Azərbaycanda 65 qadında HİV virusu aşkarlanıb


Azərbaycanda 65 qadında HİV virusu aşkarlanıb


HİV-QİÇS virusuna yoluxanlar arasında qadınların sayının artması narahatlıq doğurur. Bu ilin 4 ayında 65 qadında HİV aşkarlanıb. Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov bu gün keçirilən tədbirdə bildirib.

Mayın 20-də QİÇS-dən dünyasını dəyişənlərin anım günüdür. Muradov söyləyib ki, aprelin sonunadək Azərbaycanda HİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfər olub. “Onlardan 188 nəfəri Azərbaycan vətəndaşıdır, 5-i isə əcnəbidir. Bu dövr ərzində 46 nəfərdə xəstəlik QİÇS mərhələsinə keçib, HİV infeksiyasından 16 nəfər ölüb” direktor əvəzi qeyd edib.

Heç kim HİV-QİÇS-dən sığortalanmayıb, virusun yoluxma mənbələri də bunu deməyə əsas verir. Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heteroseksual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə HİV-lə yoluxub: “Son illərdə HİV-ə yoluxanlar arasında qadınların sayında artım qeydə alınıb. Kişilər öz ailələrində cinsi patnyorlarına bu xəstəliyi yoluxdurur. Əsasən 30-39 yaş arasında olan qadınlarda yoluxmalar daha çox müşahidə edilir. HİV-ə cinsi yolla yoluxmanı sürətləndirən amillərdən biri də cinsi partnyorların prezervativlərdən (qoruyuculardan) istifadə etməməsi, tək-tək hallarda istifadə etməsidir”.

Son statistikaya görə, respublikada 5831 nəfər HİV-ə yoluxan xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693-ü qadındır. Eldəniz Muradovun sözlərinə görə, 1987-ci ildə ilk dəfə HİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, onlardan 904 nəfəri ölüb. Qeydiyyatda olanlardan 42,2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. “Ana hamilə olan vaxtı müalicə alarsa, bu virusun uşağa keçməsinin qarşısı alınır. Bir ildə təxminən 40-50 nəfər HİV infeksiyalı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faizi isə homoseksuallardan keçib.

MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır”.

Direktor əvəzi deyir ki, ölkədə HİV xəstələrinin müalicəsinin pulsuz, dövlət hesabına aparılır. Hətta ölkəyə gələn əcnəbilərdə də HİV virusu aşkarlandıqda, onlar öz ölkələrinə deportasiya edilmir, Azərbaycanda müalicə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu