Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi


Bu xalq bu zülmü çəkməyə layiq deyil-


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə!
Sadə yazacam, Teymurləng demişkən, sadə el dilində. Siz bu vəzifəyə təyinat alandan bu günədək rəhbərlik etdiyiniz sahədə ən yüngül proseslər belə çətinləşib, süründürməçilik, bürokratiya, süni əngəllər baş alıb gedir. Gəldiyiniz gündən az müddət sonra tanıdığım onlarla sözün həqiqi mənasında aztəminatlı ailə dövlətin illərdir onlar üçün işləyib-hazırlayıb reallaşdırdığı ünvanlı sosial yardımdan (ÜSY) məhrum oldu.


“Özünəməşğulluq” proqramı çərçivəsində iri və xırdabuynuzlu mal-qara ilə təminat geniş vüsət aldı, amma çox təəssüf ki, proses geniş problemlərlə müşahidə edilir. Vətəndaşlara xəstə heyvanlar verilir onlar da az müddətdən sonra tələf olur. Bu faktlardan hansı mediada ictimailəşdirilirsə işçiləriniz açıqlama verir ki, heyvan sağlam olub, amma vətəndaş yaxşı baxmayıb deyə tələf olub, əvəzinə yenisi verildi. Sual olunur: əgər verilən heyvan sağlam idisə və vətəndaşın günahı ucbatından tələf olubsa yenisi niyə verilir? Yaxud normal dolanışıq imkanı olan ailələr mal-qara ilə təmin edilir, ehtiyaclıların müraciəti rədd edilir. Məsələn, anadan olduğum kənddə iki qonşumdan ehtiyacı olmayana heyvan verilib, ehtiyacı olan yarım ildir süründürülür. Eləcə də həmin kənddən olan 3 uşaqlı ailə ÜSY-dən heç bir ciddi əsas olmadan məhrum edildi. Hansı ki, ailənin 3-cü övladı ağır ürək əməliyyatı keçirib, ciddi müayinə və müalicə altında yaşayır. Yeri gəlmişkən, həmin uşağın Ukraynada Kiyev Ürək Mərkəzində əməliyyatının təşkili tərəfimizdən həyata keçirilib və sələfiniz Səlim Müslümovun dövründə təmsil etdiyiniz nazirlik də bu işdə yardımçı olub. Ailənin ÜSY almasına siz nazir təyin edildikdən dərhal sonra son verildi. Halbuki maddi durumunda heç bir dəyişiklik baş verməmişdi. Ailənin başçısı Rüstəmov İlham bizim təkidimizlə “İşsizin dostu” proqramına müraciət etdi, fevral ayından 180 manatlıq işlə təmin olunacağı vəd edilib, hələ də məsələ həllini tapmayıb.
Nəhayət, gələk özümüzlə bağlı duruma. Biz təbii ki, bu məsələni ictimailəşdirməklə öz problemimizin həllinə çalışmırıq. Aşağıda qeyd edəcəyimiz məbləğə ehtiyacımız yoxdur desək, lovğalıq kimi çıxmasın. Lakin o məbləğə ehtiyacı olan minlərlə ailənin olması gün kimi aydın məsələdir. 2018-ci il dekabrın 16-da 3-cü dəfə ana olmuşam. Özüm hazırda işsizəm. Həyat yoldaşım Qafarov Səbuhi Cəfər oğlunun iş yerindən uşağın anadan olmasına görə birdəfəlik müavinəti (109 manat) almaq üçün aprel ayının 14-də müraciət edilib. Müraciət rəsmi olaraq qəbul edilib, amma elə də qalıb. Nə ödəniş edilmir, nə imtina verilmir. Səbəbini araşdırmağa çalışırıq, amma təəssüf ki, nail ola bilmirik. 190 qaynar xəttinə zəng etdik, dedilər Dövlət Sosial Müdafiə Fondunun Bakı Baş İdarəsi ilə əlaqə saxlayın. Bunun üçün verilən sabit şəhər nömrələrinin (562-38-52/20-11/10-86/33/59) heç biri cavab vermir. Sahil bəy, yəqin ki, bilmirsiniz, ona görə qeyd edirəm ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət olunduqdan sonra 5 iş günü müddətində ya ödənməlidir, ya da hansısa problem varsa aradan qaldırılması üçün geri qaytarılmalıdır. Təəssüf ki, bunların heç biri edilməyib. Halbuki biz bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbərliyinə məlumat vermişik. Bu, hələ bizim kimi haqqını-hüququnu bilən, qayda-qanunları araşdırmaq imkanlarına malik olan vətəndaşın başına gələnlərdir. Bunu bacarmayanların yaşadıqlarını təsəvvür etmək istəmirəm.
P.S. Səlim Müslümovun nazirliyi dönəmində iki böyük övladım üçün birdəfəlik müavinətin ikisini də bir yerdə aldıq. Heç bir problem yaşamadan, müraciət edildikdən 4 gün sonra ödəniş edildi.
P.P.S. Bir daha qeyd edirəm, davamız süründürməçiliyin, bürokratiyanın aradan qaldırılması üçündür. Ya bunu bacarın, ya da istefa verin. Bu xalq sizin kimi işbilməz məmurların əlində bu zülmü çəkməyə layiq deyil!

Həbibə Abdulla, “Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu