Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib


Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib


11-12 iyun tarixlərində Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə DQİDK və ŞİH-in rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva ölkədə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda keçirilən silsilə tədbirlərin önəminə toxunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə aparılan ardıcıl və sistemli işi yüksək qiymətləndirdiyini vurğulayıb.

Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova təqdimatında dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesində qadınların rolu barədə danışıb. Bildirib ki, dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını almaq, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativinin olmadığını qeyd edən E.Kərimova bir çox ziyalı xanımlarımızın ötən əsrin əvvəlində ölkəmizdə mədəni-maarifçilik hərəkatına böyük töhfələr verdiyini xatırladıb. Azərbaycan qadınının tarixən müdriklik, müqəddəslik simvolu olduğunu, iti zəkası, dərin düşüncəsi ilə dövlətçilik işində də, mədəni inkişafımızda da müstəsna xidmətlər göstərdiyini deyən natiq cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında xanımların xüsusi rolu olduğunu deyib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənc nəslə ötürülməsində aparıcı qüvvə olan qadınlarımızı bu işdə daha da aktiv olmağa səsləyib.

Daha sonra DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva sosial şəbəkələrdə radikal dini qrupların apardığı dini təbliğatın məqsədi, metodları barəsində ətraflı məlumat verib. Vurğulayıb ki, internetin insan həyatında əhəmiyyəti artdıqca, bu imkanlardan sui-istifadə halları da artır. Sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib. Yaqut Əliyevanın sözlərinə görə, ekstremist və terrorçu qruplar sosial şəbəkə istifadəçilərini öz sıralarına cəlb etmək üçün əsas vasitə kimi təbliğatdan istifadə edirlər. Ucuz və effektli təbliğat vasitəsi olan sosial şəbəkə platformalarında heç bir fiziki güc və əlavə resurs sərf etmədən özlərinə tərəfdar toplaya, istifadəçiləri terrorçuya çevirə bilirlər. Məhz bu səbəbdən cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər dinlə bağlı məlumatlar əldə edərkən, onun mənbəyinə, mahiyyətinə, mövzunun ehtiva etdiyi mənalara diqqət etməlidirlər. Çünki dinlə bağlı düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar insanları, xüsusən gəncləri yanlış yönləndirə, radikal dini cərəyanların, qrupların təsiri altına sala bilər. Şöbə müdiri əlavə edib ki, valideynlər bu məqama diqqət yetirməli, məktəblilərin, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə ciddi nəzarət etməlidirlər.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə xurafatın zərərləri haqqında təqdimatla çıxış edib. Xurafatın İslamın təməl prinsiplərinə zidd olmaqla dini dəyərlərə ziyan vurduğunu deyən natiq bu bəla ilə mübarizənin ən effektiv yolunun maarifləndirmə, təhsil olduğunu vurğulayıb.

İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu