“Azəristiliktəhcizat” ASC-nin ənənəvi qış vədi: istisinə qızınmasaq da…




Havaların kəskin soyuması mənzillərin və sosial təyinatlı obyektlərin istiliklə təchiz edilməsi məsələsini yenidən gündəmə gətirdi. Çünki fərdi qazanxana sistemi olmayan məktəb, uşaq bağçası və ya digər sosial obyektlər yenə də elektrik sobalarının ümidinə qaldı. “Azəristiliktəhcizat” ASC isə qızınmaq üçün qış rejiminə keçidi - noyabrın 15-ni gözləməyi tövsiyə etdi.

O da bəlli oldu ki, “Azəristiliktəhcizat” “Azəriqaz” İstehsalat Birliyinə olan borcunu tam ödəməyib. Borclu isə borclunun sağlığını istəmir, qazanxanalara “mavi yanacağ”ın verilməsi üçün borcun 1 aya tamamilə ödənilməsini tələb edir. Əks halda, sosial yönümlü obyektlər də daxil olmaqla yüzlərlə bina istiliksiz qalacaq. “Azəristiliktəhcizat” ASC-nin “Azəriqaz”a olan borcu isə 80 milyon manatı ötüb. Borcun müəyyən faizi hissə-hissə ödənilib, amma ötənilki qış mövsümündə yenidən borc yığılıb. Hazırda borcun məbləği 89,532 milyon manata çatıb. Beləliklə, fəsillər bir-birini əvəz edir, iki qurumun borc söhbəti hər qış ümumi qazanxanadan istilik alanların canına vəlvələ salır.

Bəs builki qış mövsümündə sosial obyektlər, xüsusilə uşaq bağçaları və məktəblər istiliklə təmin ediləcəkmi? İllərdir borcun altında əzilən “Azəristiliktəhcizat”ın noyabradək borcunu tam ödəməyəcəyi bəllidir.

Virtualaz.org bu suala cavab axtarıb.

Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, məktəblərin qızıdırılması və digər ehtiyacları üçün dövlət büdcəsindən vəsait ayrılır. “Azəristiliktəhcizat” ASC tərəfindən qızdırılan qazanxanalara görə ödəniş edilir. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin rəsmi hesabatında isə göstərilir ki, 2016-2017-ci qış mövsümündə Bakıda 275 məktəbi istiliklə təmin edib. Həmçinin 155 uşaq bağçasına istilik verilib. 150 səhiyyə müəssisəsi, 780 digər dövlət qurumları ASC-dən istilik alıb. Güman ki, bu il statistikada azalma və ya artım mümkündür.

Onu da xatırladaq ki, Tarif Şurasının qərarı ilə isti su təchizatı xidmətlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Cəmiyyətin özünümaliyyəlşdirmə prinsipləri əsasında fəaliyyətinin zəruriliyi, göstərilən xidmətin maya dəyəri və keyfiyyəti, istehlakçıların alıcılıq qabiliyyəti, həmçinin eyni xüsusiyyətli xidmətlərlə (kombi, elektrik su qızdırıcıları və s.) əvəz olunma imkanının mövcudluğunu nəzərə alaraq 01 aprel 2017-ci il tarixdən “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su xidmətlərinin tarifləri 1 kub metr isti su üçün əhali istehlakçıları üzrə 1,92 manat, qeyri-əhali istehlakçıları üzrə 3,10 manat müəyyən edilib. Əvvəlki tarif isə 1 kub metr üçün 40 qəpik olub. Qiymət artırılarkən ASC-nin gəlirlərinin müəyyən qədər artacağı, isti su istehsalına sərf edilən qaz, su və elektrik enerjisinin dəyərinin ödənilməsinin mümkün olacağı nəzərə alınıb. Görünən isə odur ki, bahalaşma da borcun ödənilməsi üçün yetərli olmayıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev sayta bildirib ki, ilkin mərhələdə debitor borcu olmayan qazanxanaların qazla təmininə başlanılacaq. “Mövsüm başlayana qədər borcun ödənilməsi üçün “Azəristiliktəhcizat” ASC-yə müraciət edib. Danışıqlar aparılır”, - Kərbalayev bildirib.

Mətbuat xidmətinin rəhbəri borcun məbləği ilə bağlı sualın ASC-yə yönləndirilməsini məsləhət gördü. Borclu qazanxanaların qazla təmin edilib-edilməyəcəyi sualına da cavab verilmədi.

“Azəristiliktəhcizat” ASC isə borcla bağlı problemin mətbuatda müzakirəsini istəmir. Cəmiyyətdə deyirlər ki, qış rejiminə keçiddən sonra bina və ya obyektlərin istiliklə təminatında problem olmayacaq. Vətəndaş və ya abonent cəmiyyətin borcunu deyil, istilik üçün cəmiyyətə olan borcunu düşünməlidir. ASC-nin özünü təqdim etmək istəməyən əməkdaşı onu da deyir ki, vaxtından əvvəl qış rejiminə keçmək üçün temperatur 8 dərəcədən aşağı olmalıdır. Bundan əlavə, dövlət qurumları tərəfindən müraciət edilməlidir. Qış rejiminə keçidin vaxtını ASC dəyişə bilməz. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti və ya Nazirlər Kabineti qərar verməlidir.

Qışa, qarlı-şaxtalı havalara az qalıb. “Azəristiliktəhcizat” ASC-nin fasiləsiz istilik vədinin yerinə yetirilib-yetirilməyəcəyinin şahidi olacağıq. Onsuz da hər il qışı vədlərlə qarşılayıb, təəssüflə yola salmağa alışmışıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu