Zəngilandan olan tanışımızın evini özüm tikəcəm – usta ilə söhbət


Suvaqçı və hörgüçüdür. 1986-cı ildə İsmayıllı rayonunun Topçu kəndində doğulub, hazırda da orada yaşayır. 10 ildən çoxdur ki, ustalıq edir.



Budəfəki həmsöhbətimiz Səlimov Hikmətdir. Doğulub böyüdüyü kəndin turistik zona olması onun da “işinə yarayıb”: “Hazırda bizim rayonda işlər boldur. Düzdür, karantinlə əlaqədar bir ara zəiflik oldu, amma indi normaldır. Yayda xüsusilə çox olur işimiz. Bizim kəndimiz turistik zonadadır, buradan torpaq alıb ev tikən, tez-tez təmir dəyişən çox olur. Yay aylarında, demək olar ki, ailəmizin üzünü görmürük”.
H.Səlimov heç bir ali təhsil almayıb. “Oxumamısansa da nə edəsisən, ya gərək fəhlə olasan, ya da usta” deyir: “Mən də bu sənəti seçdim və bu sahədə usta olmaq qərarına gəldim. Şükür, öhdəsindən gələ bildim. Necə deyərlər, xalqımıza xidmət edirik. Mənim bu sahəyə gəlməyimə səbəb qohumlarım, dostlarım, xüsusilə də atam olub. Elə ondan keçib mənə sənətə həvəs.
İşini sevən adam üçün heç bir iş ağır deyil, o cümlədən də bizim işimiz. Çörəkpulumuz burdan çıxır, ağırdır, bacarmırıq deyə bilmərik. Daim fərdi evlərin tikintisini reallaşdırırq. Bütün evi götürüb tikib təhvil verib çıxırıq. 4 nəfərlik briqadamız var”.
Hikmət ustanın 1 oğlu, bir qızı var. Uşaqları hazırda körpədirlər. Lakin bütün atalar kimi həmsöhbətimizin də övladlarına yaxşı təhsil vermək, normal gələcək təmin etmək əsas arzularından biridir: “Qızım məktəbə getmir hələ, amma oğlum 4-cü sinifdə oxuyur. Onun yaxşı təhsil almasını nəinki arzulayıram, hətta xüsusi diqqət göstərirəm bunun üçün. Bilirsiniz, mən özüm oxumamışam, amma övladlarımın oxumasını istəyirəm. Çünki ailəmizdə oxuyanlar var, bacılarım oxuyub və mən görürəm ki, onlar üçün yaşayış daha asandır. Sənət də pis deyil, ailə saxlamaq üçün lazım gələndə öyrənib işləmək olar. Amma rahat iş tamam başqadır”.
Hikmət Səlimov səbirsizliklə erməni işğalından azad edilən torpaqlarımızda tikinti-bərpa işlərinin başlanmasını gözləyir: “Zəngilandan tanışımız var. Öz evini tikdirəndə işini bizə gördürmək istəyir. Sevə-sevə gedib işləyəcəm onun evində. Başqa da kimin ehtiyacı olsa, gedərəm”.
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu