Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün- FOTOLAR+VİDEO


Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan milli parklarına ekoturların təşkilinə başlayıb. AFN xəbər verir ki, eko-turizmin inkişafı məqsədi daşıyan və “Təbiətimiz evimizdir” devizi ilə reallaşdırılan ilk ekotur media nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkına olub.

Nazirliyin vəzifəli şəxslərinin və Şirvan Milli Parkı rəhbərliyinin də iştirak etdiyi tur zamanı jurnalistlərə park haqda geniş məlumat verildi. Həmçinin iştirakçılar parkı bir neçə marşrutu üzrə gəzərək mövcud durumu öz gözləri ilə görmüş oldular.

Qədim şəhərin qalıqları milli parkı daha da maraqlı edir

ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Şirvan Milli Parkı haqda jurnalistlərə məlumat verərək bildirdi ki, qoruq prezident sərəncamı ilə 2003-cü ildə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərində yaradılıb və 65580 hektarı əhatə edir.
H.Əlizadənin sözlərinə görə, milli parkın ərazisində həmçinin ölkəmizin bir neçə əsrlik tarixini özündə yaşadan qalıqlar var. Belə ki, tarixi mənbələrə görə, Xəzər dənizi sahilində, indiki Salyan rayonunun ərazisində Bəndovan adlı bir şəhər mövcud olub. Bəndovan şəhərinin qalıqları hazırki Şirvan Milli Parkı ərazisindəki Bəndovan burnunda və Xəzər dənizinin bu yerlərdəki sahillərində aşkarlanıb. Ərazidə aparılmış arxeoloji tədqiqatlar zamanı müxtəlif tipli tikili qalıqları, dulusçuluq kürəsinin qalıqları, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək əşyaları, sikkələr və s. tapılıb. Dənizdən tapılmış qabların üzərində heyvan və quş şəkilləri var. Mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəyinə görə, ərazidən tapılan saxsı qab parçaları müxtəlif dövrlərə X-XVII əsrlərə, mis sikkələr isə XIV əsrin axırlarına aid olub Şirvanşahlar dövlətinə məxsusdur. Arxeoloji materiallar Bəndovanın XIX-XIII əsrlərdə yaşayış məskəni olduğunu söyləməyə imkan verir. A.Bakıxanov da hələ 1840-cı ildə Bəndovan ərazisində Sualtı şəhər qalıqlarının olduğunu qeyd edib.
Ehtimal edilir ki, XIV əsrin əvvəllərində Xəzər dənizinin suyunun qalxması nəticəsində sahildəki bir sıra şəhərlər kimi Bəndovan da sulara qərq olub.

“Milli parka daxil olmayan əraziləri də qoruyur və yaşıllaşdırırıq”

H.Əlizadə qeyd etdi ki, Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır: “Lakin biz hələ Milli Parkın ərazisinə daxil olmayan ərazilərdə belə bu şəraiti yaratmaq üçün əlimizdən gələni etmişik. Parka gedən yolun ətrafında böyük bir sahədə yaşıllıq zona yaratmışıq. Əvvəllər bomboz səhra olan ərazilərdə əkdiyimiz ağaclar 90 faiz bitib və artıq yolkənarı mənzərəli və ekoloji sərfəlidir”. Yolboyu ETSN tərəfindən yaradılan həmin yaşıllıqlar gerçəkdən də göz oxşayır.

Şirvan Milli Parkı ərazisinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.

İlin bu vaxtında ceyranlar niyə gizlənir?

H.Əlizadə jurnalistlərə ceyranların hazırda balalama dövründə olduğunu və bu səbəbdən gizləndiklərini bildirdi. Buna baxmayaraq, gəzinti boyu bir neçə dəfə ya tək-tək, ya da sürü halında ceyranları görmək mümkün idi. Nazirlik təmsilçisi onu da qeyd etdi ki, Şirvan Milli Parkında hazırda 7 mindən çox ceyran var: “Bu da o deməkdir ki, Avropa milli parkları içində ən çox ceyran Şirvan Milli Parkındadır. Biz buradan ceyranları digər milli parklara da veririk ki, oralarda da çoxalsın. Şirvan Milli Parkından insan əlinin təması tamamilə yığışdırılıb, hər şey təbiətin öhdəsinə buraxılıb”.

Parka il ərzində 230 növ quş gəlir

Şirvan Milli Parkında xüsusi marağa səbəb olan Qızılqaz gölü gözəlliyi ilə seçilir. Gölün adı burada mövsümi məskunlaşan qızılqaz quşlarının adından götürülüb. Gölün kənarında bataqlığın üzərində yaradılan müşahidə dəhlizinin altında isə müxtəlif quşların yuvaları mənzərəni daha da maraqlı edir. Parkın əməkdaşı Seymur Kərimov məlumat verərək bildirdi ki, il ərzində əraziyə 230 növ quş gəlir: “Bunlardan 8 növü suda-quruda yaşayandır. 34 növ quş nəsli kəsilmək üzrədir və onların adı “Qırmızı kitab”a düşüb. Milli parkın iki növ daimi sakini var: turac və sultan toyuğu. Turac da “Qırmızı kitab”a düşüb. Qoruq ərazisində 82 növ bitki var. Yırtıcılardan canavar, çaqqal, tülkü yaşayır. Bundan başqa, ərazidə çölpişiyi, adı “Qırmızı kitab”da olan qamışpişiyi var. Gəmiricilər sinfindən olan və dünyada nadir rast gəlinən safsar da qoruq ərazisində məskunlaşan heyvanlardandır. Qaban, oxatan kirpi, adi kirpi kimi heyvanlara da burada tez-tez rast gəlinir”.

Milli Parka turistlərin gəlişində də artım var. Ötən il ümumilikdə 1800 nəfər bura baş çəkib. Bu ilin qış fəslinə təsadüf edən ilk 3 ayında isə 500 nəfərə yaxın turist gəlib. S.Kərimovun sözlərinə görə, gələn turistlərin 40 faizini əcnəbilər təşkil edir: “Yerdə qalan 60 faizi yerli vətəndaşlardır. Əvvəllər turislərin içində xaricilər çoxluq təşkil edirdi, amma son illərdə aparılan təbliğat nəticəsində artıq ölkə vətəndaşlarının diqqəti artıb qoruğa”.

Uşaqlar üçün xüsusi guşə

Milli Parkın inzibati binasında uşaqlar üçün yaradılan guşə, pazllar da diqqətimiz çəkdi. Jurnalist övladları düzülmüş pazllardan istifadə edərək müxtəlif heyvanların görüntülərini düzəltdilər. Həmçinin qoruq ərazisində olan heyvanların, quşların kiçik maketləri uşaqlar üçün cəlbedicidir. Qoruq ərazisində mediatur davam edərkən Salyan məktəblilərinin ekskursiyaya gəlişi də maraqla qarşılandı. Milli Park əməkdaşları ilə söhbətdən aydın oldu ki, əvvəlki illərə nisbətən son illərdə məktəblilərin qoruğa ekskursiyası artıb. Şagirdlər də onlardan əvvəl qoruğa gələn yaşıdlarından bura haqda eşitdiklərini və maraqlandıqlarını dedilər. Həmçinin park ərazisində gördüklərinin onlar üçün xüsusi maraqlı olduğunu, bu gəzintidən məmnun olduqlarını bildirdilər.

P.S. Turu bitirib geri qayıdarkən milli park əməkdaşları telefon açaraq bildirdilər ki, yenicə balalamış ceyran tapılıb. Tur iştirakçıları bu mənzərəni görə bilmədikləri üçün nə qədər təəssüflənsələr də, daha bir təbiət gözəlinin dünyaya gəlişindən o qədər sevindilər.


Həbibə ABDULLA

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-

Avropanın ən çox ceyran yaşayan milli parkında bir gün-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu