AFN.AZ / 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb

460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb

2016-cı ildə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12628 nəfər olub.

Bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib. Onun sözlərinə görə, hazırda müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə isə bu rəqəm 23962 nəfər təşkil edib.

Baş hematoloq bildirib ki, ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.

2016-cı ildə 522 639 laborator müayinə aparılıb ki, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir.

Ç. Əsədov qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi aparılır. Onun sözlərinə görə, keçən il nikahqabağı müayinədən 143 min 694 nəfər keçib: “Nəticədə 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.

Baş hematoloq qeyd edib ki, Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu qeydiyyatdadır. Onun sözlərinə görə, bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəliklərini təşkil edir. "Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricidir. Bu göstərici dünya üzrə 50 faizi təşkil edir. Çox narahatedici amillərdən biri odur ki, leykoz xəstəkilərə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir".(azvision)
11-01-2017, 12:50
Geri qayıt