Azərbaycanlı qızlardan nəcib təşəbbüs: 100-ə yaxın küçə iti üçün sığınacaq yaradılıb-VİDEO+FOTO


Azərbaycanlı qızlardan nəcib təşəbbüs:


Xaçmaz rayonunda üç könüllü qızın təşəbbüsü ilə küçə itləri üçün sığınacaq qurulub.



Bir ildir fəaliyyətə başlayan sığınacağda hazırda 100-ə yaxın it saxlanılır. Bu itlərin əksəriyyəti sığınacağa ölümcül vəziyyətdə gətirilərək müalicə olunub.

“Bir də ayıldım ki, evdəki itlərin sayı 10-a çatıb”

Sığınacağın yaradılmasının əsas təşəbbüskarlarından olan Nailə Rüstəmli Xaçmazda itlərə, eləcə də digər heyvanlara sonsuz sevgisi ilə tanınır. Heyvansevər gənc AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində layihəyə necə başladıqları barədə ətraflı danışıb:

“Bir dəfə məktəbdən evə gələndə yolda sahibsiz itin uşaqlar tərəfindən döyüldüyünü gördüm. Hətta onun gözünü çıxarmışdılar. Həmin iti uşaqların əlindən alıb evimizə gətirdim. Onu xeyli vaxt müalicə edib sağaltdıq. Sonra iti saxlamaq üçün başqa bir adama verdik. Yeni sahibi itə yaxşı baxa bilmədi və Albert adlandırdığımız həmin heyvan öldü. Çox təəssüfləndim. Qərara gəldim ki, küçədən gətirib sağaltdığım itləri hər adama verməyim, özüm onların qulluğunda durum. Çünki sağaldıb küçəyə buraxdığım itləri yenidən eyni tale gözləyirdi. Beləliklə yolda avtomobillə vurulan, xəstə, sahibi tərəfindən döyülərək küçəyə atılan itləri evə gətirib saxlamağa başladım. Bir də ayıldım ki, evdəki itlərin sayı 10-a çatıb və onların qulluğunda durmaq çətinləşib. Çünki artıq qonşular, evimizə gəlib-gedənlər narazılıq etməyə başlamışdılar”.

Valideynlərinin etirazına baxmayaraq sığınacaqda qalıb, itlərə qulluq edib

Bundan sonra ətrafına özü kimi heyvansevərləri toplayan Nailə yaralı, xəstə küçə itlərini paytaxta aparıb oradakı sığınacaqlara təhvil verib. Həmin sığınacaqlar ödənişli olduğundan itlərin saxlanılması üçün hər ay pul ödəyiblər. Sonradan Nailə və dostları qərara gəliblər ki, özləri belə bir sığınacaq təşkil etsinlər. Xaçmazda köhnə fermanı icarəyə götürən könüllülər 2016-cı ilin fevralından orada itləri saxlamağa başlayıblar. İlk vaxtlar Nailə Rüstəmli valideynlərinin etirazına baxmayaraq, özü də həmin sığınacaqda qalaraq itlərə qulluq edib. Sonradan könüllülərin dəstəyi ilə sığınacağa iki işçi təyin olunub. Onlar itlərin yemlənməsi və sığınacağın təmizliyini təmin edir.

İtlərin saxlanılmasına hər ay 2 min manata yaxın vəsait xərclənir

Buradakı itlərə vaxtlı-vaxtında bütün peyvəndlər vurulur. İtlərin yemlənməsi, müalicəsi və digər xərclər üçün hər ay 2 min manata yaxın vəsait xərclənir. Nailə Rüstəmli bildirir ki, bu vəsaiti onlara heyvansevər insanlar könüllü şəkildə verirlər. Sosial şəbəkələrdə müxtəlif qruplar (“Mərhəmətli işlər”, “Evsiz heyvanlar üçün sığınacaq”) yaradan könüllülər itlərin saxlanması, dərmanların alınması üçün kömək etmək istəyən insanlarla əlaqə yaradırlar. Həmin insanlar vəsaiti məhz bu iş üçün açılan bank hesabına köçürür və ya nağd şəkildə verirlər. Könüllülər isə sonradan mütləq həmin pula görülən işin hesabatını vəsaiti ödəyən insanlara təqdim edirlər. Bəzən isə insanlar özləri itlərin saxlanıldığı sığınacağa gəlir, onlar üçün qida və dərmanlar gətirirlər.

Sığınacaqda saxlanılan 60-a yaxın it yeni sahiblərinə verilib

“Sığınacağın təşkilində əsas iştirakçılardan biri Bakı şəhərindən yaşayan rəfiqəmdir. Sosial şəbəkələrdə işi quran, xeyirxah insanlardan, heyvansevərlərdən maliyyə vəsaitini cəlb edən həmin qızdır. Rəfiqəm adının açıqlanmasını istəmədiyindən onun haqqında məlumat verə bilməyəcəm. İtlərin sığınacağa gətirilməsi, onların müalicəsi ilə mən məşğulam. Baytarlıq ixtisası üzrə təhsil aldığımdan tibbi yardım göstərə bilirəm. Ciddi əməliyyata ehtiyac olduqda isə Bakı şəhərinə aparırıq. Regionda heyvanlara xidmət edən klinika yoxdur. Sığınacaqda bir çox işlər isə bacım Hava Rüstəmlinin öhdəsinə düşür. Əlbəttə ilk günlər itlərə baxmağıma qarşı çıxsalar da, sonradan bu işdə məni dəstəkləyən valideynlərimi də yaddan çıxara bilmərəm”, - deyə Nailə Rüstəmli vurğulayır.

Könüllülər sığınacaqda saxlanılan itlərin yeni sahiblərinə verilməsi üçün də iş aparırlar. Bu vaxta kimi 60-a yaxın it yeni sahibinə verilib. Sosial şəbəkələrdə şəkilləri görən insanlar müraciət edərək itləri saxlamaq istədiklərini bildirirlər. Könüllülər həmin adamlarla maraqlanır, onları araşdırırlar. Əmin olmaq istəyirlər ki, küçədən gətirilərək sağaltdıqları itə yaxşı baxılacaq. Bundan sonra itin yeni sahibinə verilib-verilməməsi barədə qərar qəbul olunur.

Minə yaxın itin saxlanılması üçün böyük sığınacaq qurmaq istəyirlər

Hazırda sığınacağı genişləndirmək üçün iş aparılır. İlk növbədə yeni, daha geniş sığınacaq qurmaq üçün torpaq sahəsi alınmalıdır. Bunun üçün yerli bələdiyyəyə müraciət olunub. Könüllülər torpaq sahəsi ayrıldıqdan sonra 1000-ə yaxın itin saxlanılması üçün böyük sığınacaq yaratmaq istəyirlər.

Bu barədə danışan Nailə Rüstəmli deyir: “İstəyirik ki, küçələrdə it qalmasın, onları sığınacaqda saxlamaqla bərabər, həm də axtalanmasını həyata keçirmək imkanımız olsun. Hazırda bu iş üçün itləri paytaxta aparırıq. Bu, əlavə vəsait tələb edir. Nəqliyyat və klinikanın xərcləri var. Bir it üçün 40 manata yaxın pul lazımdır. Bunu pulsuz edən klinika da var. Amma orada növbə lap çoxdur, həm də rayondan aparılan itləri axtalamırlar. Buna görə də biz ödəniş etməli oluruq. Əlbəttə, bu pulu xeyirxah insanlar ödəyirlər. Hər dəfə sponsor tapdıqda, bir qrup iti paytaxtdakı klinikaya aparıb axtalayırıq. Gələcəkdə isə sığınacağımızda şərait olarsa, biz həkimləri bura çağıra bilərik ki, itlərin axtalanma əməliyyatını həyata keçirsinlər. Həkimlər bu işi ödənişsiz, könüllülük əsasında edəcəklər. Amma əməliyyatlara lazım olan iynə və dərmanları almaq üçün maliyyə mənbəyi tapmaq lazımdır. Bununla bağlı Xaçmazda xüsusi layihə həyata keçirmək üçün müraciət etmişəm. Küçədəki itləri ancaq bu yolla azaltmaq olar”.

İtlər hər gün 100 kiloqram bişirilmiş ət yeyir

Bu nəcib işdə onlara yardım edən yüzlərlə insan var. Əksəriyyəti də sığınacaq barədə sosial şəbəkələrdən xəbər tutub. “Bizə çox inanırlar. Bilirlər ki, biz həqiqətən heyvanları sevir və onlara kömək edirik. Çünki mən 12 yaşımdan küçədə qalan heyvanlara kömək etməyə başlamışam. Buna görə də daim heyvansevər insanların əhatəsindəyəm. Sığınacağa gələndə itlər çox pis vəziyyətdə olur. Burada avtomobillə vurulan, bədəni yandırılan, üstünü yara basmış itləri sağaltmışıq. Bir dəfə sosial şəbəkədə itin döyülməsi ilə bağlı video paylaşılmışdı. Gedib həmin iti də sığınacağımıza gətirdik”, - deyə Nailə Rüstəmli bildirir. Qeyd edir ki, sığınacaqda itlərə yaxşı qulluq olunur, heyvanlara hər gün 100 kiloqram aşağı keyfiyyətli, amma bişirilmiş ət verilir.

Xaçmazlı könüllü regionda heyvanlara xidmət edən klinikada çalışmaq arzusundadır

Könüllülər sığınacağın rəsmi qaydada hansısa dövlət qurumunun və ya qeyri-hökumət təşkilatının himayəsində fəaliyyət göstərməsini istəyirlər. Nailə deyir ki, bu, onları əlavə qayğılardan qurtaracaq: “Biz də burada kadr kimi çalışarıq. Həm də bu, sığınacağımızın uzun müddət fəaliyyətini təmin edəcək. Get-gedə itlərin sayı da artır. Bizə dəstək lazımdır. Bilirəm ki, bizim böyük işlərdə çalışan, imkanlı heyvansevər, xeyirxah insanlarımız var. Onlar bu məsələyə biganə qalmazlar”.

Nailə Rüstəmli gələcək həyatını da bu sahədən kənarda görmür. O, ixtisası üzrə təhsilini bitirdikdən sonra heyvanlara baytarlıq xidmətləri göstərməklə qazanc əldə etmək istəyir. Gələcəkdə regionda heyvanlara xidmət edən klinikada çalışmaq arzusundadır. Klinika olmasa belə, fərdi şəkildə bu işi həyata keçirməkdə qərarlıdır. Çünki rayonlarda heyvanlara tibbi xidmət göstərən mütəxəssislərə böyük ehtiyac var.

Bəzilərinin küçədə daşlayıb öldürmək istədiyi itlər bir sığalla mehriban heyvanlara çevrilir

Sığınacaqda itlərin qayğısına qalmaqda Nailəyə kömək edənlərdən biri də bacısı Hava Rüstəmlidir. Hava bildirir ki, sığınacaqdakı hər bir itin adı var: “Onları adbaad tanıyırıq. Hamısının xarakterinə bələdik. Sığınacaqda elə bir it yoxdur ki, bura gələndə sağlam olsun. Əksəriyyətini ölümcül vəziyyətdə gətirmişik, neçəsi şikəstdir. Onları yemləyəndə görürsən ki, yemək qalır kənarda bizimlə oynamaq istəyirlər. Bununla sanki minnətdarlıq edirlər. Çox mehriban heyvanlardır. Burada küçədən gətirdiyimiz yüzə yaxın it var. Amma heç birində insanlara qarşı aqresiya görməzsiniz. Əslində, küçədə daşlayıb öldürmək istədiyimiz itlər bir sığalla mehriban heyvanlara çevrilir”.

Nailənin atası: “Əşyalarını yığıb dedi ki, itlər bu evdə yaşamayacaqsa, mən də çıxıb gedəcəm”

Nailənin atası Faiq Rüstəmov deyir ki, qızlarının itlərə qarşı sonsuz sevgisini bəyənsə də, ilk günlər evdə bir neçə itin saxlanması ilə razılaşmayıb. Bununla bağlı Nailə ilə söhbət edib, lakin onu inadından döndərə bilməyib. “Hətta bir dəfə ona irad bildirəndə bizdən küsdü. Əşyalarını yığıb dedi ki, itlər bu evdə yaşamayacaqsa, mən də çıxıb gedəcəm. Məcbur olub razılaşmalı olduq. İndi isə mən də bu işdə onlara kömək edirəm və bu işdən zövq alıram. Onlar artıq sığınacağın işini qurublar. Amma bir sıra çətinliklər qalmaqdadır. Məsələn, itlər üçün qida əldə etmək o qədər də asan deyil. Dəfələrlə regiondakı emal, istehsal müəssisələrinə müraciət etmişəm. Konservlər hazırlanan müəssisədən istehsaldan kənar qalan ətləri istəmişik. Amma itlər üçün istədiyimizi bildikdən sonra razılıq verməyiblər. Bundan başqa, böyük satış mərkəzləri vaxtı ötmüş makaronları və başqa ərzaqları satışdan çıxararaq geri qaytarırlar. Onları aşağı qiymətlə almaq istəsək də, razılıq əldə edə bilməmişik. Buna görə Bakıya getməli oluruq. Bundan başqa, bəzi idarələrdən gəlib burada itləri hansı əsasla saxladığımızı soruşurlar. İzah etməyə çalışırıq ki, bizim heç bir maddi marağımız yoxdur. Amma hamı bunu olduğu kimi anlaya bilmir. Bununla belə qızlar ruhdan düşmür, daha da həvəslə çalışırlar. Ümidvaram ki, bu cür sığınacaqların sayı daha da artacaq”. (AZƏRTAC)



Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:
Azərbaycanlı qızlardan nəcib təşəbbüs:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu