AFN.AZ / Mən kəndliyəm...

Mən kəndliyəm...



“El ilə gələn dərd toy-bayramdır”, “El bir olsa zərbi-kərən sındırar”, “El gücü, sel gücü”... deyib atalarımız. İndi haradan alaq o birliyi, o sel gücünü? Hanı söz deyən, əməl edən atalar? Əcəl aldı, yer gizlədi? Bəli, əcəl, zaman apardı onları. Yerini biz tutduq. El nədi, mən deyən düzdü, mən hər şeyin düzgününü düşünürəm, mənim bildiyim tam bir gerçəyin özüdür... Biz də bu cür deyirik.

Məsələn, deyirik ki, kəndlilər gəldilər Bakını korladılar. Kəndlilər ayaq açalı Bakıda Bakılıq qalmadı. Guya əxlaqsızlar da, oğrular da, narkomanlar, alkoqoliklər də hamısı kənddən gələnlərdi. Bakıda doğulub-böyüyən heç bir insan oğlu bu pis əməlləri törətməzmiş. Həm də bunu bakılı da deyir, rayonlu da, kəndli də. Əsli-nəsli kəndli olan, atası orta məktəbi kənddə bitirib ali təhsili Bakıda alıb Bakıda qalan və sonra da gedib kənddən anasını alıb gətirib Bakıda bay olan uşaqlar da deyir “mən bakılıyam”. Nədi nədi, Bakıda doğulub-böyüyüblər...
Bakıda Bakılıq qalmayıb deyirlər. Guya Şəkidə Şəkilik, Gəncədə Gəncəlik, Sumqayıtda Sumqayıtlıq qalıb... 1960-1970-ci illərdə Bakı belə deyildi deyir yaşlı bir insan. Guya o illərdə Bakıda rayonlu, kəndli yox idi, bütün zavodlarda, fabriklərdə, idarə-müəssisələrdə işləyən bakılılar imiş, universitetlər ancaq Bakıda doğulub-böyüyən, “korennoy” bakılıları üçün idi, rayonlardan, kəndlərdən tələbələr, fəhələlər yox idi Bakıda. Guya Neft Daşlarında ancaq bakılılar əliqabarlı neftçilik edir, ölkənin tələbatını ödəyirdilər. Guya onda şəhərlərdə oğurluq, əxlaqsızlıq, narkomanlıq yox idi.
Yadıma düşmüşkən bir hadisəni qısaca qeyd edim. Tanıdığım biri o illərdə Sumqayıtda yaxşı vəzifədə çalışırmış, bir neçə evli qadınla münasibətdə olduğu üçün həyatına təhlükə yaranıb, vəzifəni, karyeranı atıb üz tutub kəndinə. Amma orada da boş dayanmayıb. İndi yaddaşlarda “babnik” kimi qalıb. “Babnikliyinə” görə başı bəlalar çəkən, karyeradan olan biri kimi...
Sözümün canı odur ki, nə Bakı dəyişib, nə bakılılar. Bakını dəyişdirən kəndlilər, kənddən gələnlər də deyil. Dəyişən dövrdür, zamandır, şəraitdir, texnologiyadır. 21-ci əsrdə yaşayırıq, 20-ci əsrin Bakısını, Şəkisini, Gəncəsini axtarırıq. 1960-70-ci illərdən bəri gəlin görək cəmiyyəti idarə edən qayda-qanunlar, gündəlik həyatımızda istifadə etdiyimiz texnika, texnologiya nə qədər dəyişib, necə inkişaf edib? Minlərlə qanun qəbul edilib, minlərlə qanuna əlavə və dəyişiklik edilib, minlərlə normativ-hüquqi akt qəbul edilib, dəyişib, müasirləşib, dövrün, zamanın tələbinə uyğunlaşıb. Texnoloji yeniliklər haqda ümumiyyətlə danışmıram. İndi deyirsiz Bakı dəyişməyəydi?
Kənardan Bakıya axışıb gələn insanları qınayanları həmişə qınamışam. Əvvəla, bacarırsızsa onları bura gətirən səbəbləri axtarın tapın, daha sonra cəsarətiniz çatırsa o səbəbləri yaradanları tənqid edin. Gedin hökumətdən tələb edin regionları inkişaf etdirsin, zavodlar, fabriklər açılsın, artan əhali sayına, tələbata müvafiq iş yerləri açılsın. Tələb edin ki, oliqarx-məmurlar bazarları xaricdən gətirdikləri kənd təsərrüfatı məhsulları ilə doldurub kəndlinin becərdiyi məhsulu şumdaca çürütməsin. Və ən başlıcası, tələb edin ki, işğal olunmuş torpaqlar qaytarılsın, bəyənmədiyiniz, “Bakını korladılar” dediyiniz məcburi köçkünlər qayıtsınlar öz yurd-yuvalarına. Bütün bunları tələb edib ala bilsəniz, sonra yenə Bakı belə dolub-daşsa siz deyəndir. İndi isə susun! Sadəcə susun ki, onsuz da haqları tapdanan insanlar aşağılamayın. 21-ci əsrdə bu söhbətlər edilməməlidir, insan insana, soydaş soydaşa yuxarıdan aşağı baxmamalıdır...
P.S. Siz bakılı olun biz kəndli, düşməyin bizim pis təsirimiz altına, bizi öz yüksək dəyərlərinizə uyğunlaşdırın. Mən kəndliyəm!


12-09-2017, 16:39
Geri qayıt