Qız qızıl alma, qızı gözdən salma...- ARAŞDIRMA




Ailələrdə qız uşaqlarının dəyərini necə artırmalı?



Bu yazı başqa mövzuda işlənəcəkdi, giriş başqa olacaqdı. Lakin bu günlərdə ölkə gündəmini sarsıdan hadisə bizi təəssüfləndirməklə bərabər, yazımızın girişini də dəyişdi. Mövzumuz qız uşaqlarının dəyərinin təşviqidir. Yazıya girişi isə nə yazıq ki, qız olduğu üçün nənəsi tərəfindən bədəninə iynələr sancılıb su quyusuna atılaraq öldürülən 6 günlük körpə haqda verməli oluruq. Hələ adı qoyulmamış, ailə adətinə uyğun olaraq altıgünlüyü keçirilən körpənin öldürülməsinin arxasında məhz ailənin ikinci qız övladı olduğu bildirilir. Lənkəranda baş verən hadisə böyük ictimai qınağa səbəb olsa da, təəssüflə qeyd etməliyik ki, birinci hal deyil. Bundan əvvəl dəfələrlə şahidi olmuşuq, oxuyub bilmişik ki, hətta müasir Azərbaycan ailələrində belə qız övladlarına qarşı ayrı-seçkilik var, ikinci, üçüncü qızlarının dünyaya gəlişi bəzi ailələrin dağılmasına səbəb olub. 3-4 aylıq olan qız uşaqları ana bətnindəcə məhv edilir, ananın sağlamlığına, həyatına təhlükələr yaransa belə, ailələr buna çox asanlıqla gedirlər.

Qızlar sürətlə azalır: qorxulu statistika

Azərbaycanda qız və oğlan uşaqlarının sayında disbalansın pozulması halı əsasən ötən əsrin 90-cı illərindən daha qabarıq müşahidə olunmağa başlayıb. Azərbaycan cəmiyyətinə ta qədimlərdən “oğul düşmən çəpəridir” kimi bir stereotip, mentallıq hakim kəsilsə də, bu mənfi tendensiyanın 21-ci əsrdə daha sürətli təzahür tapması, həqiqətən çox düşündürücüdür. Rəqəmlərə diqqət yetirək. 1961-ci ildə respublikada hər min kişiyə 1090 qadın düşürdü. Bundan sonra qadınların sayı azalmağa başlayıb. Belə ki, 1971-ci ildə bu rəqəm 1059-a, 1981-ci ildə 1051-ə, 1991-ci ildə 1048-ə, 2001-ci ildə 1043-ə, 2011-ci ildə 1015-ə, nəhayət ötən il isə 1007-yə düşüb. Rəqəmlərdən də görünür ki, müstəqillik dövründə qız uşaqlarının sayında kəskin azalma tempi müşahidə olunur. Bu da səbəbsiz deyil. Belə ki, ötən əsrin 90-cı illərindən başlayaraq dölün cinsini 12 həftəlik hamiləlikdən sonra müəyyən edə bilən tibbi cihazların kəşfi, valideynlərə gələcək övladları ilə bağlı “seçim” etməyə imkan yaratdı. Bu dövrdən başlayaraq, selektiv abortlar geniş vüsət aldı. Oğlan uşaqlarına olan ənənəvi “sevgi” qız uşaqlarının ana bətnindəcə məhvinə yol açdı. Bu isə öz növbəsində demoqrafik vəziyyəti dəyişdi, ölkənin genefondu üçün ciddi təhlükələrə gətirib çıxardı.

Qeyd etmək yerinə düşər ki, abortlar, o cümlədən selektiv abortlar bütün dünyada bir problem olaraq özünü göstərməkdədir. BMT Əhali Fondu artıq neçə illərdir ki, bununla bağlı həyəcan təbili çalır. Azərbaycan selektiv abortların sayına görə lider ölkələrdən biridir. Bu, bir tərəfdən uşağın cinsiyyəti ilə bağlıdırsa, digər tərəfdən cinsi və reproduktiv sağlamlıqla əlaqədar dövlət proqramlarının çatışmazlığı ilə izah oluna bilər.

Qanunvericilikdə cəza var, amma...

Bioloji Demoqrafik normalara görə, hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Respublikamızda doğuşlar artıq bu rəqəm üzərindədir. Lakin qız uşaqlarının sayının azalması tendensiyası bu tempdə davam edərsə, onda Azərbaycanın gələcək genefondu ciddi təhlükə qarşısında qala bilər. Bəs Azərbaycan qanunvericiliyi bu haqda nə deyir? Ölkə həyatını idarə edən qanunlarda qız uşaqlarına qarşı hər hansı ayrı-seçkilik varmı? Abortlarla bağlı hansı qaydalara riayət olunmalıdır?

Öncə qeyd edək ki, Azərbaycan Konstitusiyası qadın və kişilərin bərabər hüquqluluğuna təminat verir. Yəni, gender bərabərliyi konstitusiya ilə təmin olunub. Cinslər arasında ayrı-seçkiliyə yol verilmir. Eyni zamanda qanunlarımız abortları da qadağan etmir. Abortlar qanuni sayılır və onların 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyə kimi vaxt ərzində isə yalnız stasionarda aparılmasına icazə verilir. Təbii ki, bu göstərişə heç də hamı əməl etmir. Abortun ev şəraitində, eləcə də 12 həftəlik müddət ötəndən sonra aparılması faktları da az deyil. Azərbaycan Respublikası CM-nin 141-ci maddəsində qanunsuz abort etməyə görə cəzalar nəzərdə tutulub.

Mehriban Zeynalova: “İndi də oğlanlara qarşı ayrı-seçkilik etməyək”

Lakin olduqca yüngül (bir çox hallarda pul cəriməsi və islah işləri) cəzalar mütəxəssilər tərəfindən tənqid edilir və daha ağır cəzaları nəzərdə tutan maddələrin qanunvericiliyə salınması təklif olunur. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, ümumiyyətlə qız və ya oğlan uşaqlarının birinin digəri üzərində üstünlüyü və ya birinin digəri qarşısında naqisliyi kimi anlam olmamalıdır: “Biz bu gün qız uşaqlarının üstünlüyü şüarı ilə işə başlasaq, yeni bir ayrı-seçkilik yarada bilərik. O baxımdan sadəcə dünyaya gələn uşağa cins anlamı kimi deyil, övlad, insan anlamı kimi yanaşma sərgiləməliyik. Hazırkı dövrdə qız uşaqlarının ana bətnində cinsə görə öldürülməsi ölkənin genefonduna ciddi zərbə vurur. Əslində bununla bağlı qabaqlayıcı tədbirlər kimi yaxşı övlad, gərəkli vətəndaş devizi altında bir cinsin digəri üzərində üstünlüyünü aradan qaldırmağa yönələn filmlər, sosial çarxlar və təbliğatlar aparmaq olar. Sterotiplər və mental düşüncəyə görə, oğlan valideynin gələcəyinin təminatçısıdır. Lakin gündəlik həyatda əksər qız övladlarının öz valideynlərinin ahıl çağlarında onlara daha çox dəstək olduqlarını görürük. Belə yaxşı nümunələrin təbliği ilə qız uşaqlarının ana bətnində ölüdürülməsi faktı ilə bağlı ictimai şüurda dəyişiklik etmək mümkündür. Qız uşaqlarının ana bətnində öldürülməsi iqtisadi məsələ deyil, bu daha çox əxlaqi-mənəvi məsələlərdən doğan fobiyadır, qorxudur. Lakin qız övladlarını yaxşı tərbiyə edən bilən valideynin hər hansı qorxu və əxlaq problemi ilə bağlı böhran və stress keçirmədən həyatını yaşaması mümkündür. Qız uşaqlarının aşırı dərəcədə sərbəstliyinin məhdudlaşdırılması və ya aşırı azadlığı bəzən kifayət qədər qeyri-əxlaqi məsələlərə gətirib çıxara bilir. Deməli, qız uşaqlarının tərbiyəsində metod və üsulları dəyişmək gərəkdir”.

Qənirə Paşayeva: “Qızların ana bətnində məhvinə qarşı ciddi mübarizə aparılmalıdır”

Millət vəkili Qənirə Paşayeva da məsələyə münasibət bildirib. Saytımıza açıqlamasında Q.Paşayeva deyib ki, ana bətnində qız uşaqlarının məhz qız olduğu üçün qətlə yetiriılməsinə qarşı ciddi mübarizə aparmalıyıq: “Dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verilməlidir. Bu qorxulu tendensiyaya qarşı sərt mübarizənin aparılması vacibdir. Biz qadına münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır. Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. "Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladının ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır. Buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Ancaq çox təəssüf ki, bizdə bu proses gedirdi və ana sağlamlığını da məhv edirdi. Bu qadınlara qarşı ayrıseçkiliyin başlanğıc nöqtəsidir. Ancaq əsas məsələ odur ki, cəmiyyətlə iş aparılmalıdır. Əsas məqsəd övladın qız və ya oğlan olması deyil, məqsəd yaxşı övlad yetişdirmək olmalıdır. Bu selektiv abortlar demoqrafik göstəricilərə də yansıyıb. Son illərin statistikasına baxsaq, oğlanların sayı artır, qızların sayı azalır. Bu statistika elə bu istiqamətdə də davam etsə, problemin gələcəyini düşünmək mümkündürmü? Biz bəzi ölkələrin bu sahədəki təcrübəsindən dərs çıxartmalıyıq və buna yol verməməliyik”.

Yekun olaraq nəticə budur ki, Azərbaycan ailələrində qız uşaqlarının dəyərinin artırılması ilə bağlı maarifləndirici tədbirlərin sayı artırılmalı, arealı genişləndirilməlidir.

Qeyd: Bu yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən içra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihə çərçivəsində müsabiqəyə təqdim olunur.

Rafiq ŞALBUZOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu