AFN.AZ / Metroda mütaliə...

Metroda mütaliə...



Vüsal BAĞIRLI



Döngəni burulub keçidin yanındakı kitab dükanına çatıram.

Başı məchul bir telefon oyununu səylə oynamağa qarışmış satıcının yanında dayanıram. Agımtıl yaşıl rənglənmiş köhnə rəflərdə çəpinə və eninə duzulmuş kitab sıralarını nəzərdən keçirirəm.

Diqqətimi iki əsər cəlb edir. Dostoyevskinin “Ölü evdən qeydlər” və Kutzeenin “Barbarları gözləyəkən”i. Qiymətinə baxıram. Bu dəfə ikisini də almağa pulum yoxdur. Seçim etməliyəm. Hansını? Qərar verə bilmirəm. Qoy püşk müəyyən etsin. Dəmir pul havada fırlanaraq ani parıltıyla ovcuma düşür. Satıcı oyundan ayrılıb təəccüblə mənə baxır. Eybi yox, qoy bu dəfə olsun klassik ədəbiyyat.


Yeni təmir olunmuş metronun işiqli perronunda əlimi çantama atiram. Ehmalca “yol yoldaşımı” əlimə götürürəm Bu bir az əvvəl aldığım həmin o kitabdır.

Metroda kitab oxumağın müxtəlif özəllikləri var. Yeraltı dünya tanrısı Aidin səltənətində bu mənə ev və iş arasındakı dokkuz stansiyalıq gündəlik marşrutun darıxdırıcı özəlliklərini dəf etməyə kömək edir.

Perrondan qatara ayaq basarkən aşkar edirsən ki, hər şey ilk baxışdan göründüyü qədər asan və rahat deyil. İçəridəki basabas və vur-çatlasın içərisində bir sərkərdə uzaqgörənlıiyi ilə qərar qəbul edib, kitab oxumaq üçün uyğun yer seçməlisən. Əks halda 40-45 dəqiqəlik uzun yolda, kiminsə yorğun və bikef üzü, digərinin boşboğazlığı səni təqib edəcək. Mən adətən bunun üçün kürəyimi “söykənməyin” yazılmış istifadəsiz qapiya dayaq edirəm. Bu mövqe digər yerlərdən nisbətən əlverişlidir.
Kitab oxumağa dalarkən fiziki bədənimiz yırğalanaraq tunellə hərəkət edən qatarda olsa da, şüurumuz zaman və məkan səddini aşaraq əsərin içinə baş vurur.....

Bu zaman müxtəlif unikal hadisələr baş verə bilər. Bəzən üzündən zəhrimar yağan qaşqabaqlı biri təsbehini burnunun ucunda oynadaraq deyir:

- Qərdeşim, nə oxuyursan belə, avtoritetlərdən yazıblar?
Başımla təsdiq edirəm.
İki oğlan yanımda dayanır. Biri dirsəyi ilə dümsükləyir:
- Kim haqqında oxuyursan?
Qatarın yeknəsəq səsinə qarışan səsim zəifləyərək inamsız səslənir:
- Qoqol
Gülüşmə səsi eşidilir:
- Ala, sən qoğalı hələ indi başlamısan?

Digəri oxuduğum əsəri haradan ve neçəyə aldığımı dəqiqləşdirir və hətta kitabın fotoşəklini də çəkir.

Beləliklə, mütaliə zamanı özünün də xəbərin olmadan diqqəti cəlb edir, istəmədən və bilmədən kitab satışının havayı işləyən reklam agentinə çevrilirsən. Istənilən halda, metroya minərkən özünüzlə kitab götürün. Bu, ən faydalı məşğuliyyətdir....




12-09-2017, 18:12
Geri qayıt