“Uşaq ağlayır, yatmaq istəmirsə...” - MÜSAHİBƏ


“Uşaq  ağlayır, yatmaq istəmirsə...” -


Uşaqlar ən həssas yerimizdir desək, yanılmarıq. Övladlarımızın qidalanması, yuxusu, hərəkətləri daim nəzarətimizdə olsa da, bəzi məqamlarda düzgün qiymətləndirə bilmədiyimiz hallar olur. AFN zaman-zaman uşaqlarla bağlı mütəxəssislərin fikirlərini ictimailəşdirməklə valideynlərə yardımçı olmağa çalışır. Bu dəfəki müsahibimiz psixoloq Nuriyyə Quliyevadır. Nuriyyə xanımla söhbətimizdə uşaqlarda yuxu vərdişi yaratmaq haqda bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq:



-Uşağın inkişafında yuxunun hansı rolu var?

-Yuxu uşağın ümumi inkişafında böyük rol oynayır. Odur ki, ana övladının yuxu rejiminə diqqət etməli, düzgün yuxu vərdişinə nail olmağa çalışmalıdır. Yuxunun beyin dincəlməsinə, eləcə də digər orqanların ertəsi gün daha gümrah və enerjili olmasına ciddi təsiri var. Bir sözlə, azyaşlının sağlamlığı düzgün rejimlə yatmaqdan da asılıdır. Bu səbəbdən də yuxu sadəcə dincəlmək prosesi deyil. Həmçinin zehni və fiziki inkişafda da böyük rol oynayan amildir. Düzgün yuxu rejimi, vaxtında yatmaq, erkən oyanmaq olduqca vacibdir.

-Uşaq sutkada neçə saat yatmalıdır?

- Körpələrdə yuxu tələbatı daha çox olur. Amma yaş artdıqca bu tələbat tədricən azalır. Məsələn, çağalıq dövründə 18 saat yatmaq vacibdirsə, 7-12 yaşlarında bu müddət 9-10 saatı əhatə edə bilər.

-Düzgün yuxu rejimi necə qurulmalı və uşağa aşılanmalıdır?

-Hər şeydən öncə uşağın öz yatağı olmalıdır. Yaxşı olar ki, ana övladını 7-8 ayından özü ilə deyil, ayrıca yataqda yatızdırsın. Bu, balacada öz yatağında yatmaq vərdişi yaradacaq. Böyüyəndə ana ilə yatmağa alışan uşaqların yatağını ayırmaq daha çətin və mürəkkəb prosesə çevrilir.

Eləcə də övladında yuxu vərdişi yaratmaq istəyən ana qərarlı olmalıdır. Bu gün vaxtında, sabah gec yatızdırmaq yanlışdır. Əgər ana güzəştə gedərsə, bu uşağın rejimə düşməyinə əngəl yaradacaq. Məsələn, “Bu gün yanımda yat, amma sabahdan öz yerində yatacaqsan”, - deyərsə, azyaşlıda yuxu vərdişi formalaşmayacaq. Nəticədə təlim alt-üst olacaq və valideyn effekt ala bilməyəcək. Ana qərarlı olarsa, uşaq da bunu hiss edəcək və zamanla rejimə tabe olacaq.

-Uşaq axşam saat neçədə yatmalıdır?

-Axşam saat 9-da, ən geci saat 10-da artıq yuxuda olmalıdır. Vaxtında yatıb, erkən qalxarsa, yeni günə də daha gümrah oyanacaq. Azyaşlılarda günorta yuxusu da önəmlidir. Gündüz vaxtı 1-2 saat yatmaqda fayda var. Mən günorta yuxusunun tərəfdarıyam.

-Bəs yatmaq istəməyən uşaqla necə davranmaq lazımdır?

-Uşağın yatması üçün uyğun şərtlər olmalıdır. Ən önəmlisi evdə səssiz şərait yaratmaq, səs-küyü minimuma endirmək lazımdır. Uşaq bilsə ki, valideynləri onu yatmağa göndərib, özləri film izləyəcək, əlbəttə ki, yatmaq istəməyəcək. Həmçinin otaq temperaturu normal, yatağı rahat olmalıdır. Elə şərait yaratmaq lazımdır ki, uşağın yatmaqla bağlı bəhanəsi qalmasın. Övladınızda yuxu vərdişini formalaşdırmaq istəyirsinizsə, yatmağadək icra etdiyi bütün mərhələləri hər gün təkrarlatmağa çalışın. Məsələn, uşaq bilməlidir ki, hər axşam dişlərini fırçalayıb, pijamasını geyinib, yatağa uzanacaq. Bura nağıl oxumağı da əlavə etmək olar. Eyni ardıcıllıq hər gün təkrarlandığı zaman uşaq da bunu qəbul edəcək və yuxu vərdişinə daha asan alışacaq.

-Bəs uşaq yatmaq istəmir, ağlayırsa nə etməli?

-Ana qərarlı olmalı, hətta uşaq ağlasa belə fikrindən vaz keçməməlidir. Güzəştə getməklə övladınızda yuxu vərdişini aşılaya bilməyəcəksiniz. Əgər uşaq ağlayır, yatmağa etiraz edirsə, kobudluq göstərmədən, qışqırmadan, fiziki cəza vermədən yatızdırmaq lazımdır.

-Tək yatmaq istəməyən, anasının da yanında olmağını tələb edən uşaqlar var.

-Bəli, tək yatmaq istəməyən uşaqlar var. Övlad anaya çox bağlıdırsa, bir müddət yatanadək yanında qala bilər. Amma tədricən bu vərdişi azaltmaq, tək yatmağa öyrətmək lazımdır. Məsələn, ilk günlər uşağın yatağının yanında, daha sonralar 1-2 metr uzaqda dayanmaqla, az-az uzaqlaşdırmağa nail olmaq mümkündür.

-Yuxusuzluq uşaqda hansı problemlər yarada bilər?

-Yuxu rejimi olmayan, pozulan uşaqlarda aqressiya, davranış pozuntularına rast gəlirik. Həmçinin depressiyaya meyillik, həyəcan pozuntuları da müşahidə olunur.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu