Nərimanovdakı 168 saylı uşaq bağçasında BİABIRÇI VƏZİYYƏT


Nərimanovdakı 168 saylı uşaq bağçasında


Bakı şəhər Nərimanov rayonda fəaliyyət göstərən 168 saylı uşaq bağçası-körpələr evində biabırçı vəziyyət hökm sürür. Mətbuata müraciət edən bir qrup valideyn bağçada uşaqların norma qidalanmamasından, qida rasionunun təmin edilməməməsindən narahatlıqlarını bildiriblər.

İsmayıl Hidayətzadə küçəsi 160 ünvanında yerləşən və Qətibə Dəmirovanın rəhbərlik etdiyi bağçanın fəaliyyətini izləyən bir qrup valideyn iyunun 4-də günorta nahar vaxtı oraya gələrək uşaqlara verilən yeməklərlə maraqlanıblar. Məlum olub ki, dövlət tərəfindən bağçada uşaqlara verilməsi nəzərdə tutulan qidaların heç biri körpələrə verilmir: “Bağçada hər uşağa görə aylıq 50 manat pul yığılır. Üstəlik, hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Hər səhər uşaqlara şor-çörək və çay, günorta sup və ya dovğa, axşam isə mannı sıyığı verilir. Əksər uşaqlar da bunu yemir. Uşaqlara meyvə, yumurta, süd kimi vitaminli heç nə verilmir. Biz bir neçə valideynlə dünən növbəti dəfə bağçada uşaqların qidalanması ilə maraqlandıq. Məlum oldu ki, uşaqlara dovğa veriblər və heç biri yeməyib”.

Valideynlər onu da bildiriblər ki, dəfələrlə Qətibə Dəmirovaya və tərbiyəçilərə müraciət edilsə də, uşaqlara təyin edilən qidaların verilməsi həyata keçirilmir. Üstəlik, bağçada təmizliyə də riayət olunmur: "Hər otaq axşam körpələr gedəndən sonra təmizlənməli olduğu halda, bu edilmir. Əvəzində səhər uşaqlar bağçaya gələndən sonra otaqların süpürülüb təmizlənməsinə başlanılır və içərini toz bürüyür. Hətta bəzi hallarda uşaqları tozdan qorumaq üçün bayıra çıxarıb otaqları təmizləmək lazım gəlir".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu