Təhsilin inkişafını ləngidən əsas səbəblər hansılardır?- Müsahibə


Təhsilin inkişafını ləngidən əsas səbəblər hansılardır?-


Bu gün dövlət bütün strukturlarda islahatlar aparır, ölkə əhalisinin vətəndaş-dövlət münasibətlərindəki tarazlığı formalaşdırmağa çalışır. Bu tendensiya xüsusən yaşadığımız ilin ilk ayından məxsusi plan-proqram təsiri bağışlamağa başlayıb. Bu mənada dövlətin əsas, strateji sahələrindən biri sayılan təhsil ilə bağlı da addımlar atılır. Elə yeni məktəb binalarının tikintisi, eləcə də əsaslı təmir-bərpa işlərinin aparılması buna misaldır. Təhsil sistemi ilə bağlı konsepsual proqram və sənədlərin qəbulu, eləcə də bu sahədə çalışanların əmək haqlarının artırılması, çağdaş metodikanın realizəsi cəhdləri də hiss olunmaqdadır.

Bütün bunlara rəğmən təhsilin inkişafını ləngidən səbəblər, daha doğrusu, süni maneələr hələ də qalmaqdadır. Hər kəsə bəlli olan mənzərənin alt qatındakı problematik və mübahisəli əsas məqamlara təhsil eksperti Kamran Əsədovla nəzər saldıq. AFN xeberlent.az-a istinadla müsahibəni oxucularına təqdim edir:


- Kamran müəllim, ölkədə təhsilin inkişafını ləngidən əsas səbəblər hansılardır ?

- Son illər ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də böyük uğurlar əldə edilmişdir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan təhsil islahatı proqramını Prezident İlham Əliyev uğurla davam etdirir. Təhsil sisteminin ardıcıl inkişafı qazanılan nailiyyətlər, ilk növbədə, dövlət başçısının təhsilə göstərdiyi böyük diqqət və qayğı sayəsində mümkün olmuşdur. Son illərdə təhsilə ayrılan illik büdcə vəsaiti 5 dəfədən çox, təhsil işçilərinin aylıq əmək haqqı 6 dəfə artmışdır. Təhsil sahəsində 16 dövlət proqramı və sənədi qəbul edilmiş və uğurla həyata keçirilir. Son 5 ildə ölkəmizdə 1800-ə qədər yeni məktəb binası tikilmiş, 300-dən çox məktəb əsaslı təmir edilmişdir. Bütün bunlara baxmayaraq təhsil sistemində müəyyən problemlər, çatışmazlıqlar hələdə qalmaqdadır və bu amillər təhsilin inkişafına maneə olur. Problemlərin başında bilik və bacarıqları müasir dövrün tələblərinə cavab verməyən təhsil sistemində çalışanlardır. Məhz onların müasir çağırışlara uyğun gəlməməsi təhsilin inkişafına maneə olur. Deməli, problem məhz təhsil prosesinin əsas siması olan müəllimlə əlaqədardır. “Öyrənmək öyrənəndən çox öyrədənin ustalığından asılıdır” cümləsindəki fəlsəfi hikmət də diqqəti müəllimə yönəldir. Təhsil Nazirliyi tərəfindən 2014-2017-ci illərdə 4472 orta məktəbdə çalışan 151 min müəllim üçün keçirdiyi diaqnostik imtahandan sonra məlum oldu ki, təhsilverənlərimizin nəticələri, bilik və bacarıqları qənaətbəxş deyil. Bundan başqa bizim təhsilin inkişafına mövcud dərsliklərində qənaətbəxş olmaması maneə olur. Dərslikləri yazanların böyük əksəriyyətinin orta məktəblə əlaqəsinin olmaması yekunda lazımsız informaasiya ilə yüklənmiş dərsliklərin şagirdlərin qarşısına çıxması ilə nəticələnir. Bəyənmədiyimiz Sovet dönəmində metodiki işin səmərəli təşkili üçün təhsil müəssisələri ilə sıx əlaqələr qurulardı, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlərlə yaradılan canlı və səmimi münasibətlər mühüm rol oynayardı. İndi isə bunu müşahidə etmirik. Ümumiyyətlə, Azərbaycanın da bir parçası olduğu Şərq ölkələrində elm və təhsilin səviyyəsi yüksək deyil. Dünyanın 100 ən yaxşı universitetləri arasında bir dənə də olsun, müsəlman ölkəsinə məxsus universitet yoxdur. Yaxud 200 ən yaxşı universiteti arasında türkdilli dövlətlərin cəmi 2 ali məktəbi var. Bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir.

- Ekspert kimi hansı addlmları daha zəruri sayırsınız?

- Hər bir cəmiyyətin, dövlətin inkişafı elmin və təhsilin inkişaf səviyyəsindən çox asılıdır. Təhsildəki problemləri aradan qaldırmaq üçün təhsilin bir pilləsində islahat aparmaq yetərli deyil. Kompleks şəkildə bütün pillələrdə bunu etmək lazımdır. Yəni uşaq baxçasından başlamış, ən ali təhsil səviyyəsinə qədər bunu etmək lazımdır. Yoxsa hansısa bir pillədə islahat həyata keçirməklə inkişafa nail olmaq olmaz. Ilk növbədə məktəbəqədər təhsil müəssisələri İcra hakimiyyətlərindən alınıb Təhsil Nazirliyinə verilməli və onlara qəbul elektron qaydada həyata keçirilməlidir. Bundan sonra təhsilin bütün pillələrində çalışan müəllimlərin bilik və bacarıqlarının, sənədlərinin ciddi şəkildə yoxlanılması lazımdır və müasir standart və tələblərə cavab verməyənlər sistemdən uzaqlaşdırılmalı, əvəzinə yeni kontingent cəlb edilməlidir. Dərsliklərin yazılması proseduru dəyişməli, bir neçə müəllif kollektivi formaaşdırılıb hərəsi bir kitabı yox, bir neçə paraqrafı hazırlamalıdır. Təhsilin, xüsusi ilə orta məktəbin idarə olunmasında iştirak edənlərlə bağlı xüsusi islahatlar aparılmalı, onların yenidnə seçimi həyata keçirilməlidir. Hesab edirəm ki, məktəb rəhbərliyi də müddətsiz yox, müddətli olmaldır və bu müddət də uzun olmamalıdır. Nəticələri zəif olan məktəb rəhbərliyi növbəti müddətdə təyin edilməməlidir. Ali təhsil müəssisələri ilə bağlı ciddi islahatlara ehtiyac var. Əmək bazarının tələbinə cavab verməyən ixtisaslara qəbul aparılmamalıdır. Universitetlərin yataqxana şəraiti qısa müddətdə yaradılmalı, universitetlərə xarici ölkələrdən tələbə cəlbi üçün ciddi layihələr həyata keçirilməlidir. Bunların başında isə təhsilin maliyələşdirilməsi, xüsusi ilə təhsil verənlərin, alimlərin əmək haqları ciddi şəkildə qaldırılmalı, onların sosial ehtiyacarı ödənməlidir. Bir misal çəkim: İkinci Dünya Müharibəsi zamanı Eynşteyn bir polkovnikin himayədarlığı ilə Amerika prezidenti Ruzveltin qəbulunda olur. Görüşün əsas məqsədi atom bombasının istehsalı ilə bağlı maliyyə məsələsini həll etmək olub. Prezident Eynşteynə sual verir ki, atom bombasının həcmi nə qədər olar? Eynşteyn deyir kül qabı boyda. Ruzvelt bir də soruşur: “Nə qədər adam öldürə bilər?” Eynşteyn cavab verir ki,təqribən 20-30 min. Prezident bu cavabdan bir şey anlamır və söhbətin sonunda deyir hörmətli professor, ölkə müharibə şəraitindədir, Amerika hökumətinin axmaq ideyalara xərcləməyə pulu yoxdur. Çox abırlı bir adam olan Eynşteyn polkovniklə birgə otaqdan çıxanda, polkovnikin gözü qapının üzərindəki şəklə sataşır və deyir ki, cənab prezident, bu nəyin şəklidir? Cavab gözləmədən çıxıb gedirlər. Ruzvelt həmin gün axşam Ağ evin həyətində əlil arabasında gəzərkən polkovnikin “Cənab prezident, bu nəyin şəklidir?” sualını xatırlayır və dərhal məşhur ixtiraçı Fultonun düzəltdiyi buxar gəmisinin şəkli gözünün önünə gəlir və deyir “Allahım, məni Napoleonun buraxdığı səhvdən qoru”.Yadına düşür ki, Napoleon taxt-tacını itirib sürgünə göndəriləndə onun yanından üzərində “Fulton” yazılmış bir ABŞ gəmisi gəlib keçir. Onda Napoleon anlamışdı ki, mən taxt-tacımı indi yox, on il əvvəl Fultonu saraydan qovanda itirmişəm. Yəni vaxtında Fultona istədiyi pulu versəydim, mən yenə də Fransanın imperatoru olaraq qalacaqdım. Ruzvelt Fransanın tarixindəki bu hadisəni xatırlayır və köməkçisini çağıraq səhər polkovniklə və Eynşteynlə ələqə qurmaq tapşırığını verir. Tarixdə belə nümunələr çoxdur. Bu saat Amerika dünyaya böyüklüyü ilə deyil, elmi ilə diktə edir, elə bir mühit və şərait yaradıb ki, dünyanın ağıllı adamları imkanı olan kimi çamadanını götürüb gedir Amerikaya. Çünki bilir ki, orada onun səmərəli şəkildə işləməsi, öz ideyalarını həyata keçirməsi üçün hər cür mühit var. Yenə bir misal: bilirsiniz ki, penisillin şotlandiyalı alim Aleksandr Fleminq İkinci Dünya Müharibəsi öncəsi ixtira edib. O, imkanlı adamlardan xahiş edir ki, dərmanı istehsal etmək üçün ona maliyyə ayırsınlar. İngiltərə kimi ölkədə bir adam tapılmır ki, bu işə kömək etsin. Axırda həmin alim ABŞ gedir və orada bir maraq oyadır və dərhal penisillinin istehsalına başlayır. Şotlandiyalı bakterioloq Aleksandr Fleminq penisilini ixtra etdi və 1945 ildə Nobel mükafatı alır. Bununla da İkinci Dünya Müharibəsində milyonlarla insanı ölümdən xilas edirlər. Yəni elmin rolu çox həlledicidir. Bunu Birinci Dünya ölkələrində hər kəs başa düşür, İkinci Dünya ölkələrində də elmin və təhsilin rolu dərk edilməkdədir.

- Bu məsələdə ictimai təşəbbüsü necə inkişaf etdirmək olar?

- Təhsilin inkişaflnda ictimai təşəbbüslərin dəstəklənməsi təhsilin hərtərəfli yüksəlişinə nail olmağın fundamental və fərdi istiqamətlərindən biridir. Bu yolda o zaman uğurlu nəticə alınır ki, təşəbbüs irəli sürüləndən sonra onun dolğun tətbiq proqramı işlənib hazırlanır. Bu mənada, təhsil nazirliyinin bir sıra təşəbbüsləri diqqətəlayiqdir, çünki görülən real iş sivil ölkələrin inkişaf səviyyəsinə yüksəlməklə yanaşı, sosial həyatda mühüm nəticələrə gətirib çıxarmışdır. Biz bunu müəllimlərin, direktorların işə qəbulu prosesində də , olimpiyadaların keçirilməsində də müşahidə edirik. Baxmayaraq ki, bəzi hallarda ictimai təşəbbüs sahibləri ilə dövlət qurumları arasında müəyyən gərginlik olur, amma təhsilin inkişafında onların rolu, fikirləri, təklifləri danılmazdır. Dünyanın bütün ölkələrində ictimai təşəbbüskarlq, eksper instututları mövcuddur. Və onların fikirləri ciddiyə alınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu