatlarda olduğu kimi, “avitaminoz” kimi tanıdığımız terminlə yazılmalıdır. Termini dəyişməyə ehtiyac yoxdur.

Cavab: Verilmiş irad tamamilə əsassızdır. Çünki elmi ədəbiyyatda hər iki termindən istifadə olunur.

İrad: səh.74-də “Maddələr mübadiləsində baş verən dəyişkənliklər” mövzusu çox qəliz və hətta ali məktəb səviyyəsində yazılıb.

Cavab: Verilmiş mövzu tam orta təhsil səviyyəsinin 10-cu sinif şagirdləri üçün nəzərdə tutulub. Yazılarkən yaş səviyyəsi nəzərə alınmışdır.

İrad: səh.8-də verilmiş canlıların qidalanma sxemi elmi cəhətdən səhvdir. Çünki verilmiş sxemdə fotosintezedici və xemosintezedici formalar avtotrof qidalanmanın iki forması kimi verilib, halbuki avtotrof qidalanma karbon mənbəyinə görə fotosintezedici və ximosintezedici formalar isə enerji mənbəyinə görə olan bölgüdür.

Cavab: Göstərilən irad əsassızdır. Belə ki, sxemdə də avtotrof canlılar enerjidən istifadə etmələrinə görə iki qrupa: fotosintezedici və ya fototrof, xemosintezedici və ya xemotrof canlılara bölünür. A.A.Коменский, Е.А.Криксунов, В.В.Пасечник «Общая Биология», ст. 89, 94.

İrad: Səh. 8-də yazılıb: “Onlar sahib orqanizmdə qidalanır, ifrazat məhsullarını oraya xaric edir və xəstəlik törədir” cümləsi “Onlar sahib orqanizmlə qidalanır, xaric etdikləri ifrazat məhsulları və birbaşa təsir yolu ilə sahibin orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olurlar” cümləsi ilə əvəz olunmalıdır.

Cavab: Cümlədə heç bir elmi səhv yoxdur. Hər iki cümlə eyni məna kəsb etdiyindən dəyişdirilməsi zəruri hesab edilmir. Əksinə, sizin yazdığınız cümlə qüsurludur.

İrad: Səh. 8-də sonuncu abzasda parazit orqanizmlər sadalanan cümlədə “virusların” adı daxil olunmayıb. Əslində, yazılmalıdır, çünki virusların ayrı sadalanması onları digər canlılardan ayırmaq fikri kimi başa düşülür, belə verilməsi elmi yanlışlıqdır.

Cavab: Rəyçi tərəfindən göstərilən irad əsassızdır. Verilmiş cümlədə canlıların 4 aləmi sadalandığından viruslar digər cümlədə ayrıca qeyd olunmuşdur. Çünki viruslar orqanizm hesab olunmur.

İrad: səh. 37-də (axırdan II abzas) yazılıb: “Tripletlərin sayı amin turşularının sayından çox olduğu üçün hər bir amin turşusu bir neçə tripletlə kodlaşdırıla bilər”. Əslində isə cümlə belə yazılmalıdır: “Tripletlərin sayı amin turşularının sayından çox olduğu üçün hər bir amin turşusu 2, 3, 4, bəzən 6 tripletlə kodlaşdırıla bilər».

Ümumiyyətlə, bu mövzuda zülalın sintezi barədə məlumat aydın verilməyibdir. Burada transkripsiya, translyasiya nədir, mahiyyəti nədir – bu haqda heç qısa da olsa məlumat verilməyib. Əslində, qısaca olsa belə qeyd edilməlidir: “Transkripsiya – “üzünüköçürmə”, “translyasiya” – “ötürmə, yayımlama” deməkdir. Translyasiya – m-RNT-dəki nukleotidlər ardıcıllığının zülalda amin turşuları ardıcıllığı şəklində yerləşməsi deməkdir”.

Cavab: İrad əsassızdır. Çünki “irad” “Biologiya – 9” dərsliyində verilmişdir. Şagird bu biliklərlə aşağı sinifdən tanışdır: Biologiya 9. Səh. 55.

İrad: səh. 45-də yazılıb: 2600 kc enerjinin 1160 kc istilik+1440 kc ATF şəklində verilib. Ancaq bütün əvvəlki ədəbiyyatlarda, testlər bankındakı məsələlərdə və s. mənbələrdəki kimi 2600 kc (55%)-i isə ATF şəklində toplandığı kimi göstərilməlidir. Oksigenli mərhələ qlikolizdən 20 dəfə effektli kimi yazılmalıdır. Burada nə faizlər, nə də bu mərhələnin effekti, yanma ilə müqayisəsi barədə qısaca da olsa məlumat verilməyib.

Cavab: İrad əsassızdır. ATF-in hər makroergik rabitəsində 40 kC enerji saxlanılır. Ona görə də 36X40 = 1440kC edir.

İrad: səh. 26-da yetkin erkək arı (2n), cavan erkək arı (n) kimi göstərilib. Bu elmi səhvdir. Yəni böyüyəndə n çönüb 2n olur? Əslində, erkək arının necə yaranması bu cürdür. O meyoz yox, mitoz yolla çoxalır. Buradakı kimi.

Cavab: Cavan erkək arı mayalanmamış yumurtadan inkişaf etdiyinə görə onlarda xromosom yığımı (n)dir. Sonradan isə onlarda xromosom sayı (2n)dir. http://www.activestudy.info/tipy-polovogo-razmnozheniya/

Bu məqamda onu da qeyd edirik ki, iradlara verilən cavablar Təhsil Nazirliyinin ekspertlərinə də göndərilibdir.

Biz onu da qeyd etmək istəyirik ki, Biologiya dərsliyi ilə bağlı müsbət ictimai rəy 80-85% təşkil edir. Bunu izləmək ictimaiyyət nümayəndələrinin öz əlindədir.

İndi isə Tarix dərsliyi haqqında...

Müəllif məqaləsində qeyd edir ki, Tarix dərsliyinə rəy verən ekspert cümlə qura bilmir, yazıda dil və üslub xətalarına yol verir. Lakin yazısında tez-tez məntiqə söykənən müəllif nəzərə almır ki, dərsliyə rəy bildirən bir şəxsin dil və üslub xətalarına yol verməsi dərsliyin də aşağı səviyyədə olması anlamına gəlmir. Bundan başqa, əgər axtarsaq, Azər Həsrətin öz məqaləsində də xeyli sayda üslub və qrammatik xətalar göstərə bilərik.

Nəhayət, Azər Həsrətin öz yazısının son cümlələri ilə müxtəlif dövlət qurumları və aparıcı dövlət xadimlərini qarşı-qarşıya qoymağa cəhd etməsi məsələsinə gələk. TN və DİM-in mütəxəssislərinin rəyləri, ictimai müzakirələrə qoşulan digər elm-təhsil müəssisələri mütəxəssislərinin müsbət rəyləri Azər Həsrətin fikirlərinə görə obyektiv deyilmiş. Bu azmış kimi, yazıda görkəmli dövlət xadimlərinin adlarının bu məsələyə qarışdırılması böyük yanlışlıqdır. Məgər bu qədər dövlət qurumları, aidiyyəti orqanlar olduğu halda bütün həll edilməyən problemlər bu instansiyalaramı yönləndirilməlidir? Məgər bunun özü də məqalə müəllifinin məqsədini (diqqət çəkmək məqsədi də əlavə olunmaqla!) göstərmirmi? Bu məqsədə daha bir faktı əlavə edək: Azər Həsrətin hüquqlarını müdafiə etdiyi müəlliflərdən biri onun həyat yoldaşı Almaz Həsənovadır. Müəllif obyektiv olsa idi, ən azından, bunu da qeyd etməli idi.

Bir də son olaraq: maraqlıdır, görəsən, bir zamanlar prezident əleyhinə danışan, yazan Azər Həsrət nə oldu da birdən-birə mövqeyini dəyişdi? Bizcə, ilk növbədə, bu məsələ barədə düşünmək lazımdır.

“Şərq-Qərb” nəşriyyatı, Müəllif heyəti



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu