AFN.AZ / Moskva sertifikatları?!

Moskva sertifikatları?!

Moskva sertifikatları?!


Və ya Şamaxının Sabir qəsəbə məktəbində nələr baş verir?



Media yazılarının növbəti monitorinqini aparmağımız yeni tipli mövzuların üzə çıxması ilə sonuclandı. Yeni dərs ilinin start götürməsi ilə bir arada ölkə boyu bir sıra məktəblər, xüsusilə də təhsil sahəsindəki problem və nöqsanlar gündəmi zəbt etməyə başladı. Bu da təbiidir. Yəqin bilavasitə gələcəyimizin “onurğa sütunu”nun dayanılıqlığını təmin və ya şikəst edə biləcək bu sahədən dolayı xüsusi narahatçılıqlar onu əsas mövzulardan birinə çevirdi. Amma media üçün kimin nə deyib, nə yazmasından daha çox, ortada olan faktlar, sənədlər əsasdır. Media faktlarla işləməyə daha çox üstünlük verir ki, kimin haqlı və ya haqsız olduğunun konturlarını daha dəqiq aşkara çıxara, cıza bilsin.

Monitorinqimiz zamanı diqqətimizi çəkən əsas mövzulardan biri Azərbaycanın qədim təhsil, ədəbiyyat, mədəniyyət beşiklərindən sayılan Şamaxı rayonundakı Şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında baş verən saysız-hesabsız qanunsuzluq halları ilə bağlı oldu. Məktəbdə baş verənlər barədə aşağıda əksər məlumatları diqqətinizə çatdıracağıq. Monitorinqin nəticəsini isə bəri başdan bilməyiniz vacibdir ki, məktəb haqqında yazılanlar nəinki sənəd və faktların dili ilə, heç tutarlı arqumentlərlə belə təkzib olunmayıb. O da məlumunuz olsun ki, qeyd etdiyimiz yazılar kompleks şəkildə olmasa da, ayrı-ayrı detalların işıqlandırılması baxımından ölkə mediasının əsas ruporlarından sayılan bir sıra kütləvi informasiya vasitələrində - Bizimyolinfo.az, Modern.az, Mektebgushesi.az, Yenizaman.az, Dia.az, Aztehsil.com, Xalqxəbər.az, A24.az kimi media qurumlarında ictimailəşərək oxuculara çatdırılıb. İnsafən, həmkarlarımız jurnalistikanın qızıl qaydalarını göz ardına alaraq, məktəbin direktoru Gülnur Babaşovaya qarşı tərəf kimi müraciət edib onun da münasibətini öyrənmək istəyiblər, direktor isə yalnız “yalandır, şər-böhtandır” deməklə qeyd etdiyimiz kimi heç bir fakt ortaya qoymadan telefonunu qapadıb. Direktora müraciət edərkən analoji situasiya ilə biz də qarşılaşdıq. O, artıq ümumiyyətlə suallarımıza cavab verməkdən müxtəlif bəhanələrlə imtina etdi. Bu arxayınçılığın – mediaya saymazyana münasibətin arxasında kimlər dayanıb, bilmirik. Hər halda bu bizim yox, hüquq-mühafizə orqanları əməkdaşlarının təhqiqatı nəticəsində ortaya çıxarılması mümkün bir əməl kimi anlaşılmalıdır. Bizim təkrar-təkrar müraciətlərimizi isə mobil telefondan olan zənglərimiz təsdiqləyir...

Keçək direktora müraciətimizin əsas məğzinə. Direktor təhsil ocağının rəhbəri kimi hansı şikayət xarakterli məlumatları cavablandırmalı idi? Bu bəlkə də kimlərəsə kiçik məsələ kimi görünə bilər. Amma nəticənin cinayət xarakterli olub-olmaması və ən əsası təhsilə - sözün birbaşa və ya müstəqim mənasında gələcəyimizin kor edilməsinə vura biləcəyi zərbələrin miqyası şübhəsiz ki, heç nə ilə müqayisə edilə bilməz. Təhsilin keyfiyyəti haqqında düşünməkdənsə, Azərbaycan Prezidenti yanında Bilik Fondunun Şamaxı nümayəndəsi statusunda bu fondun “Təşəkkürnamə”sini, “İlin müəllimi” kimi nominasiyaları əldə etməklə işinin əsl mahiyyətini arxa plana keçirmək nə dərəcədə yolveriləndir görəsən?! Şikayətlərlə, saxtakarlıqlarla bağlı internet portalları və qəzetlərin suallarına “vaxtım yoxdu, danışmaq istəmirəm” deyən direktor, KİV haqqında bütün normativ aktları adlayaraq əməllərini ört-basdır etməyə çalışır.

...Mətbuatda gedən yazılardan sonra məktəbdə baş verənlər barədə yeni-yeni faktlar da üzə çıxmağa başlayıb. Onlardan biri də müəllimlərə yerli-dibli saxta sertifikatların verilməsi faktıdır. Bir neçəsi medianın və medianı monitorinq qrupunun əlində olan sertifikatlara baxanda ölkəmizin təhsil sisteminin başına necə oyunlar açılmasının canlı şahidlərinə çevrilirsən. Təsəvvür edin ki, Azərbaycandan, hətta Şamaxıdan kənara çıxmayan müəllimlərin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən “Университет Информационных Технологий”-nin 72 saat hesablı kompüter kursunu bitirməsi necə mümkün ola bilər?! Gülnur xanım bu universitetin rektoru А.B.Şkredin adından saxta sənədləri necə əldə edə bilərdi?! Bunu ya böyük bir qrup, ya da “kiməsə” arxalanan birisi tərtib edə bilər. Gülnur müəllimə bu sertifikatları müəllimlərə biri 100 manatdan olmaqla satıb. Bir daha qeyd edirik ki, sertifikat almış müəllimlərin nəinki hansısa ölkəyə getməsi, hec Şamaxı rayonundan kənara çıxması nə rəsmi sənədlərdə öz təsdiqini tapmayıb, nə də müşahidə belə olunmayıb. Ümumiyyətlə, niyə məhz Moskvanın “Университет Информационных Технологий” təhsil ocağı seçilib? Bu saxtakarlığa nə hacət var idi?! Kompüter kurslarını Azərbaycanda keçmək mümkün deyildimi? Suallar çoxdur təbii ki... Amma Gülnur müəllimə bu sualları ona verə biləcək bir kimsəni dinləmək belə istəmirsə, bu addımın arxasında kimlər dayanıb görəsən?! Təhsilimizə vurulan zərbənin məsuliyyətini bölüşənlər varsa, o zaman özləri meydana çıxıb direktorun yerinə suallarımızı cavablandırsınlar. Əks halda, bu yazını media qurumu olaraq özümüz müvafiq hüquq-mühafizə orqanlarına ünvanlamaq məcburiyyətində qalacağıq.

Bəs məktəbin daxilində nələr baş verib? Azərbaycan Respublikası Təhsil Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng vuraraq şikayətlərini çatdırmış məktəbin pedaqoji kollektivinin ayrı-ayrı nümayəndələri bildirirlər ki, Gülnur müəllimənin vakansiyalardan gizlətdiyi ştatların dərs saatları çox qəribə şəkildə - qeyri-ixtisas müəllimlərinin arasında bölüşdürülüb. Təbii ki, burada da müəllimlər arasında “ögey-doğmalıq” prizması əsas tutulmaqla... Təsəvvür edin ki, hətta məktəbdə dil-ədəbiyyat müəllimi işləyə-işləyə bu dərsləri başqa ixtisasdan olan müəllimlər tədris edirlər. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri “peşkəş edilib”. Bunun adı təkcə dostluq, rəfiqəçilik deyil, bunun adı həmçinin təhsilə, ölkəmizin gələcəyində hansısa müsbət addımları ola biləcək şagirdin gələcəyinə xəyanət deyilmi?! Üstəlik ölkə əhalisinin gəlirləri, ödədiyi vergilər hesabına fəaliyyət göstərən məktəbin bu dövlət vəsaitini göyə sovurması deyilmi?!

Yeri gəlmişkən, dostluq, qohumluq amillərinin Şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində hansı səviyyədə olması da monitorinq qrupu üzvlərinin diqqətindən yayınmayıb. Belə ki, direktor diaqnostik qiymətləndirmə zamanı cüzi bal toplamış anasını və bacısını 30-35 saat hesablı dərslə təmin edib. Lakin yüksək göstəricilərlə bal toplamış müəllimlərin arasında cəmisi 10-18 saat dərs bölgüsü aparıb. Fakultativ məşğələləri özünə yaxın hesab etdiyi müəllimlərə yazmaqla bu pulları da mənimsəyir. Məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq eləsələr onları işdən tamamilə qovacağı ilə təhdid edir.

Bunlarla yanaşı, müəllimlərdən hər ay üçün işıq və istiliyə görə 20-30 manat pul yığılması, Hesablama Palatasının yoxlamasından sonra yaranmış 5 min manat cərimənin hər müəllimdən 100 manat yığmaqla müəllimlərin hesabına ödətdirilməsi isə artıq bu məktəbdə bütün əndazələrin aşılmasından xəbər verir.

Bəzi faktları “reketlik” halları kimi xarakterizə edən media qurumları bu suallarına da təbii ki, cavab ala bilməyiblər. Əslində şəkildə də gördüyünüz bu miqyasda saxtakarlığa cavab verməyən direktorun qohumlarının məktəbdə reketliyinə cavab verməməsi anlaşılandı...

Amma itirən Azərbaycan təhsili, hansısa gələcəyin istedadlı mütəxəssisi ola biləcək gənc nəsil, “qazanan” guya Şamaxıda “maarifləndirmə işlərinə görə Bilik Fondunun xüsusi Təşəkkürü”nə layiq görülmüş Gülnur xanım Babaşovadır. Onu da bir daha xatırladaq ki, yuxarıda qeyd etdiyimiz faktlar Gülnur xanımın kənarda deyil, elə Şamaxıda gördüyü işlərin bir qismidir...

P.S. Media qanunvericiliyinə sadiq qalaraq, yenə də qarşı tərəfdən hər kəsə qoyulan sualları cavablandırmaq üçün şərait yaratmağa hazırıq.

Moskva sertifikatları?!

Moskva sertifikatları?!


Nəzirməmməd Zöhrablı
6-12-2017, 18:05
Geri qayıt