Krediti olan vətəndaşlara sosial yardım qadağası aradan qaldırılacaq


Krediti olan vətəndaşlara sosial yardım qadağası aradan qaldırılacaq


Azərbaycanda aztəminatlı əhalinin ünvanlı yardım alması ilə bağlı kriteriyalara dəyişiklik ediləcək. Bu barədə nazir Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, artıq nazirlik bununla bağlı təkliflərini hazırlayaraq təqdim edib.

Əsas dəyişikliklərdən biri krediti olan vətəndaşlara sosial yardım qadağasının aradan qaldırılmasıdır. Nazirin sözlərinə görə, əslində bu tələb (yəni krediti olan şəxslərə yardım verilməməsi) məntiqlə doğru olsa da, araşdırmalar göstərib ki, kasıblar arasında kredit götürənlərin əksəriyyəti bunu çətin maddi vəziyyəti ilə əlaqədar edib: “Araşdırdıq, gördük ki, bəziləri bunu çətin maddi vəziyyətinə görə edib, övladının müalicəsi və sair üçün. Bunu nəzərə alaraq nazirlik hökumətə təklif edib ki, bu qayda dəyişdirilsin, çünki əslində kredit gəlir deyil – onu qaytarmaq lazımdır”.

Amma Sahil Babayevin sözlərinə görə, bu yenilikdən sui-istifadə hallarının olub-olaması da araqdırılacaq: “Kimsə gedib “iPhone” almaq üçün kredit götürürsə, biz ona güzəşt etməli deyilik, o aztəminatlı ailə kimi dövlətdən pul almalı deyil”.

Nazir deyib ki, artıq belə təbəqələrin sosial yardım alması ilə bağlı tələblərdən biri aradan qalırılıb: “Bu pay torpağı olanlara aiddir, əvvəllər pay torpağı olanlar sosial yardım almaq üçün həmin torpağa görə çıxarış da almalı idilər, amma yanvarın 28-dən bu tələb aradan qaldırılıb, çıxarışı olmayanlar da sosial yardım ala bilir”.

Bu sahədə digər mübahisəli məsələ kommunal və rabitə xərcləri ilə bağlıdır. Hazırda qüvvədə olan məhdudiyyətə görə, kommunal xərcləri müəyyən məbləğdən yuxarı olan ailələr ünvanlı yardım ala bilmirlər. Hazırda isə bu məsələ müzakirə edilir: “Bu məsələdə sui-istifadəyə meyllilik çox böyükdür. Şikayətlərin 70%-dən görürük ki, insan kasıb, maddi imkansız olduğunu bildirir, amma telefon danışıqlarına ayda 70-80 manat ödəyir. Biz onun gəlirini görmürük, amma bir ailə telefon danışığına ayda 70-80 manat ödəyirsə, onu kasıb saymalıyıqmı, məncə yox, amma araşdıracağıq”.

Nazir bildirib ki, kommunal xərclərdə vəziyyət fərqlidir. Çünki evi isitmə xərcləri də özünü göstərir.

S.Babayevin sözlərinə görə, bu sahədə əhalinin xeyrinə olan əsas yeniliklərdən biri yeni proqram təminatı olacaq: “Bu proqram işə düşəndən sonra vətəndaşa aid məlumatlar digər dövlət qurumlarından avtomatik götürüləcək, nəticədə onların unutduqları, bilməyərəkdən səhv daxil etdiyi məlumatlar onlara problem yaratmayacaq. Məsələn orada vətəndaş sahib olduğu telefon nömrələrini göstərməlidir. Bəziləri bir neçə nömlələri olduğu üçün birini unudub daxil etmirlər, nəticədə sistem onlara imtina verir, bu da əlavə narahatlıq yaradır. Yeni proqramın işə düşməsindən sonra bu baş verməyəcək”.

İndiyədək bu sahədə aztəminatlı insanlara ən böyük problem yaradan məsələlərdən biri proqrama yerləşdirilmiş “cəza” alqoritmi idi.

Keçmiş nazir Səlim Müslümovun vaxtında tətbiq edilən həmin alqoritmə görə, məlumatı səhv daxil edən və buna görə də sistem tərəfindən imtina alan şəxs, ünvanlı yardım almaq üçün bir də 3 ay sonra müraciət edə bilərdi. Nəticədə ən xırda texniki səhv ucbatından kasıb ailələr daha 3 ay yardımdan məhrum olurdu və bu haqlı narazılıqlar yaradırdı.

S.Babayev bildirib ki, həmin qayda ləğv edilib, artıq texniki səhvə yol verən şəxslər də ünvanlı yardım üçün ardıcıl olaraq dəfələrlə müraciət edə bilərlər. (fed.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu