“1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: +13 VİDEO


“1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar:


“Səhliyalı” şirkəti “1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasaların halal ətdən hazırlandığını nümayiş etdirmək üçün insan psixikasına mənfi təsir edən reklam çarxı hazırlayıb.

AzEuroNews.com-un məlumatına görə, jurnalistlərin qarşısında heyvan kəsimi prosesi açıq şəkildə həyata keçirilib və mediada, sosial şəbəkələrdə yayımlanıb. Heyvan kəsimi xüsusi avadanlıqla icra olunur və onun başının “bismillah” deyərək necə kəsildiyi görüntülənir.

Hətta kadrlar o dərəcədə insana mənfi təsir edir ki, şirkətin nümayəndəsi əvvəlcədən psixikası və ürəyi zəif olanlara baxmamağa xəbərdarlıq edir.

Kəsim anı heyvanın başı xüsusi qurğuya salınır və yalnız qan sıçrayarkən fon verilir. Bu da həm qanun pozuntusu, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən vəhşilik kimi qiymətləndirilib.

Şirkət nümayəndəsi özü belə psixikası zəif olanları bu səhnəyə baxmamağa çağırdığı halda, “Səhliyalı” hansı məntiqlə belə reklam çarxı hazırlayıb?!

Üstəlik, həmin heyvanın halallıqla kəsilməsi hələ şirkətin məhsullarının halal olduğunu dəlalət etmir. Məsələn, videoya istehza ilə şərh yazanlardan Sərxan Mustafayevin sözlərinə görə, tutaq ki heyvanın kəsimi halaldır:

“Bəs heyvanı kəsən avadanlığın kafir istehsalı olduğunu nəzərə alsaq onun da halallıq sertifikatı var? Göstərin görək”

Rəşad Məmmədəliyev heyvanı kəsimi ilə bağlı yazıb ki, nə olsun, bəs sonrakı proseslər necədir: “Ətlərin saxlanma şəraiti, onların hazırlanma şəraiti, bax bunları çəkin göstərin görək”.

Digər şərh yazan heyvanın yaşlı olduğunu və buynuzlarının çölə çıxmasından bunu bildiyini yazıb.

Həqiqətən də “Səhliyalı” şirkəti qoca və südsüz inəklərin ətindən kolbasa və sosiska məhsullarına vurur. Bunu özləri də vaxtilə mətbuata təsdiqləyiblər.

Yəni, istehlakçıların aldığı bu firmaya aid kolbasa-sosiskalar cavan heyvan ətindən deyil, bizə qoca ət yedizdirilir. Üstəlik, əsasən bu məhsulları ailələr övladlarına alırlar.

Video kadrlara yüzlərlə şərh gəlib və şirkətə inamsızlıq ifadə olunub, bu vəhşi kadrların göstərilməsinə irad bildirilib.

İstənilən halda bir canlının nümayişkaranə şəkildə öldürülməsi bir çox insanlara, uşaqlara pis təsir edə bilər. Ən azından videoya (13+) qoyula bilərdi.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi kolbasa firmaları arasında “Səhliyalı”nın adı yoxdur.

Hətta az əvvəl rəsmi “Yeni Azərbaycan” yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

“Min bərəkət, halal nemət” nişanlı məhsulların da tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var.

Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Mövzu ilə əlaqədar “Səhliyalı” ilə əlaqə saxladıq, zənglərimizə cavab verilmədi. Həmin video kadrlara münasibət bildirilməsi üçün qarşı tərəfin mövqeyini öyrənib dərc etməyə bir də cəhd göstərəcəyik.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu