Əlillər üçün müasir reabilitasiya şəraiti yaradılacaq


Əlillər üçün müasir reabilitasiya şəraiti yaradılacaq


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında olub.

ƏƏSMN-in mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Respublika Əlillərin Bərpa Mərkəzinə gələn S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə yaxından tanış olub. Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib.

S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2017-ci il tarixli sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində hazırda yüksək texnologiyalı protezlərin hazırlanması sexi yaradılır. S.Babayev Mərkəzə gələrək, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması işlərini nəzərdən keçirib.

Sexdə müasir tələblərə uyğun şərait yaradılmaqla, dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar alınaraq quraşdırılıb. Hazırda sexin yaradılması işləri artıq tamamlanmaq üzrədir. Nazir Mərkəzin istehsal sahəsi, burada protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin hazırlanması prosesi ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.

S.Babayev Nazirliyin Mərdəkan Müalicə Pansionatında olarkən müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işlərinin daha keyfiyyətlə yerinə yetirilməsini, əlilliyi olan insanlar üçün müasir standartlar səviyyəsində reabilitasiya şəraitinin yaradılmasını tapşırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu