Gənclikdən razı və narazı gənclər


Bu gün Gənclər günüdür. 2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Dövlət statistika komitəsinin verdiyi məlumata görə, ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyir ki,
Azərbaycan gəncliyi XX-XXI əsrlərdə istər ictimai-siyasi sferada, istərsə d, digər sahələrdə çox fəal olublar və bu gün də bu proses davam edir. 1918- ci ildə Cümhuriyyət dönəmində gənclərin xüsusi yeri olub.
Daha sonra isə Azərbaycanın müstəqilliyi üçün mübarizə dönəmində də gənclərin rolu əvəzsiz olub. SSR-nin sonuna yaxın bir dövrdə yenə Azərbaycan gəncliyi üç rəngli bayrağımızı cəsurcasına, qorxmadan uca zirvələrə qaldırdı. Sadəcə, yaxın 100 illik tarixə baxdığımızda görə bilərik ki, Azərbaycan gəncliyinin gücü nədən ibarətdir. Azərbaycanın istiqlaliyyəti , müstəqilliyi və torpaqların müdafiəsində yenə gənclər xüsusi fərqləniblər”.
Bu gün Azərbaycan gəncliyinə dövlət dəstəyinin zəifliyindən şikayətlənən müsahibimiz bildirir ki, dövlət sadəcə, öz ətrafında olan gənclərə dəstək verir: “Ölkənin isə əsas gəncliyi bu və ya digər qayğılardan kənarda qalır. Səbəb isə fərqli siyasi görüşlərə malik olmalarıdır. Bu kimi hallar demokratik dövlətlərdə yoxdur. Gənclər millətin və dövlətin gələcəyidir və onlara yanaşma eyni səviyyədə olmalıdır. Gəncliyə daima qayğı lazımdır. Onlarla mübarizə sadəcə məğlubiyyət gətirir. Buna tarixin hər dönəmində rast gələ bilərik. Azərbaycan gənci olaraq, ən böyük uğura demokratik və azad bir cəmiyyət qurduğumuz zaman çatacağıq. Bu Azərbaycan gəncliyinin ən böyük tarixi zəfəri olacaq. Mən hər zaman vətənimi və dövlətimi güclü, azad, inkişaf etmiş demokratik görmək istəmişəm. Bugünkü, mübarizəmiz və getdiyimiz yolda məhz bu yöndədir. Azərbaycanı Avropaya inteqrasiya etdirmək, NATO-da görmək. Torpaqlarımızı azad etmək və dünyada siyasi prosesləri yönləndirmək gücünə sahib olan bir dövlət görmək. Bu gün isə gələcək! Azərbaycan üçün dünyada Azərbaycanı təmsil etməklə bunlara nail olmaq istəyirik! Bir ölkənin inkişafı üçün gənclərə qayğı bərabər səviyyədə olmalıdır. Mən Azərbaycan dövlətinin bütün gənclərə eyni tərzdə qayğı göstərməsini arzu edirəm. Azərbaycan dövlətin də gənclərin məhdudiyyətləri çoxdur və onlar rahat şəkildə öz güclərini və potensiallarını göstərməkdə çətinlik çəkirlər. Demək olar ki, gənclərin ölkədə perspektivləri bu gun ki, tarixdə sıfıra bərabərdir. Buna görə də, Azərbaycan gəncliyi Avropa və Amerikaya üz tutur, öz potensialını orda nümayiş etdirir. Savadlı və intellektual gəncliyin kütləvi şəkildə ölkədən xaricə getməsi sabah ki tarix üçün çox böyük problemlərdən xəbər verir. Ölkəni savadlı gənclik tərk etdiyi zaman yerini radikal dinə meylli şəxslərə buraxır ki, bu da çox böyük problemdir. Avropa da, Amerika da Yaponiya da, ümumiyyətlə, inkişaf etmiş ölkələrdə istər ictimai-siyasi istər də, digər sahələri əsasən gənclər təşkil edir. Bu gün Azərbaycanda vəzifədə olanların demək olar ki, 90 faizi yaşı 50-dən yuxarı olan şəxslərdir. Bu da, ölkədə gəncliyin hansı durumda olduğundan xəbər verir. İstəyim odur ki, istər ölkədə, istərsə də ölkədən kənarda çox savadlı gəncliyimiz mövcuddur . Onlara bütün sahələrdə yol açılsın və artıq gənclərə işləri təhvil verməyin zamani gəlsin”.
Müsavatçı gənc Tural Abbaslı da gənclərin qarşılaşdığı problemlərdən danışdı: “Azərbaycanda istər ictimai-siyasi sfera olsun, istər digər sahələr gənclərin rolu və mövqeyi qaneedici səviyyədə deyil. Yəni, düşünürəm ki, həm hakimiyyət, həm də xalq olaraq gəncliyin potensialından kifayət qədər faydalanmırıq. Avropa dövlətləri ilə müqayisə etsək, bu sahədə nə qədər geridə qaldığımızın şahidi olarıq . İnkişaf gəncliyin proseslərə cəlbi ilə düz mütənasiblik təşkil edir. Azərbaycanda təəssüflər olsun ki, gənclərin maraq və fəaliyyət sahələri də məhduddur. Yəni, istər gənclərin özlərini yetişdirmək üçün şərait, istərsə də öz potensiallarını realizə etmək üçün şəraitləri yoxdur və yaradılmayıb. Bu da ki, təbii ki, bir başa dövlətdən və hökumətdən asılı məsələdir. Ümumiyyətlə, dövlətin gənclərə real dəstəyi çox aşağı səviyyədədir. Belə qayğı çox məhdud sayda ətraflarında olan bəzi gənclərə göstərilir. Bu gün cəmiyyətdə ən zəif və ən acınacaqlı vəziyyətdə sosial kəsim gənclikdir. Gəncliyə dəstək real, ardıcıl, planlı və bir başa olmalıdır. Ötən il mənim də uğurlarım gəncliyin uğurları kimi minimum səviyyədə idi. Bunlara uğur da demək olmaz. Əldə edə biləcəklərimizlə əldə etdiklərimizi müqayisə etsək, real vəziyyət bir daha ortaya çıxar. Gənclər siyasəti ilə bağlı isə bir təklifim var: Dünyanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Artıq dünya praktikasında sınaqdan keçmiş və uğur qazanmış gənclər siyasətini Azərbaycanda da tətbiq etmək lazımdır. O zaman hər şey qaydasına düşəcək”.

Gənc politoloq Ramiz Alıyevin sözlərinə görə, Azərbaycan gəncliyi xoşbəxtdir ki, Heydər Əliyev kimi lideri olub və hazırda da prezident cənab İlham Əliyev kimi lideri və rəhbəri var: "Hər xalqa, hər ölkənin gəncliyinə bu cür xoşbəxtliklər qismət olmur. Bu gün Azərbaycan gənci Bayrağımızı Beynəlxalq idman arenalarında qaldırır, himninizi səsləndirir, yüksək təhsili ilə hər ölkənin gəncinə nümunə göstərilir, səngərlərimizdə düşmənin bütün təxribatlarına layiqli cavab verib düşməni susdurmağı bacarır, dünya musiqi aləmində Azərbaycan gəncinin xüsusi yeri var. Ölkəmizi həm daxili həm də xarici təhlükələrdən yüksək səviyyədə qoruyan gənclərimiz var, ictimai və siyasi arenada ölkəmizin marağını üstün tutaraq dövlətimizə ləyaqətlə xidmət edən gənclərimiz var. Ölkəmizin və dövlətimizin inkişafı naminə öz yazıları ilə və ictimai fəallığı ilə KİV və QHT sektorunda çalışan dəyərli gənclərimiz var və bu siyahını fəxr hissi ilə davam etdirmək mümkündür. Bütün bu uğurlu fəaliyyətlərin ən əsas məğzi Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etməkdir ki, bunu da Azərbaycan gənci yüksək səviyyədə bacarır. Bu inkişafın, bu tərəqqinin banisi, memarı ulu öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyevdir!"

NÜŞABƏ

[img]http://afn.az/uploads/posts/2015-02/1422879601_ferrux.jpg[/img]

[img]http://afn.az/uploads/posts/2015-02/1422879542_tural.jpg[/img]

[img=left]http://afn.az/uploads/posts/2015-02/1422884896_ramizz.jpg[/img]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu