AFN.AZ / Sevgidən doğulan 3 qızın məhəbbət dolu

Sevgidən doğulan 3 qızın məhəbbət dolu



Nigar 3 bacının ikincisidi. Ailədə 3-cü qız övladı dünyaya gələndə atası məyus olub. Böyük həvəslə oğlunun olacağını gözləyən ata sanki dünya başına uçubmuş kimi öz anasının yanına gedib. Anası bikef olmasının səbəbini soruşanda halı lap pis olub(?).

- Kiçik bacım anadan olanda atam gedib anasının yanına. Nənəm soruşub ki, niyə belə kefsizsən? Atam deyib ki, yenə qızım oldu. Nənəm ona təsəlli verib, xeyirli övlad olacağına inandırıb. Deyib ki, qızına mənim adımı qoy, onu çox sevəcəksən. Elə də oldu. Anasının adını daşıdığı üçün atam kiçik bacımı daha çox sevirdi. Və öz hərəkətindən də çox peşiman idi. Belə etdiyinə görə daim özünü danlayırdı, qınayırdı. Ailəmizdə 1 oğlan uşağı da dünyaya gəlib. Ancaq o, çox yaşamayıb. Qardaşımız rəhmətə gedəndən sonra atam başa düşdü ki, burda nəsə hikmət var. Həmişə Allaha şükür edərək qızları ilə fəxr etdiyini deyirdi. Biz bacıları həddən artıq çox sevirdi. Hər zaman deyirdi ki, mən 3 qızı gözəl əxlaqla böyütsəm, Allahın izni ilə cənnətə düşəcəm. Bundan gözəl nemət ola bilməz.

Cənnət həvəsli ata

Atasından daim sevgi, nəvaziş görən qızlar ancaq gələcək barədə planlar qurur, təhsil almaq, karyera qurmağı düşünürdülər. Ancaq Nigarın və 2 bacısının atalı günləri də çox çəkməyib. O, 2006-cı ildə rəhmətə gedib.
- Atam dünyasını dəyişəndə mənim 12 yaşım vardı. Böyük bacım 17, kiçik bacım isə 9 yaşında idi. O vaxt biz çox sarsıldıq. Atasız yaşamağı təsəvvür belə edə bilmirdik. Ancaq zamanla alışdıq. İndi bilmirəm atam cənnətə getdi, ya yox. Amma çox inanıram ki, elə cənnət’ gedib. Çünki biz ondan çox razıyıq. Çox yaxşı ata idi. Həmişə deyirdi ki, qızlarımın saçının bir telini 100 oğula dəyişmərəm. Digər ailələrdə olduğundan fərli olaraq qohumlarımız da heç zaman anama təzyiq etməzdilər. Əksinə, nənəm hər zaman ona dəstək olardı. Anam 3 qız dünyaya gətirib böyütdüyünə görə heç vaxt məyus olmazdı. Bizi çox sevirdi. Biz də daim valideynlərimizə sevgi, hörmətlə böyüdük. Çətin vaxtlarda onların yanında olduq, etimadlarını doğrultduq.

Amansız xəstəlik onu yaxaladı

Nigarın atası rəhmətə gedəndən sonra anası qızları əziyyətlə böyüdür. Lakin bu dəfə də ağır sınaq bu ailədən yan keçmir.
- Mən 11-ci sinifdə oxuyanda anamın xərçəng xəstəsi olduğunu öyrəndim. Çox pis hallar yaşadım. Atam yox idi, anam da ağır xəstə idi. Biz nə edəcəyimizi bilmirdik. Allaha çox şükür ki, anam müalicə aldı və yaxşı oldu. Mən onun xəstəliyini daha çox yaşadım. Böyük bacım tez ailə qurdu. Anama mən baxdım. Eyni zamanda oxudum, hazırlığa gedirdim. Və nəhayət Bakı Dövlət Universitetinə qəbul oldum. Bu, anam üçün daha böyük şəfa mənbəyi oldu. İndi magistratura pilləsində 2-ci kursdayam. İşim də var. Burda qohumlarım mənə böyük dəstək oldular. Onların köməyi ilə ali təhsil aldım. İndi özəl şirkətlərdən birində çalışıram. Anamın da vəziyyəti çox yaxşıdı. Böyük bacımın öz ailəsi var. Kiçik bacım isə anamın yanındadı. Anam hər zaman bizə baxıb həm fəxr edir, həm də sevinir ki, nə yaxşı ki, qızlarım olub. Deyir, oğlan olsaydı bəlkə də normal baxmazdı, səhər çıxıb axşam gələrdi və ya evlənib ayrılardı. Ancaq qızlarım mənə dayaq oldular Buna görə ağır xəstəlikdən sonra yenidən ayağa qalxdım. Anam bu sözləri tez-tez təkrarlayır və bizə görə çox sevinir.

İşləyib ailəsinə dayaq olur

Qeyd edək ki, bütün çətinliklərə baxmayaraq, ana qızlarına bacardığı qədər təhsil verə bilib. İndi onların hamısı peşə sahibidi. Nigarın böyük bacısı 2009-cu ildə ailə qurub, 2 övladı var. Tibb kollecini bitirdikdən sonra Tovuzda tibb bacısı kimi çalışır. Ailəsi də çox uğurlu alınıb. Qadın xoşbəxtliyini yaşamağa nail olub.
Balaca bacısı isə Tovuz Peşə Məktəbində təhsil alıb. Hələ ki subaydı. Ona da normal ailə nəsib olacağına ümid edirlər.
- Mən də dərslərimlə məşğulam. Eyni zamanda ailəmizin bütün maddi problemlərini öz üzərimə götürmüşəm. Ona görə indi gələcək üçün ciddi planlarım yoxdur. Magistr diplomunu alandan sonra özüm üçün nələrsə əldə etməyə çalışacam.

Mən özümü gördüm, bəs sən?

Yəqin oxuduqca çoxunuz özünüzü bu yazıda gördüz. Bəziləriniz qızını sevməyən ata kimi, bəziləriniz oğlunu əzizləyib qızlarını unudan valideyn kimi, bəziləriniz ata-ana sevgisindən məhrum olan qadın kimi, bəziləriniz atasından aşırı sevgi görüb bacısını hər addımda incidən, həyata küsdürən qardaş kimi...
Mən də bu yazıda özümü gördüm. Nigar danışdıqsa elə bilirdim mənim həyatımı incələyir, ailəmizin taleyini söyləyir. Bircə fərqimiz var ki, mənə ata sevgisini tam yaşamaq nəsib oldu. 3 qızı ilə fəxr edib nəvələrini əzizləyən valideynlərimin dilindən bu hədisi tez-tez eşitdim:
Bir gün səhabələrdən biri Həzrəti Peygəmbərim Məhəmməd Mustafaya (s.a.s) övladlarla bağlı maraqlı sual verir:
- Əfəndim, Siz qız uşaqlarınızı çox sevirsiz, yoxsa oğlanlarınızı?
Peyğəmbər Əfəndimiz öz alicənablığı ilə ona cavab verir:
- Allah Təala övladlar arasında fərq qoymağı qadağan edib. Onun dərgahında hamı eynidi. Hansının daha xeyirli övlad olduğunu yalnız Uca Yaradan bilir. Ancaq əgər övladlar arasında fərq qoymaq mümkün olsaydı, mən qızlara üstünlük verərdim.

Bir təhsilli qadın...

Məncə əlavə şərhə ehtiyac yoxdur. Övladlar arasında fərq qoymaq, qızları cəmiyyətdən kənarlaşdırmaq ancaq sizə ziyan vura bilər. Qız övladınız isə bir ömür komplekslərlə yaşamağa məcbur olacaq. Buna imkan verməyin!
Yeri gəlmişkən, atam Hacı Zeynalabdin Tağıyevin məşhur kəlamını tez-tez xatırladırdı: “Bir təhsilli kişi 1 dünyagörüşlü, perspektivli vətəndaş deməkdir. Ancaq bir təhsilli qadın bir təhsilli ailə deməkdir”. Bəli! Qızınıza bəzəkli don, bahalı ayaqqabı, gözəl çantalar, aksesuarlar almaya bilərsiz. Ancaq ona mütləq təhsil verin, lap öz sağlamlığınız bahasına başa gəlsə belə. Elə Nigarın anası kimi.

Fərqanə Allahverdiqızı

Yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən içra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.
9-08-2017, 13:54
Geri qayıt