Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar


Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar


21 may 2019-cu il tarixində "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş Avropa İttifaqı (Aİ) günləri çərçivəsində ittifaqın nümayəndələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olublar. Nümayəndələr icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində tətbiq edildiyi tibb müəssisəsinin fəaliyyəti və Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin nəticələri ilə tanış olublar.



Tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) əməkdaşı Nurlan Məmmədov, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov, tvininq layihəsinin nümayəndə heyəti və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Kestutis Yankauskas qeyd edib ki, səhiyyə insan kapitalının inkişafına sərmayə qoyuluşu üçün çox vacib bir sahədir: “Bu istiqamətdə Azərbaycanda İTS-nin tətbiqi üzrə pilot layihə həyata keçirilir. Aİ isə tvininq layihəsi çərçivəsində mütəxəssis dəstəyini təmin edir. Pilot ərazilərdə Fransa, Litva və Estoniya mütəxəssisləri işləyib, İTS-nin müxtəlif modellərini təqdim edirlər ki, Azərbaycan onlardan özü üçün daha münasibini seçə bilsin. Tvininq layihəsinin nəticələri onu göstərdi ki, İTS-nin tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir”.

Agentliyin əməkdaşı Nurlan Məmmədov isə bildirib ki, layihə çərçivəsində Azərbaycanda İTS-nin ölkə üzrə tətbiqinin layihələndirilməsi və maliyyələşdirilməsi modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təchizatçıları ilə müqavilələrin bağlanılması, informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflər pilot layihənin tətbiqində böyük rol oynayıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov tibb müəssisəsinin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib. O bildirib ki, İTS-nin tətbiqindən sonra tibb müəssisəsinin maddi-texniki bazası yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.

“Expertise France”-ın nümayəndəsi Andrey Tretyak layihənin uğurlu tətbiqindən, İTS-nin əhalinin sağlamlığının qorunmasında oynadığı roldan danışıb. Onun fikrincə, İTS-nin tətbiqi Azərbaycanın iqtisadi artımına öz töhfəsini verəcək.

Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas 2017-2018-ci illərdə İTS-nin tətbiq edildiyi pilot ərazilərdə müsbət nəticələr əldə edildiyini, səhiyyə işçilərinin əməkhaqlarının artdığını və cərrahi əməliyyatlarla bağlı əhalinin maliyyə yükünün əhəmiyyətli dərəcədə azaldığını iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsi Agentlik və Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə 2017-ci ilin avqust ayından etibarən icra edilir.

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu