Azərbaycan Respublikasında valideynlərin hüquq və vəzifələri

Xəbərin çap versiyası
Tarix: 23-11-2017, 12:56    |    Xəbər oxunub: 668 dəfə
Azərbaycan Respublikasında valideynlərin hüquq və vəzifələri


Möhkəm ailə-möhkəm cəmiyyət deməkdir. Çünki ailə təkcə bir insanın deyil, eləcə də cəmiyyətimizin inkişafına, onun əxlaqi göstəricilərinə təsir edir. Ailə insanların ictimai-sosial aktivliyini artıran amillərdən biridir. Ona görə də bu mövzumuzda məqsədimiz ailədə valideynlərin hüquq və vəzifələrindən söhbət açmaqla bu istiqamətdə maariflənməyə nail olmaqdır.



Əvvəla onu qeyd edək ki, dünyada hər bir demokratik ölkədə qanunlar həmin ölkənin konstitusiyasında təsbit olunan müddəalardan qidalanır. Ölkədə hər bir sahədə qüvvədə olan qanunlar Konstitusiyada təsbit olunan prinsiplərə və göstərişlərə uyğun olmaq şərti ilə qəbul edilir. Buna görə də ilk öncə mövzumuzla birbaşa əlaqəli olduğu üçün ölkəmizdə ən ali hüquqi qüvvəyə malik qanun olan Konstitusiyamızın “Ailə, uşaqlar və dövlət” adlanan 17-ci maddəsinin II bəndini sizlərin diqqətinə çatdırırıq. Qeyd edilən bənddə göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bildiyimiz kimi, Azərbaycan Respublikasında nikah və ailə dövlətin himayəsindədir. Atalıq, analıq və uşaqlıq qanunlarımızla mühafizə edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasında ailə münasibətlərini və bu münasibətlərdən doğan digər məsələləri tənzimləyən qanunvericilik aktı Azərbaycan Respublikası Ailə Məcəlləsidir. Ona görə də biz valideynlərin hüquq və vəzifələri haqqında öyrənmək məlumata sahib olmaq üçün Ailə Məcəlləsinə müraciət edirik.

Hər bir ailədə valideynlər bərabər hüquq və vəzifələrə malikdirlər. Bu, Ailə Məcəlləsinin 56-cı maddəsində birbaşa göstərilmişdir. Belə ki, həmin maddədə qeyd olunur ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.

Valideynlik hüquqları necə həyata keçirilir? Bu sualımızın cavabı Ailə Məcəlləsinin 60-cı maddəsində öz əksini tapmışdır. Belə ki, həmin maddədə göstərilir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Bu o deməkdir ki. valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Valideynlər qanunla nəzərdə tutulmuş hüquqlarını müdafiə etmək hüququna da malikdirlər. Belə ki, Ailə Məcəlləsinin 63-cü maddəsində qeyd olunur ki, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının himayəsinə verə bilər.

Valideynlər (onlardan biri) ailədə vəzifələrini yerinə yetirmədikdə valideynlik hüquqlarından məhrum edilirlər. Ailə Məcəlləsinin 64-cü maddəsində göstərilir ki, öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideyn valideynlik hüququndan məhrum edilir. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə göndərməlidir.

Bununla yanaşı, valideynlik hüququndan məhrumetmənin nəticələrini də sizlərin nəzərinə çatdırmaq məqsədə uyğundur. Belə ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər. Şübhəsiz ki, qanunvericilikdə məhrum edilmiş valideynlik hüquqlarının təkrar bərpa olunmasına yol verilir. Əlbəttə ki, bunun üçün zəruri olan şərtlər mövcudur. Ailə Məcəlləsinin 67-ci maddəsində bununla bağlı konkret normalar müəyyən olunmuşdur. Qeyd edilən maddədə göstərilir ki, valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir. Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər. Valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

Bundan başqa valideynlik hüquqlarının qanunda məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu da Ailə Məcəlləsinin 68-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə göstərilir ki, məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları valideynləri (onlardan birini) bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər. Uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nın iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq məhkəmə bu qətnamədən çıxarışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə göndərməlidir.

Söhbətimizin mahiyyətindən görünür ki, dövlət və cəmiyyət ailələrin sağlam və möhkəm mənəviyyata malik olmasında çox maraqlıdır. Hər bir ailədə valideynlərin hər ikisi öhdələrinə düşən vəzifələri nə qədər yaxşı həyata keçirsələr, o ailələrdəki uşaqlar da sağlam və təmiz mənəviyyatda yetişəcəkdir. Çünki, cəmiyyətdə uşaqların əsas tərbiyəçiləri onların valideynləridir. Uşağın mənəvi cəhətdən inkişafı onun tərbiyəsinin əsas tərkib hissələrindən biridir. Başqa sözlə, fərdin mənəviyyatı ailədən və cəmiyyətdən aldığı müsbət keyfiyyətlərin ən vacib tərkib hissəsidir. Bu gün dövlətimizin maraqlı olduğu vacib məsələ mənəvi, psixoloji və fiziki cəhətdən sağlam uşaqların yetişməsidir, onların vətənə sədaqət, cəmiyyətə hörmət ruhunda tərbiyə olunmasıdır. Valideynlər unutmamalıdır ki, uşaqlar bizim sabahımızdır. Ona görə də sabahımızın aydın, parlaq və sağlam olması üçün ailədə uşaqların tərbiyəsinə ciddi önəm verilməlidir.

Günün sözü: “Hər bir insan,dünyaya yaxşı tərbiyə olunmuş ailə qədər önəmli bir miras qoya bilməz.”

Elvin ZEYNAL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur