Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqi barədə




Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bir çox qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.

Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, “Psixoloji yardım haqqında” qanun layihəsi tam hazırdır. Bu layihənin parlamentin payız sessiyasında I oxunuşda müzakirəyə çıxarılması mümkündür.

Ə.Əmiraslanov qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulu ilə bağlı artıq spiker Oqtay Əsədovla danışıqlar aparılıb: “Onun da fikri belədir ki, artıq bu məsələni sona çatdırmaq lazımdır. Çalışacağıq ki, bu məsələni payız sessiyasında başa çatdıraq. Bu qanun layihəsi üzərində iş gedir, dəyişiklər edilib”.

Ə.Əmiraslanov qeyd edib ki, bu sessiya dövründə müxtəlif layihələr üzrə dinləmə keçiriləcək. Dinləmələrdən biri “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı olacaq: “Bu məsələ ilə bağlı müxtəlif müzakirələr aparılır. Bunu “Əhalinin sağlamlığı haqqında” qanun layihəsi ilə uyğunlaşdırmaq çətindir. Ona görə də müstəqil qanun layihəsi kimi qəbul ediləcək. Digər dinləmə ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı olacaq. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı ciddi tədbirlər görülür. Pilot ərazilərdə çox ciddi işlər görülür, müalicə olunan xəstələrlə görüşlər zamanı əhali son zaman bu xidmətdən razılığını bildirib. Şübhəsiz ki, burada problemlər çoxdur. Demək olmaz ki, bu problemlərin hamısı həll edilib. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çox aktiv işləyir. Mobil və çalışqan komanda bu istiqamətdə işləyir. Genişləndirilmiş iclasda müxtəlif aidiyyəti təşkilatlardan da nümayəndələr iştirak edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu