Qısa “xoşbəxtlik”lərdən “doğulan” bədbəxt qadınlar- HƏYAT HEKAYƏSİ




Son illərdə Azərbaycanda qurulmadan dağılan ailələrin sayı ilbəil artır. Onların sırasında yaxından tanıdığım bir ailə də var. Üç övladı ilə təkbaşına mücadilə aparmağa məcbur olan Cəmilə Qarayevanın (adlar şərtidir) həyat hekayəsini dinlədikcə biganə qala bilmirsən:



“Biz yoldaşımla yaxın qohum olmuşuq. Ailələrimizin istəyi ilə evləndik. İlk övladımız dünyaya gəldi və mehribanlığımızı daha da artırdı. Yoldaşım da yaxşı pul qazanırdı, evimizi qurub əskiklərini düzəltdik. İkinci və üçüncü uşaqlarımız olandan bir müddət sonra onlarda talassemiya xəstəliyi aşkarlandı. Məlum oldu ki, bu qohum evliliyin nəticəsidir. Uşaqların müalicəsi, əməliyyatları xeyli əziyyət bahasına başa gəldi. İndi də hər ay onlara qan vurulur. Olmasa ölə bilərlər. Maddi sıxıntılar, qohumların kənar təsirləri evdə ciddi söz-söhbətlərə səbəb olurdu. Sonda yoldaşımın başqa qadınlarla münasibətlərini öyrənəndə isə ona qarşı fikirlərim bütün dəyişdi və qisas almaq qərarına gəldim”.

Uğursuz qərarın acı nəticələri

Cəmilənin faciəsi də elə burdan başlayır. Ərinin ona xəyanətinə xəyanətlə cavab vermək fikirləri qadını rahat buraxmır. Və nəhayət, çox asanca, evindən çıxmadan, sosial şəbəkədə özünə “həmsöhbət” tapır. Əri evdə olmayanda vaxtını komputer arxasında keçirən Cəmilənın evdəki davranışları yavaş-yavaş dəyişir və ətrafdakıları şübhələndirir. Günlərin birində evə tez gələn ərinin onu “Skype”da başqa biri ilə danışdığını görməsi isə hər şeyə son qoyub. Və ya əksinə, bütün yaşadıqlarının üstündən xətt çəkərək yenidən həyata başlamağa vadar edib. Amma bu dəfə yolu təkbaşına getməli olacaq.
İndi əməlindən çox peşman olan Cəmilənin geri qayıtmaq şansı da sıfıra enib. Çünki nə yoldaşı onu qəbul edir, nə də yaxın ətrafı. Yaşadığı qəsəbədə hər kəs onu ailəsinə xəyanət edən qadın kimi barmaqla göstərir. Ancaq insanların bədbəxtliyinə, ailə dəyərlərinin itməsinə gətirən amillər heç kimi maraqlandırmır.
İnformasiya əsrinin tələblərini ödəyən internet bizə həm də ciddi bəlalar gətirir. Öncə media uşaqların internet asılılığından, şəbəkə oyunlarına aludə olmasından daha çox danışırdısa, bu gün sosial şəbəkələrin “köməyi” ilə yaranan münasibətlər, ailələrdə üzə çıxan ciddi problemlər digər xəbərləri üstələyir. Yəqin Cəmilənin həyat hekayəsini oxuyarkən siz də yaxınlığınızda tanıdığınız bu cür şəbəkə aludəçisi olan qadınları xatırladınız. Çünki onlar barmaqla sayılacaq qədər deyil. Təəssüf…

Biznes imkanları, yoxsa...

İstəsək də, istəməsək də artıq icazəsiz-filansız evimizə girən sosial şəbəkələr informasiya mübadiləsi aparmaq, uzaqda olan qohum-əqraba ilə danışmaq, biznes qurmaq imkanı verir. Bunun nəyi pisdi ki, deyə düşünəcəksiz. Razıyam. Amma nəzərə alsaq ki, şəbəkələrdən çirkin məqsədlər üçün istifadə edənlər də çoxdu, onda problemə bir addım yaxınlaşmış olarıq. Bu yaxında bir həkim dostumuzla anaların uşaqlara diqqəti mövzusunu müzakirə edirdik. Az qala hər gün uşaqları məktəbdən götürərkən müşahidə etdiyi iki valideyn tipini təsvir etdi:
“Rus dilli bölmədə təhsil alan uşaqları qarşılayanda görürsən ki, analar necə sevinclə onları salamlayır, dərs günündən təəssüfatlarını soruşur. Uşaq danışanda da həvəslə ona qulaq asır, yeri gələndə məsləhətlərini verir və s. Azərbaycan bölməsindən çıxan uşaqların anasına baxırsan, bir əli ilə uşağın qolundan tutub dartır,o biri əlində isə telefonda nəsə yazır və ya danışır. Uşağın nə danışmasına, nə istəməsinə fikir belə vermir”.
Həkim danışdıqca mən ancaq təsdiqləyirdim. Çünki əks arqumentim, nümunəm yox idi. Əlbəttə, istisnalar həmişə var. Ancaq etiraf etməliyik ki,sosial şəbəkələr evlərə ayaq açandan evdəki problemlər, davalar, ər-arvad, ana-bala münasibətləri daha da kəskinləşib. Bu da sosial-psixoloji gərginliklə bağlıdır. Ailədə ünsiyyət qura bilməyəndə, dərdləşməyə adam olmayan insanlar bu aclığı başqa yerdə doldurmağa çalışırlar. Bu isə heç də hamıda uğurlu alınmır.

Görüntüyə aldanmayın!

Cəmilənin nümunəsində ailələri dağılan, ciddi məhrumiyyətlərlə üzləşənlər üstünlük təşkil edir. Bütün hallarda isə əziyyət çəkən yenə qadınlar olur. Maddi sıxıntılar, uşaqların təlabatını ödəmək kimi ağır yükü daşımalı olan qadın üstəlik cəmiyyətin tənəli baxışlarından, mənəvi kasadlığından da əziyyət çəkir. Hərdən belə hallar intihara sürükləyir. Səbəb nədir? Səbirsizlik, virtual “tanışlığa” tez güvənmək, görüntüyə aldanma. Qadınların ən böyük faciəsi budur.
Bunu da vurğulayaq ki, qeyri-rəsmi münasibətlər, virtual yazışmalar, söhbətlər şəriətimizdə də qadağan olunub. İslam dininin ali qaydalarına görə, ailədən kənar münasibətlər istər kişi, istərsə də qadın üçün haramdır. İlahiyyatçı Mənzər Ağayeva da bu fikri təsdiqləyərək sosial şəbəkələrin mənəvi və maddi zərbələrini anlatmağa çalışıb:
“Artıq bu gün virtual aləm deyilən sosial şəbəkələr vasitəsi ilə sanki ruhun sahib olduğu aləmə bənzəyən bir aləmdə bütün dünyada baş verənlər haqqında məlumatlar almaqdayıq. Burada sanki mələklərin gətirdiyi gözəl-ruhu oxşayan xəbər və görüntüləri, elm və digər səmərəli sahələr haqqında məlumatlarla birlikdə, şeytanların gətirdiyi, insanlarda şeytani və nəfsani duyğular yaradan xəbərlər də eşitməkdəyik. Qurani- Kərimdə belə bir ayə vardır ki, insan öldükdən sonra Allaha yalvarır ki, nə olar məni bir daha dünya aləminə qaytar, söz verirəm ki, yalnız Sənin buyurduğun kimi yaşayacağam. Əfsuslar olsun ki, bir daha bizlərə bu fürsət verilməyəcək. Biz social şəbəkələrdə oturaraq müxtəlif insanlarla, onlara qarşı öz münasibətimizlə imtahan olunuruq”.

Hər kəs cavab verəcək

Və bu imtahandan biz ancaq öz ağlımız və əxlaqımızla üzüağ çıxa bilərik. Ekspertimiz də hesab edir ki, problemin həlli fərdi yanaşmalardan keçir:
“Bu gün sosial şəbəkələrdə gördüklərimiz elə real həyatda baş verənlər, ətrafımızda və televiziya ekranlarında görüb, eşitdiklərimizdir. Yaşadığımız həyatın gerçəkləridir və hər kəs nəyi görüb, nəyi eşitmək istədiyini öz düşüncə tərzinə görə özü seçir. Burada da real həyatda gördüyümüz, biz insanlara xas olan müəyyən proseslər (pis-yaxşı) müşahidə olunur. Məncə burada yenə də hər kəs “özü” olmalıdır. Bizim görüb eşitdiklərimiz isə bu dünya kimi, Allahın bizi imtahan etmək üçün, göstərmək istədiyi ilğımdan başqa bir şey deyil və hər kəs öz əməl və niyyətinə görə yalnız özü cavab verəcək”.
Təcrübəmizə əsaslanaraq bir sıra problemlərdən, xüsusilə sosial məsələlərin həllindən danışanda çox vaxt müəyyən təkliflər verməkdə çətinlik çəkmirik. Ya beynəlxalq təcrübədən, ya tarixi ənənələrdən nümunə gətirərək çıxış yolları göstərə bilirik. Ancaq sosial şəbəkələrin, internetin dərinə işləyən sosial qüsurlarından danışanda bu problemlərin aradan qaldırılmasında çıxış yolu tapmağın o qədər də asan olmadığı üzə çıxır. Sosial şəbəkələrin gətirdiyi “xoşbəxtlikləri” insanlara çatdırmaq və ondan kənar durmalarını aşılamaq heç də asan məsələ deyil.

Çətin də olsa, çözümü var

Problemin kökündə fərdi düşüncə, yanaşma dayanırsa, oraya kənardan təsir etmək bir qədər çətinləşir. Ancaq düşünürəm ki, insanları, xüsusilə qadınları kompüter, mobil telefonlardan bir qədər aralı saxlamaq üçün ilk nöbvədə, onların məşğulluğunu təmin etmək lazımdır. Vacib deyil ki, onlar bu işdən pul qazansınlar. Qadınlar hansısa kursda, seminarlarda, sosial tədbirlərdə də fəal ola bilərlər. Belə olarsa, onların sosiallaşma ehtiyacları da ödənər və şəbəkələrdən uzaqlaşa bilərlər.
İkinci, qadınların təhsilə cəlb olunmasının məcburi tələb edən qaydaların tətbiq edilməsini zəruri sayıram. Doğrudur, bizdə qanunla orta təhsil icbaridir, ancaq təcrübədən görürük ki, heç də hamı buna əməl etmir. Qızların təhsilini başa vurmasına nəzarəti gücləndirmək lazımdır. Eyni zamanda təhsil müəssilərində sosial problemlər, ailə-məişət məsələlərini, tədris etməklə qadınları problemlərdən bir qədər uzaqlaşdıra bilərik.
Üçüncü, sosial şəbəkələrdə pozuculuqla məşğul olan insanların qanunvericiliklə sərt cəzalandırılmasını nəzərdə tutan müddəaların tətbiq edilməsi insanları belə əməllərdən çəkindirə bilər.
Dördüncüsü, sosial şəbəkə istifadəçilərinin artması və fəaliyyət istiqamətləri göstərir ki, onların əksəriyyəti ailədəki boşluqlardan yaranır. Ona görə də hesab edirəm ki, ailə psixoloqlarının işinin gücləndirilməsi, pulsuz psixoloji xidmətlərin təşkili problemin həllinə yardım edə bilər.

Fərqanə ALLAHVERDİQIZI

Məqalə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu