“İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb


“İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb


2017-ci ildə bu e-xidmətdən əvvəlki ilə nisbətən 48,3 faiz çox istifadə edilib



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48,3 faiz çox olmaqla 337 749 dəfə istifadə edilib.

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq, 2017-ci ilin dekabr ayında bu e-xidmətə müraciətlərin sayı əvvəlki noyabr ayına nisbətən 16,7 faiz, 2016-cı ilin dekabr ayına nisbətən isə iki dəfəyə qədər artaraq 41 382-yə çatıb.

Həmin e-xidmətdən istifadəyə böyük ictimai maraq onun əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsə istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verməsindən irəli gəlir. Bununla da vətəndaşların müvafiq hallarda qeyd olunan arayışı almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə ehtiyac qalmır. E-xidmətdən istifadə zamanı formalaşdırılan arayışı istifadəçi çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim edə, yaxud arayış tələb olunan təşkilata elektron yolla göndərə bilir. Arayışın təqdim edildiyi hər hansı təşkilat onun düzgünlüyünü, bu sənəddə əksini tapan məlumatların doğru olub-olmadığını portaldakı xüsusi e-xidmət vasitəsilə yoxlaya bilir.

“İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu