Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib


Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib


Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib.



Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmiləri, eyni zamanda, DQİDK yanında İctimai Şuranın üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, din xadimləri, gənclər iştirak ediblər.

Konfransı açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu, xalqımız üçün qoyduğu tarixi mirasın önəmi və həmin dövrdəki dövlət-din münasibətləri barədə danışıb. Bildirib ki, Xalq Cümhuriyyətinin gördüyü işlər və müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir. Cümhuriyyətin mövcudluğunun ilk günlərindən ərazisində yaşayan bütün vətəndaşlara eyni hüquq və azadlıqlar verilib, irqi, milli, dini bərabərsizlik tamamilə aradan qaldırılıb. Hökumət tərəfindən din siyasətini həyata keçirmək məqsədilə Dini Etiqad Nazirliyi yaradılıb, dini təhsil təkmilləşdirilib, din xadimlərinə qayğı, qeyri-müsəlman dinlərə fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Çox qısa ömür sürməsinə baxmayaraq, Cümhuriyyətin əsasını qoyduğu ideyalar Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən reallığa çevrilib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu şanlı tarixə böyük diqqət və qayğı göstərir. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dövlətçilik ənənələrimizə sahib
çıxmaq və onu gələcək nəsillərə ötürmək baxımından təqdirəlayiq addım olduğunu deyib. Əlavə edib ki, DQİDK tərəfindən bu məqsədlə konfranslar keçirilir, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda kitab nəşr etdirilib.

Daha sonra DQİDK-nın şöbə müdiri Nahid Məmmədov təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycanda tolerantlıq ideyalarının əsası 1918-ci ildə
qoyulub. Bu fakt özünü Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsində də göstərir. 1918-ci ildə fəaliyyət göstərən Dini Etiqad Nazirliyi dövlət və din münasibətlərinin hüquq çərçivəsində fəaliyyətini təmin edib. Bu gün olduğu kimi, o zaman da İslam dini ilə yanaşı, başqa dinlərin də fəaliyyətinə geniş imkan yaradılıb. Dini, milli tolerantlığın dövlət işlərində də müşahidə olunduğunu deyən DQİDK-nın şöbə müdiri bildirib ki, 1918-ci ildə Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələri təmsil olunub. Bu da Xalq Cümhuriyyəti dövründə bütün millətlərə bərabər hüququn verilməsinin bariz nümunəsidir. Şöbə müdiri vurğulayıb ki, Cümhuriyyət dövründə hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişdirmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə oxunmamaq prinsipi əsas götürülüb. O dövrdən miras qalan tolerantlıq ənənələrinin nəticəsidir ki, bu gün Azərbaycan tolerantlığın və konfessiyalararası dialoqun inkişafında xüsusi xidmətləri olan ölkədir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, professor Anar İsgəndərov qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub. Müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların, ilk növbədə, yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. İlklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb.

Anar İsgəndərov deyib ki, İstiqlal Bəyannaməsində dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər şəraitin yaradılması
ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiyaların nümayəndələrinin parlamentdə təmsil olunması vicdan
azadlığı məsələsinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradıb.

Daha sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti milli
dövlətçiliyimizin və müstəqilliyimizin bünövrəsi və ilkin təməlidir. O, mürəkkəb daxili və xarici vəziyyətdə yaranan Xalq Cümhuriyyətinin köklü
islahatlara imza atdığını, bir çox sahələr kimi, dini sahədə də nailiyyətlər əldə etdiyini deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun “Azərbaycan Xalq
Cümhuriyyəti İli”ndə həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkib. O, eyni zamanda, Xalq Cümhuriyyətinin miras qoyduğu milli dövlətçilik
ənənələrinin dövrümüzədək yaşaması və reallaşmasının ulu öndər Heydər Əliyevin bilavasitə adı və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Moisey Bekker və Katolik
Kilsəsinin Apostol Prefekturasının keşişi Yozef Marik çıxışlarında Azərbaycanda bu gün olduğu kimi, yüz il bundan əvvəl də cəmiyyətin multikulturalizm ənənələrinə böyük hörmətlə yanaşıldığını, o dövrdən miras qalan tolerantlıq ənənələrinin qorunub saxlanıldığını bildiriblər.

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu