AFN.AZ / Bir stəkan süd...-

Bir stəkan süd...-

Millət vəkili Adil Əliyev öz facebook səhifəsində ibrətamiz bir hekayə paylaşıb. AFN həmin hekayəni maraqlı olduğunu nəzərə alaraq təqdim edir:

Soyuq dekabr günlərindən biri idi. Təhsilhaqqını ödəmək üçün xırda məişət əşyaları satan balaca Adəm həm aclıqdan, həm də yorğunluqdan tir-tir əsirdi. Aclığa tab gətirməyib ömründə birinci dəfə tanımadığı evin qapısına yaxınlaşır. Özündə güc tapıb soyuqdan donmuş balaca əlləri ilə qapının zəngini basır. Qapını cavan qadın açır. Adəm özünü itirdiyindən, nə edəcəyini bilməyib bir stəkan su istəyir. Amma qadın onun ac olduğunu başa düşür, tez evinə qayıdır və bir stəkan isti süd gətirir. Adəm südü iştahla içir və dərhal nə qədər verəcəyini soruşur. Qadın deyir:

- Heç bir şey, anam bizə xeyirxah işlərə görə kimsədən pul almamağı tapşırardı.

Adəm təbəssümlə deyir:

- Onda mən sizin mehribanlığınıza görə Allaha dua edəcəyəm.

Adəm oranı tərk etdikdən sonra özünü gümrah hiss etməklə yanaşı, Allaha olan imanı və etimadı da güclənir. Üstündən neçə-neçə illər keçir. Adəmin yaşadığı məhəllədə çox şeylər dəyişilir. Həmin qadın qocalıb xəstəlik yatağına düşür. Yerli həkimlər qadının dərdinə əlac tapa bilməyib şəhərin yerli xəstəxanasına göndərirlər. Xəstəxananın baş həkimi Adəm Zəkir xəstəni müayinə etmək üçün baş məsləhətçi olaraq dəvət olunur. O, xəstənin haradan gətirildiyini eşidəndə ağır keçirdiyi uşaqlıq illəri gözləri önünə gəlir. Adəm palataya daxil olduqda o saat bir vaxtlar ona mehribanlıq göstərən qadını tanıyır. Həkimlərlə məşvərət etdikdən sonra qadının müəyyən olunmayan xəstəliyinin müalicəsinə xüsüsi diqqət göstərməyə başlayır. Nəhayət, xəstəliyin səbəbləri müəyyən edilib müalicə olunur. Doktor Adəm Zəkir qadının xəstəxana hesabını ona gətirmələrini xahiş edir. Qəbzə nəzər saldıqdan sonra altında nə isə yazıb öz imzasını qoyur və bundan sonra onun qadına verilməsinə icazə verir. Qadın zərfi aldıqda onu açmağa belə qorxurdu. Çünki yoxsulluq onu olduqca ağır vəziyyətə salmışdı. O, köhnə evi satsaydı belə, yenə də qeyd olunan məbləği ödəyə bilməyəcəkdi. Qadın üzünü Allah dərgahına tutaraq, Ondan kömək diləyir. Özündə cəsarət tapıb zərfi açır və dərhal məbləğə nəzər salır. Məbləğin altında əl ilə yazılan bu sözləri oxuyur: "Müalicə pulunuz bir stəkan süd ilə ödənmişdir".

Heyrətə gələn qadın dərhal bir vaxtlar süd verdiyi balaca oğlanı xatırlayır. Gözləri yaşla dolur və nə edəcəyini bilmir. Titrək səslə dəfələrlə bu sözləri təkrar edir:

- Allahım, şükür olsun Sənin kərəminə. Sən nə qədər böyük, nə qədər əzəmətlisən. Allahım şükür olsun Sənin birliyinə. Allahım, Sən Öz bəndələrinə nə qədər mehriban və mərhəmətlisən.

Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Məhəmməd (s.a.a.s) buyurur:

-Kim öz halal qazancından saf niyyətlə, hətta əgər bir xurma verərsə, Allah-təala onun əvəzini o qədər artırar ki, xurma dağ qədər böyüyər.

7-01-2017, 15:38
Geri qayıt