İftar süfrəsinə “Coca-Cola” qoymaq haramdır?..


İftar süfrəsinə “Coca-Cola” qoymaq haramdır?..


Ramazan ayının 7-ci gününü yaşayırıq. Bu ayda müsəlmanlar İslamda vacib bilinən beş şərtdən birini yerinə yetirir - oruc tutur. Şəriətə görə, oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər. Bir ay pəhriz rejiminə əməl edən insanın orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur.

Hər il insanlara orucluqla, iftar, sahurla bağlı məlumatlar verilsə də, yeni yanaşmalar ortaya qoyulur və müxtəlif suallar yaranır. Məsələn, son günlər sosial şəbəkələrdə iftar süfrəsi ilə bağlı müzakirələr gedir. İddia edilir ki, iftar süfrəsində “Coca-Cola”, “Fanta”, “Sprite”, “Pepsi” və bu qəbildən olan içkilərin olması günahdır.

Maraqlıdır, İslam dini necə buyurub? Səsləndirilən fikirlər həqiqətən doğrudumu?

Məsələ ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Modern.az-a açıqlama verib. O bildirib ki, iftar süfrələrində tərkibində spirtli içkilər olmayan bütün içkilər halaldır və iftarda içmək olar: “Sadəcə, bu gün bəzi həkimlər tibbi cəhətdən bir çox içkilərin, xüsusi ilə “Fanta”, “Cola”, “Pepsi”nin, enerji içkilərinin orqanizmə zərərini müşahidə ediblər. Bundan əlavə, həmin içkilərin zərəri barədə tez-tez əhali maarifləndirilir. Bu səbəblə bəzi şəxslər bunu o həddə qədər gətirib çıxarırlar ki, sanki bu içkilərdən istifadə etmək günah və haramdır. Allah-təala Qurani Kərimdə halal nemətləri haram hesab etməyi insanlara qadağan edib. Halalı və haramı müəyyən edib təyin edən Allah-təala, və onun Peyğəmbəridir”.

İlahiyyatçı qeyd edib ki, müasir dövrümüzdə Qurana və hədislərə istinad edən bütün islam alimləri bu içkiləri halal hesab edirlər: “Çünki İslamda belə bir prinsip var ki, əşyada əsl olan halallıqdır. Əlbəttə, qeyd olunan sular və şirələr də halal hesab edilir. Əgər onun tərkibində spirt yoxdursa, təbii ki, iftarda içmək olar. Sadəcə, bu cür içkiləri orqanizmində xəstəlik olan, həkim nəzarətində olan və həkimin icazə vermədiyi şəxslər sağlamlıqlarına görə içməməlidirlər. Bu içkilər də halal qida hesab edilir və içilməsinə aid şəri qadağa yoxdur. Bəzi həkimlər bu cür içkilərin insanı kökəltdiyini də deyirlər. Bu baxımdan tərkibində ağlı başdan alacaq maddələr olmayan bütün meyvə şirələrini, sokları iftarda içmək olar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu