Respublika birinciləri tədris ilini necə başa vurdular?


Respublika birinciləri tədris ilini necə başa vurdular?


2017-2018-ci tədris ilində qəbul imtahanlarında bakalavr, magistr və MBA proqramı üzrə ən yüksək bal toplayan abituriyentlər UNEC-i seçib.

Universitetdən AFN-ə verilən məlumata görə, bakalavr pilləsi üzrə II ixtisas qrupu üzrə 700 bal toplayan hər iki abituriyent Cavad Əliyev və Arzu Məmmədzadə, MBA proqramına qəbulda respublika birinicisi olan Tural Əhmədov və magistraturaya qəbulda ən yüksək bal toplayan ilk iyirmi magistr hazırda təhsillərini UNEC-də davam etdirirlər. Respublika birinciləri başa çatmaqda olan tədris ilinin sonunda UNEC-lə bağlı təəssüratlarını UNEC News saytı ilə bölüşüblər.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) I kurs tələbəsi Cavad Əliyev: Uzun müddət tərəddüdlərdən sonra UNEC-i seçsəm də, bu bir il ərzində UNEC-in Azərbaycanda ən keyfiyyətli təhsil ocaqlarından biri olduğu nəticəsinə gəldiyimi deyə bilərəm. UNEC-də elə ilk dərs günündən qarşılaşdığım yüksək və rahat tədris metodu məni ixtisasıma daha mükəmməl yiyələnməyə həvəsləndirdi. Birinci semestri 99.8 ortalama ilə bitirdim. Yeni tədris ilindən isə UNEC-in tələbələr üçün yaratdığı ikili diplom, UDİD, mübadilə proqramlarından yararlanmağı düşünürəm.

İSE-nin I kurs tələbəsi Arzu Məmmədzadə: Universitet və ixtisas seçimimin düzgün olduğunu bir il ərzində UNEC-in mənə qazandırdığı uğurlarla təsdiqləmiş oldum. UNEC-də və universitetdən kənarda keçirilən tədbirlərdə fəal iştirak etdim, yeni insanlarla tanış olub, yeni biliklər əldə etdim. Birinci semestri 99.67 ortalama ilə başa vurdum. UNEC-də daha çox önəm verdiyim imtahanlardakı şəffaflıq oldu. İmtahanların yazılı olması analitik düşünmə qabiliyyətimi və ingilis dili səviyyəmi daha da inkişaf etdirdi. Tətbiq olunan Elektron Universitet Modeli tədrisi daha da asanlaşdırır. UNEC-də sevdiyim bir cəhət də müəllim-tələbə münasibətidir. İSE-dəki səmimi ortam mənə onlarla dost qazandırdı, çevrəmi genişləndirməyə davam edirəm.

UNEC Biznes Məktəbinin I kurs magistri Tural Əhmədov: UNEC Biznes Məktəbinə 144 balla daxil olmuşam. Bu nəticə respublika üzrə bu vaxta qədər MBA proqramına qəbul zamanı toplanan ən yüksək göstəricidir. UNEC Biznes Məktəbinin MBA proqramını tərəddüd etmədən seçdim və elə ilk gündən tədris prosesinin təşkili, tələbələr üçün yaradılan imkanlar, xarici universitetlərlə ikili diplom proqramları seçimimdə yanılmadığımı təsdiqlədi. Burada tədris Azərbaycanın və dünyanın nüfuzlu universitetlərində təhsil alan yüksək ixtisaslı, eyni zamanda müxtəlif biznes və idarəetmə strukturlarında çalışan, geniş təcrübəyə malik müəllimlər tərəfindən aparılır. Mən öz ixtisasım üzrə əldə etdiyim bilik və praktik bacarıqlardan əlavə, idarəetmənin bütün sahələrində uğurlu fəaliyyət göstərmək üçün vacib olan işgüzar etika, sosial məsuliyyət, insan resurslarının idarə edilməsinə strateji yanaşma, tərəfdaşlarla və müştərilərlə münasibətlərin düzgün qurulmasını tələb edən biliklərə də UNEC Biznes Məktəbində yiyələnmişəm. Bu imkanları yaratdığı üçün UNEC-ə minnətdaram!

Magistraturaya qəbul imtahanlarında respublika birincisi olan Yaşar Nəsibov: UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) təhsil almaq bir addım öndə olmaq deməkdir. BMDM-də ingilis dilində təhsil alıram. Tədris olunan fənlər həm elmi, həm də praktiki baxımdan böyük əhəmiyyətə malikdir ki, bu da universitet seçimimdə əsas faktorlardan biri olub.

Respublika ikincisi Cavid Əliyev: Təhsil aldığım BMDM-də beynəlxalq universitetlərin tədris proqramına uyğun proqram var və burada tələbənin istəyi ön plana çəkilir. Burada xüsusi ilə interaktiv tədris metodları və müəllim-tələbə münasibətləri xoşuma gəlir. UNEC-i seçməklə ən doğru qərarı vermişəm və I kursu uğurla başa vurmuşam.

Respublika üçüncüsü Turqay Şirinbəyli: UNEC-i seçməyimin əsas səbəbi beynəlxalq standartlara uyğunlaşdırılan tədris proqramı idi. Dərslər başlamadan öncə hansı mühiti təsəvvür etmişdimsə, onu da gördüm. Bu bir il göstərdi ki, mən UNEC-lə bağlı fikirlərimdə yanılmamışam.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu