8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?


8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?


Azərbaycanda vergi qanunvericiliyində ciddi dəyişikliklər gözlənir.

Milli Məclisin İqtisadi Siyasət komissiyasının üzvü Vahid Əhmədov BBC News Azərbaycancaya deyib ki, Vergilər Məcəlləsində dəyişikliklər aparılmasını nəzərdə tutuan qanun layihəsinin paketi Milli Məclisə təqdim olunub.

"Biz ayın 19-da, 20-də komitənin iclasında bu məsələyə baxacağıq. Bu gün Vergilər Nazirliyinin təklifini almışıq. Cənab prezident təklifləri göndərib. O təkliflər paketində sadələşdirilmiş vergilərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur", - Vahid Əhmədov belə deyib.

Millət vəkili Vergilər Nazirliyinin göndərdiyi sənədin "böyük təkliflər paketi" olduğunu söyləyib. O bildirib ki, təkliflər paketində "hər yerdə iki faiz məbləğində sadələşdirilmiş vergi tutulması" maddəsi də var.

"8000 manata kimi olan əməkhaqqından gəlir vergisi tutulmasın..."

"İldə 8000 manata kimi olan əməkhaqqından gəlir vergisi, yəni, 14 faiz vergi tutulmayacaq. Bu da ona görə edilir ki, kölgə iqtisadiyyatı olmasın, insanlar, sahibkarlar ikili hesabat aparmasınlar, vergini gizlətməyib, ödəsinlər", - Vahid Əhmədov belə deyib.

Millət vəkilinin sözlərinə görə, o, həmkarı Əli Məsimli ilə birgə bank sisteminin sağlamlaşdırılması, o cümlədən dollarla olan və vaxtı keçmiş kreditlərin ödənilməsi ilə əlaqədar təkliflərini verib.

Vahid Əhmədov qeyd edib ki, onlar əvvəllər də belə təkliflər veriblər: "O təkliflərə baxılmadı və məcbur olduq cənab prezidentə müraciət elədik. Cənab prezident də həmin təklifləri baxılması üçün verib, amma sonradan biz bunun axırını görmədik. Bizə gəlib çatmadı ki, buna baxıldı, ya yox".

Deputat əlavə edib ki, prezidentə göndərdikləri təkliflər Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə razılaşdırılıb.

Vergilər naziri Mikayıl Cabbarov dövlət televiziyasındakı çıxışında millət vəkilinin dediklərini təsdiqləyib və əlavə edib ki, gəlir vergisi barədə güzəşt qeyri-neft sahəsində və özəl sahədə çalışanlara aid ediləcək.

Mikayıl Cabbarov deyib ki, səkkiz min manatdan yüksək əmək haqqı alan şəxslərdən gəlir vergisinin 14 faiz həcmində müəyyənləşdirilməsi təklif edilib.

O əlavə edib ki, hazırkı qanuna görə, 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.

Nazir bildirib ki, 2019-cu il üçün təklif olunan qanun layihəsində iki əsas dəyişiklik nəzərdə tutulub.



"Bunlardan biri aylıq əməkhaqqı 8 min manata kimi olanlardan 14 faizlik vergi yükünün götürülməsi və fiziki şəxslər üçün gəlir vergisinin və dövlət sosial müdafiə vergisinin vahid inzibatçılıqda cəmləşməsidir. Dövlət bu vergi güzəştindən öz gəlirlərinin müəyyən hissəsini itirsə də, bu addımı şüurlu şəkildə atır və bunula qeyri-rəsmi məşğulluğun azaldılmasına nail olmağı hədəfləyir", - Mikayıl Cabbarov belə deyib.

"İndiyədək hər bir əməkhaqqına 26 faiz vergi tətbiq edilirdi. İndidən sonra isə, vahid vergi yükü rəqəmi 2500 dən 8000 manata kimi artırılır. Bu, köklü islahatdır və qeyri neft və özəl sektorda çalışan hər bir işçini əhatə edən güzəştdir".

Milli Məclis 2019-cu ilin dövlət büdcəsinin layihəsini birinci oxunuşda təsdiqləyib.

Dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri isə 24 milyard 780 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Birinci oxunuşda qəbul edilmiş büdcə sənədində 2019-cu il üçün yaşayış minimumu 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat müəyyən edilib.

Yaşayış minimumu təqaüdçülər üçün 149 manat, uşaqlar üçün isə 160 manat üçün nəzərdə tutulub.

Dövlət büdcəsində dolların məzənnəsi 1,7 manat, neftin bir barrelinin qiyməti isə 60 dollar səviyyəsində müəyyənləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu