Nazirlikdən qeyri-qanuni əlilik təyinatı ilə bağlı səslənən fikirlərə münasibət


Nazirlikdən qeyri-qanuni əlilik təyinatı ilə bağlı səslənən fikirlərə münasibət


Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir halda imkan vermir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev parlamentin Sosial siyasət komitəsinin son iclasından sonra bəzi KİV-lərdə yer alan fikirlərə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, həmin iclasda bəzi millət vəkilləri tərəfindən səslənən fikirlərdə əvvəlki dövrlərdə, yəni elektron sistem tətbiq olunmamışdan öncə aparılmış əlillik təyinatlarının heç də hamısının şəffaf olmadığı, onların yenidən yoxlanılmasının vacibliyi ifadə edilib. E.Babayev bildirib ki, bununla belə, bəzi media orqanları yanlışlığa yol verərək, bu fikirlərin guya son illər aparılmış əlillik təyinatlarına aid olduğuna işarə vuran qeyri-obyektiv mövqe sərgiləyiblər: “Hansı ki, son zamanlar aparılan islahat tədbirləri əlillik dərəcələrinin verilməsi prosedurunun ekspert-vətəndaş təmasları olmadan, elektron sistem vasitəsilə tam şəffaflaşdırılmasına səbəb olub”.

Əvvəllər təyin olunmuş əlillik dərəcələrinin yoxlanılması ilə bağlı sözügedən iclasda qeyd edilənlərə gəldikdə isə, şöbə müdiri hazırda nazirlik tərəfindən bununla bağlı hər hansı iş aparılmadığını, lakin bu məsələyə gələcəkdə baxıla biləcəyini mümkün olduğunu diqqətə çatdırıb: “Əvvəlki dövrlərdə əlilliyi olan şəxslər hər il təkrar əlillik almaq üçün müraciət etməli olurdular. Bu da onların haqlı narazılığına səbəb olaraq, müəyyən bürokratik hallara şərait yaradırdı. Ona görə də mühüm islahat tədbiri kimi, 2016-cı il yanvarın 1-dək müəyyən edilmiş və həmin vaxtadək müddəti başa çatmamış birinci qrup əlillik sistem tərəfindən avtomatlaşdırılmış şəkildə müddətsiz müəyyən olunub, ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti isə eyni qayfa ilə beş ilədək uzadılıb. Yəni həmin şəxslərin əlilliyinin növbəti qiymətləndirilməsi 2020-ci ildə nəzərdə tutulur”.

Yeni təyinatların hansı formada aparılmasına da aydınlıq gətirən E.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi proseduru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə yerinə yetirilir. Səhiyyə Nazirliyindən elektron qaydada daxil olan müvafiq göndəriş formasının (forma 88) kimə aid olduğu və hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız xəstəlik vəziyyəti əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar verilir:

“Göndərişi vermiş səhiyyə müəssisəsinin, onu təsdiq etmiş şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar göndəriş elektron sistemə daxil olan anda həmin sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron formada onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və 2 iş günü müddətində əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Bu qərar əlilliyi qiymətləndirmiş TSEK-in üzvləri tərəfindən elektron imzalarla təsdiqlənərək geriyə - elektron sistemə ötürülür, elektron sistem isə həmin qərardan kodu götürərək, əlilliyi qiymətləndirilmiş şəxsin adını, familyasını, ata adını əlavə edərək TSERAS-a yerləşdirir”.

Şöbə müdiri vurğulayıb ki, əlilliyin qiymətləndirilməsi zamanı insan müdaxiləsini, subyektiv yanaşmaları mümkünsüz edən yeni elektron sistem mövcud əlillik qruplarının verilməsində ünvanlılığı, obyektivliyi tam təmin edir və nəticədə, ilkin əlilliyin azalması özünü göstərir:

“Cari ilin 9 ayında TSERAS-a daxil olan göndərişlər üzrə əlilliyin qiymətləndirilməsinə dair müraciətlərin hər birinə obyektiv və şəffaf şəraitdə baxılması təmin edilib və ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 23,4% azalıb. Respublika üzrə ilkin əlil hesab edilənlərin əksər hissəsini ağır dərəcəli əlilliyi olanlar təşkil edib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu