İdris İsayev: “Azərbaycan təbii artım göstəriciləri yüksək ölkələr sırasına daxildir”




Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə diaqnostik təlimlə (CDS) bağlı ilkin missiyası ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son illər dünya iqtisadiyyatında baş verən mürəkkəb proseslərin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar və əldə olunan uğurlu nəticələr barədə məlumat verib. Nazir müavini respublikamızda aparılan siyasətin sosialyönümlü olduğunu və iqtisadi islahatlar zamanı da sosial amilin ön planda saxlanılıdığını vurğulayıb. O, sosial sahədə ötən dövr ərzində ciddi islahatların aparıldığını, bütün sosial proqramların hazırkı günə kimi tam icra olunduğunu, ixtisarın olmadığını və bundan sonra da tam icra olunacağını bildirib.

Ölkəmizdə reallaşdırılan sosial proqramların qabaqcıl dünya təcrübəsinə əsaslandığını bildirən İ.İsayev diqqətə çatdırıb ki, əsas vəzifələrdən biri də həmin proqramların icrasında şəfaflığının təmin edilməsidir: “Son illərdə əmək və sosial müdafiə sisteminin elektron infrastruktur üzərində formalaşdırılması təmin olunub və əhaliyə xidmətlərin elektron müstəvidə göstərilməsi həmin sahələrdə şəffaflığın təmin edilməsinə imkan verir. Əlilliyin qiymətləndirilməsi proseduru da elektron sistem üzərindən şəffaf şəraitdə həyata keçirilir”. Nazir müavini sığorta-pensiya sistemində aparılan islahatlardan da bəhs edib, ölkəmizdə bu sistemin tam avtomatlaşdırıldığını, pensiya təminatında sosial sığorta prinsipinin gücləndirildiyini və pensiya sistemindəki son dəyişiklikləri diqqətə çatdırıb.

İ.İsayev ünvanlı dövlət sosial yardımı sisteminin də elektron əsaslar üzərində tam şəffaflaşdırıldığını qeyd edərək, bununla yanaşı, ölkədə aztəminatı ailələrin passiv tədbirlər vasitəsilə deyil, daha çox aktiv məşğulluq tədbirləri vasitəsilə dəstəklənməsinin əsas hədəflərdən olduğunu vurğulayıb. O, icra olunan özünüməşğulluq proqramı barədə məlumat verərək, bu proqramın aztəminatlı əhalinin tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçidinə imkan yaratdığını, gələn ildən bu proqramın əhatə dairəsinin xeyli genişləndiriləcəyini bildirib.

Nazir müavini ölkəmizdə “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunmasının əhəmiyyəti barədə də məlumat verərək bu sistemin əsas məqsədi işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi və ona əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsi olduğunu, sistemin səmərəliliyinin bu iki komponentin qarşılıqlı və əlaqəli fəaliyyətində olduğunu qeyd edib. O, işsizlikdən sığorta sistemi vasitəsi ilə əldə olunan vəsaitlər işaxtaran vətəndaşların aktiv məşğulluq tədbirlərində iştirakını təmin edəcəyini və əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayacağını bildirib.

O, ötən dövr ərzində demoqrafik meylləri nəzərə alaraq, yeni iş yerlərinin açılması istiqamətində məqsədyönlü addımların atıldığını bildirib. Yeni yaradılmış iş yerlərinin 76 %-i regionların, 88%-i iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür. Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunun artmasına təsir göstərdiyini vurğulayıb: “Azərbaycan təbii artım göstəriciləri yüksək ölkələr sırasına daxildir. Təbii artım əmsalı 1,2-dir. Əmək qabiliyyətli əhalinin sayı üzrə də dünyada qəbul olunmuş göstəricilərlə müqayisədə Azərbaycanda bu rəqəm 10 faiz yüksəkdir. Yəni əhalinin 63,6 faizi əmək qabiliyyətli yaşda olan şəxslərdir. Buna baxmayaraq işsizliyin ölkədə 5 faiz civarındadır. Yaxın 5 il ərzində Azərbaycanda işsizliyin artmayacağı, əksinə, daha da azalmağa doğru meyllənəcəyi gözlənilir. İstər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində, istərsə də ölkənin Məşğulluq Strategiyasında əsas məqsəd olaraq yeni iş yerlərinin yaradılması və gənclərin məşğulluğunun təmin olunması hədəflənib”.

İ.İsayev nazirliyin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, peşə satandartlarının hazırlanması barədə də məlumat verib.

Missiyanın rəhbəri, AİB-in İqtisadi analiz və əməliyyatlara dəstək şöbəsinin direktoru Edimon Ginting ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatların onda böyük maraq doğurduğunu qeyd edib. E.Ginting ümumi olaraq diaqnostik təlim və onun metodologiyası, zaman çərçivəsi və potensialın artırılması ilə bağlı seçimlər barədə, qeyd olunan təlim prosesində biliklərin ötürülməsi haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycanda iqtisadi dayanıqlığın təmin olunması şəraitində əmək bazarının inkişafı, iş yerlərinin yaradılması sahəsində görülən işlər, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, məşğul əhalinin təhsili və s. məsələlər müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu