BƏT Azərbaycanda sosial müdafiə siyasətini dəstəkləyir


BƏT Azərbaycanda sosial müdafiə siyasətini dəstəkləyir


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru xanım Olqa Kulayeva ilə görüş olub. Görüşdə BƏT-in Baş direktorunun Ofisinin əməkdaşı Frans Oye də iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması sahəsində aparılan siyasətin BMT-nin 2030-cu ilədək dövrü əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluq təşkil etdiyini vurğulayıb: “Həmin Məqsədlərdə ifadə olunan prioritetlərin hər biri üzrə ölkəmizdə fəal və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və konkret sahələrə dair dövlət proqramları çərçivəsində də bu məqsədlərin, o cümlədən inklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu nəzərdə tutan 8-ci məqsədin reallaşmasına yönələn mühüm addımlar atılır. Gələn ilin may ayında həmin məqsədin icrası ilə bağlı ölkəmizdə beynəlxalq konfransın təşkili nəzərdə tutulub. BƏT-in Baş direktoru Qay Rayderin də konfransda iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılır”.

Nazir BƏT-lə əməkdaşlıq gündəliyində əksini tapan prioritetlərin də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu qeyd edib: “BƏT-in layiqli əmək konsepsiyasının icrası prosesi də sosial tərəfdaşlığın gücləndirilməsi şəraitində davam etdirilir. Ölkədə sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə-ixtisas təhsili sistemi ilə əmək bazarının əlaqələndirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması və məhsuldar əməyə nail olunması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib istiqamətlərdə aparılan işlər layiqli əməyin əməli müstəvidə reallaşmasına zəmin yaradır”.

S.Müslümov bu sahələrdə, eləcə də aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının hazırlanması və icrasında BƏT-in dəstəyini yüksək dəyərləndirib: “2017-ci ildə ölkəmizdə aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramının icrası sahəsində ilk uğurlu təcrübə formalaşdı. 1232 ailə bu proqramla əhatə olunaraq onlara gəlirlərini artırmağa imkan verən təsərrüfatlarını yaratdı. Bu təcrübə aztəminatlı ailələrin sosial müdafiəsində məşğulluq amilinə əsaslanan aktiv istiqamətin daha da güclənməsinə səbəb olub. Gələn ildən isə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılmaqla yaranacaq yeni büdcə aktiv məşğulluq tədbirlərinin, eyni zamanda özünüməşğulluq proqramının miqyasını genişləndirməyə təminat verəcək”.

O.Kulayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, habelə BƏT-in layiqli əmək konsepsiyasının icrası, sosial dialoqun inkişafı sahəsində ölkəmizdə aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanda sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişaf etdirilməsinin BƏT tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin icrasına dair gələn ilin may ayında Azərbaycanda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün BƏT-in Baş direktoru Qay Rayderin ölkəmizə planlaşdırılan səfəri, BƏT-lə əməkdaşlığın gələcək istiqamətləri, habelə gənclərin məşğulluq imkanlarının genişləndirilməsi üçün birgə icrası nəzərdə tutulan pilot subsidiya proqramı və s. ilə bağlı müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu