Azərbaycan əhalisinin sayı açıqlandı


Azərbaycan əhalisinin sayı açıqlandı


Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min 360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 min 341 nəfərə çatıb.



Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120 min 35 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2 min 134-ü əkiz, 42-si üçəm doğulanlardır.

Cari ilin yanvar-oktyabr aylarında ölkədə 47 min 695 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
On ay ərzində qeydiyyat şöbələri tərəfindən 52 min 61 nikah və 12 min 191 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 min 599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu