Bir daha dərsliklər haqqında…


Bir daha dərsliklər haqqında…


Azər HƏSRƏT



Qaldığımız yerdən davam edirik. Dərslik məsələsini deyirəm.

Bir müddət öncə bəzi vətənsevər dostlarımızın sayıqlığı nəticəsində 10-cu siniflər üçün “Ümumi tarix” dərsliyində “Böyük Ermənistan” xəritəsinin dərc edildiyi haqqında xəbər tutmuşduq. Onu da öyrənmişdik ki, Təhsil Nazirliyi 7 min nüsxə ilə rus dilində dərc edilmiş bu dərsliyi təcili məktəblərdən yığır. Yəni özləri də nə qədər böyük bir qələt elədiklərinin fərqində idilər. Amma ox yaydan çıxmışdı, artıq belə bir faktın olması ictimailəşmişdi. Açıq şəkildə düşmən dəyirmanına su tökülmüşdü. Ona görə də biz həmin faktı öz tərəfimizdən ictimailəşdirməyi də məqsədəuyğun saydıq.


Sonra nə baş verdi? Sonra bizi ittiham edənlər meydana girdi. Şəxsən mən Facebook-da paylaşdığım qeyddə heç bir müəllifin adını çəkmədən sadəcə faktı təqdim etmişdim. Səkkiz müəllifin, doqquz ekspertin və bunların cəmi qədər başqa məsul şəxslərin dərc etdirdiyi kitabda necə ola bilərdi ki, ermənilərin qondarma “Böyük Ermənistan” xəritəsi yer alırdı? Bu suala cavab almaq istəyirdim. Həm də ümid edirdim ki, təhsil naziri Mikayıl Cabbarov şəxsən çıxıb məsələyə aydınlıq gətirəcək, bu əməli törədənləri cəzalandıracaq.

Amma bütün bunlar olmadı. Əksinə, kitabın həmmüəlliflərindən olan – son zamanlar özünü ictimaiyyətə “təhsil eksperti” kimi sırıyan Kamran Əsədov adlı birisi ortaya çıxdı, bizi – tənqid səsləndirənləri rəsmən təhqir etdi. Bu azmış kimi Böyük Roma İmperiyası dönəmində məhz elə o xəritədəki kimi Ermənistanın mövcud olduğunu sübut eləməyə girişdi! O və tərəfdarları bizi “vətənşüvən savadsız çobanlar” elan edərək öz mövqelərini müdafiə etməyə çalışdı və bu gün də çalışır.

Heyrətimiz bununla bitmədi. AMEA Tarix İnstitutu ayrıca bəyanatla çıxış edərək ümumiyyətlə tarix dərsliklərilə bağlı siyasəti tənqid etdi, məlum xəritə və onu dərc edənlərlə bağlı narazılığını bildirdi. “Böyük Ermənistançılar” bunu da topa tutdular, Tarix İnstitutu və onun çox hörmətli rəhbəri Yaqub Mahmudlunu belə aşağılayan fikirləri tirajladılar…

Bu müzakirələrin gedişində onu da öyrəndik ki, bu Kamran Əsədov, sən demə bir neçə il öncə dələduzluq üstündə məhkəməyə çəkilibmiş. Əlavə olaraq öyrəndik ki, bu adam şərəfli keçmişimizin bir parçası olan Şirvanşahları Azərbaycan tarixinin üz qarası – utanc yeri sanır. Hələ bu azmış kimi iddia edir ki, dərslik yazanda dərc etmək üçün xəritə tapa bilmirmiş…

Xəritə demişkən, məlum “Böyük Ermənistan”ın yer aldığı Roma İmperiyasının xəritəsini ha illah elədimsə, internetdə tapa bilmədim. Düzdür, Roma İmperiyasının cürbəcür xəritələri boldur. Amma Qara dənizdən Xəzər dənizinə qədər (dənizdən dənizə) ərazidə “Ermənistan”ın göstərildiyi bir dənə də olsun xəritə qarşıma çıxmadı. Bizim ilk axtarışda önümüzə çıxan xəritələrdə “Armeniya” adı var, amma dənizə heç bir çıxışı yoxdur. İndi sual olunur: necə olub ki, bu Kamran Əsədov və dəstəsi bizim axtarıb tapa bilmədiyimiz “dənizdən dənizə böyük Ermənistan” xəritəsini tapa bilib? Bəlkə məhz belə bir xəritə axtarıblar və tapmağı bacarıblar?

Tarix dərsliyində bu biabırçılıq baş verib, danılmazdır. Amma bu, yeganə belə məsələ deyil.

Bir müddət öncə “İbtidai hərbi hazırlıq” dərsliyi ilə bağlı da bənzər problem ortaya çıxmışdı. Bu il orta məktəblər üçün dərc edilmiş dərsliyə yenə də bir dələduzu pərçimləyiblər. Bəli, yanlış duymadınız.

“Trend”in 19 aprel 2007-ci il tarixli xəbərində oxuyuruq: “Aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə rüşvət almaqda təqsirli bilinən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin keçmiş komandiri polkovnik-leytenant Eyvazov Qılman Məmməd oğlunun və eyni hərbi hissənin komendant tağımının komandiri gizir Zeynalov Rauf Ələs oğlunun məhkəməsi başa çatıb…
Məhkəmə yolu ilə müəyyən edilib ki, bu şəxslər əlbir olaraq ayrı-ayrı valideynlərdən müxtəlif məbləğlərdə rüşvət almaqla onların övladlarını valideynlərin istəklərinə uyğun xidmət hissələrinə təyin ediblər”.

Bu xəbərdə “bizimki” Qılman Eyvazovdur. Adam rəsmən bu əmələ görə iki illik həbsə məhkum edilib, hərbi rütbəsi endirilib və ordudan kənarlaşdırılıb. Yəni bu adam ordunun üz qarasıdır və təbii ki, belə bir şəxs orta məktəblər üçün dərslik yazmağa cəlb edilə bilməzdi. Amma edilib…

Üçüncü bir məsələ isə 10-cu sinif üçün “Biologiya” dərsliklərilə bağlıdır. Bu haqda bir neçə dəfə yazmışdım. Təkrar yazmağı və sonadək bu məsələnin üzərində durmağı da təhsilimiz, gələcəyimiz üçün önəmli hesab edirəm.

“Biologiya” dərsliyindəki problem ondan ibarət idi ki, hazırda dərc edilib orta məktəblərə paylanmış bu kitabda təkcə iki bölmədə 42 elmi səhv aşkarlanmışdı. Hələ dərslik dərc edilmədən bununla bağlı Təhsil Nazirliyinə, ardından da iki dəfə ölkənin Birinci vitse prezidentinə şikayət edilsə də heç kim şikayətçiləri çağırıb dinləməmiş, şablon rədd cavabı verməklə məsələni qapatmağa çalışmışdılar. Maraqlıdır ki, konkret əsaslandırılmış elmi səhvlər belə qulaqardına vurularaq kitab təkidlə dərc edildi və hazırda orta məktəblərdə işlədilir.

Biz öncəki yazılarımızda burada qaranlıq məqamların, korporativ maraqların və subyektiv amillərin olduğunu yazmışdıq. Bunu yazmaq üçün ciddi şübhələrimiz vardı. Bir müddət öncə baş verən bir olay bizim şübhələrimizin əsassız olmadığını təsdiqlədi.

Hələ yayda ölkənin Birinci vitse prezidentinə digər müəllif qrupunun ünvanladığı şikayətə verilən cavab şikayət edənlərin ev ünvanına deyil, onların iş yerlərinə göndərilmişdi. Onda buna çox da bənd olmadıq, düşündük ki, yəqin məktubun tez yetişməsi üçün ediblər. Lakin ikinci dəfə edilən şikayətin cavabıyla bağlı baş verənlər tamam başqa mətləblərdən xəbər verir.

Professor Məcnun Babayev, Əməkdar müəllim Almaz Həsrət (mənim xanımımdır – A.H.) və Eynulla Musayev təkrar Birinci vitse prezident Mehriban Əliyevaya müraciət edərək şikayətin Təhsil Nazirliyində ümumiyyətlə araşdırılmadığını bildirmişdilər. Birinci vitse prezidentin katibliyi şikayəti araşdırmaq üçün təkrar Nazirliyə yönəltmişdi. Amma bu dəfə də araşdırma aparılmamış, şikayətçilər dəvət edilməmiş, sadəcə şablon rədd cavabı verilmişdi. Yəni Birinci vitse prezident təkrar aldadılmışdı…

Şikayətlə bağlı naqislik təkcə bununla bitmir. Naqislik həm də ondadır ki, rədd cavabını Təhsil Nazirliyinin mətləbə dəxli olmayan bir struktur vahidinin nümayəndəsi imzalayıb. Digər naqislik isə ümumiyyətlə bu adamların dövlət idarəetməçiliyini ayaqlar altına atmasından xəbər verir. Görün, nə baş verib.

Şikayətçilər öz məktublarında ünvan olaraq yaşadıqları yeri göstərmişdilər. Yəni öz iş yerləri haqqında heç nə yazmamış, cavab üçün də ev ünvanını qeyd etmişdilər. Məntiqlə cavab da bu ünvana gəlməliydi. Amma belə olmadı.

Almaz Həsrətin adına olan cavab… onun iş yerinə – Təhsil İnstitutuna gəldi. Bu da əsas məsələ deyil. İş ondadır ki, ona ünvanlanan cavab məktubunun orijinalı deyil, surəti şəxsinə təqdim edildi…

Deməli, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Elnur Əliyevin imzasıyla (məsələnin bu adama nə dəxli var axı?.. – A.H.) daxil olan cavab məktubu Təhsil İnstitutuna gəlib, orada açılıb, orijinalı qurumda saxlanılıb, surətini isə İnstitutun rəhbər şəxslərindən olan Faiq Şahbazlı Almaz Həsrətə təqdim edib…

Yəqin, bu da oxucuya bir şey demədi. Amma indi mən yazım, siz də bilin ki, bu nə deməkdir.

Məsələ ondadır ki, Faiq Şahbazlı bu dərslik məsələsində maraqlı tərəflərdən biridir və əlindən gələni edir ki, şikayətlər ört-basdır edilsin. Çünki bu adam uzun illər Nazirlikdə dərslik şöbəsinin müdiri olub, oradakı bəzi işçilər hələ də bunun sözünü yerə salmırlar, üstəlik də builki “qalib” “Biologiya” dərsliyinin həmmüəlliflərindən biri bu adamın qızı Könül Mahmudovadır.

İndi sual edilir: niyə Nazirlik şikayətçinin məktubuna cavabı maraqlı tərəflərdən birinin vasitəsilə çatdırır? Burada məntiq hardadır? Görəsən, bunların hansı marağı var ki, belə bir əndrəbadi yol seçirlər?

Bütün bunların ardından daha bir önəmli amili qeyd etməkdə yarar var. Adı keçən hər üç dərslik “Şərq – Qərb” nəşriyyatında çap edilib. Yəni müəllif qrupunu onlar təşkil edib, kitabı yazdırıb, Nazirliyin “tender”ində “qələbə”sini təmin edib. İstər-istəməz sual edirsən ki, niyə bu nəşriyyat şəxsiyyəti şübhəli olan kəsləri dərslik yazmağa cəlb edib? Yaxud da elmi səhvləri göz deşən, bu haqda geniş müzakirələr açılmış dərsliyi dərc edir? Məncə, bu məsələlər ciddi araşdırılmalıdır.

Ümumiyyətlə isə, bu dərslik biabırçılıqları həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin diqqətini cəlb etməlidir. Heç şübhə etmirəm ki, burada həm korrupsiya, həm də dövlət təhlükəsizliyi baxımından ciddi məsələlər var. Yoxsa bir nəşriyyat öz nüfuzunu ayaqlar altına atıb dələduzluqda ittiham edilənlərə niyə kitab yazdırsın ki? Yaxud da bir nazirlik niyə belə adamların kitablarının dərc edilməsi üçün dəridən-qabıqdan çıxsın ki?

Hələlik bu qədər…

Sözardı: Təhsil Nazirliyinin “Müəllimin proqram dəftəri”ndə aşkar edilən qüsurlar da elə bil bu qurumda kimlərinsə Azərbaycan əleyhinə məqsədli işlədiyindən xəbər verir: “Bu gün mənim diqqətimi cəlb edən “MÜƏLLİMİN PROQRAM DƏFTƏRİ” oldu. Bu vəsait Təhsil Nazirliyi tərəfindən hazırlanan və bütün kitab satış müəsisələrinə paylanan 2017-2018-ci dərs ilinə aid kurikulum əsasında nəfis şəkildə hazırlanmış proqramdır. Bu vəsaitin sonuncu vərəqində “İşğal altında olan ərazilərimiz” rubrukası altında qalan ərazilərimizdəki şəhər və rayonlar haqqında məlumatlar yerləşdirilib. Bu məlumatlarda rayonların işğal tarixindən başqa bütün məlumatlar təhrif edilib”. Bunu yazan və uyğun faktları təqdim edən AMEA İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılovdur…

Redaksiyadan: Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu