AFN.AZ / Beynəlxalq Ana Dili Günü həftəsinin debatı

Beynəlxalq Ana Dili Günü həftəsinin debatı

Beynəlxalq Ana Dili Günü həftəsinin debatı


Bildiyimiz kimi 21 fevral Uluslarası Ana dili günüdür və bu həftə ərzində dünyanın bir çox ölkəsində bu günə aid, bu mövzu ilə bağlı silsilə tədbirlər keçirilir. 1999-cu ildə YUNESKO-nun elan etdiyi Beynəlxalq Ana Dili Günü, mədəniyyətlərin müxtəlifliyini qeyd etmək və 1952 ci ildə Banqladeşdə "dil uğrunda mübarizədə şəhid olmuş" tələbələrin xatırəsinə sayqı göstərmək üçündür.


Yaxşı, bu şəhidlərdən biz də yoxdurmu?! Ən çox bizdə var! İranda davamlı olaraq Güney Azərbaycanlı soydaşlarımız dil uğrunda mübarizə nədəni ilə şəhid olurlar, edam olunurlar, tutuqlanırlar, işdən qovulurlar, yada xaricə muhacirət etməyə məcbur qalırlar. Yüzlərlə Quzey Azərbaycanlı soydaşlar, aydınlar , şairlər, yazarlar və milli fəallar, dil və kimlik uğrunda Stalin represiyyalarının qurbanı olublar.
İsveçdəki Azərbaycan Federasiyonu (AFİ) nəzdində hər il olduğu kimi həm ayrı-ayrı dərnəklərdə həm də İdarə Heyətinin özəl təşkil etdiyi tədbirlər həyata keçirilir. Tədbirlərimiz çeşidli xarakter daşıyır, bəzi fəallarımız dünya ictimai qurumlarına müraciyyət edirlər və Güney Azərbaycanda Azərbaycan türkçəsinin rəsmi dil olmasını, eğitim dili olmasını tələb edirlər, kimi mitinqlər keçirir, kimi radio və televiziya vasitəsi ilə müraciətlər edirlər və sairlər hərakətlər olur.
AFİ İH təşkil etdiyi yekun 24 Fevral seminarının mövzuzu isə hər zamankından fərqlidir. Məqsəd yaşadığımız ölkədə Azərbaycan türkçəsinin daha effektiv şəkildə evladlarımıza öyrətməkdir, İsveç okullarında İsveç qanunvericiliyin, demokratik qanunlarına əsasən yaratdığı bu mütiş imkanlardan daha səmərəli qullanmaqdır.
Hər nə qədər istəsəkdəki uşaqlarımız ana dilini mənimsəsin, valideyn olaraq buna çaba göstərsəkdə hər kəs bilir ki qürbətdə bu halı ilə çətindir. Ölkədə dominə edən dil, uşaqların dostları ilə danışdığı dil ağırlıq edir və burada biz yetkinlər zamanın tələbinə uyqun sistemli çalışmalar aparmağın yollarını birlikdə aramalıyıq. Uşaqların ana dilini öyrənmək üçün motivasiyonunu yüksək tutmalı, dilimizi önəmsəməli və onlara zəngin ədəbiyyat irsimizi çatdırmağa səylər göstərməliyik.
Dil insanın kimliyin oluşduran başlıca faktordur. Dil bir fərdi öz xalqına, öz millətinə, öz qohum-əqrabasına birləşdirən başlıca amildir. Lakin nə qədər desəkdə ki bu işdə ailənin rolu böyükdür soydaşımız bir yabancı ölkədə tək olmamalıdır, bu sorumluluğu tək daşımamalıdr. Evladlar bizimdir, bizim xalqa mənsubdurlar və biz onlara birlikdə yetişməli, evladlarımızın dil və kültür qayğısına birlikdə qalmalıyıq, sorumluluğu birlikdə daşımalıyıq.

Son illərin çox sayda elmi araşdırma nəticələri onu göstərir ki ana dilini inkişaf etdirən öyrəncilər həm yaşadığı ölkənin dilini daha rahat mənimsəyə bilir, həmdə digər fənləri daha yaxşı qavrayırlar. Əlbəttə bunun nədənləri bir deyil, bir neçə dir.
Hər bir ölkədə müəyyən dil siyasəti yürüdülür. Bu yeni məsələ deyil. Ölkələrin dil siyasəti fərqli zəminlər üzərində qurulsa da onların ortaq məxrəci milli ideologiyadır. Dilə önəm vermək, onu qorumaq, və öz dilini hansı yerə qoymaq bir siyasi məsələdir. Ana dlini birinci yerə qoymaq, onu mütləq olan, qururla və sevə-sevə danışdığın dil olaraq və ya ikinci yerə qoymaq, lingua franca yerinə qoymaq bir siyasi məsələdir - bu bir başa dövlətin ideologiyasıyla bağlıdır . Bəli, o dövlətin bütün dil və ədəbiyyat strategiyası onun apardığı həm ölkə içi siyasətinə həm də ölkələr arası siyasəti ilə bir başa bağlıdır.
Dil qonusu bir social ədalət məsələsidir. Ana dilində təhsil ala bilməyən xalqın təhsilə eyni girişi yoxdur, eyni mənimsəmə şansı, imkanı yoxdur. Ana dilində oxumaq və fəaliyyət göstərmək sosial birliyi sağlar. Bu praktiki siyasət əslində mədəni şüur və tolerantlıq nümayiş etdirir. Çünki bu imkan etnik kimliyin gəlişməsini təşviq edən mexanismdir.
Nelson Mandelanın sözlərinə görə, "Əgər bir insanla onun anladığı bir dildə danışarsan, bu onun başına girər. Onunla onun ana dilində danışarsansa bu onun ürəyinə girər, ürəyinə yol taparsan".
Azərbaycan toplumu dünyanın o toplumlarındandır ki, qonşu ölkələrin yürütdüyu israrlı dil və kimlik siyasətindən böyük zərbələr almış, böyük ziyanlar almış. Dilimizin aradan getməsinə həm Rusiya həm Fars hökümətləri israrlı, davamlı, qətiyyətli işlər aparmışlar. Bir insanın dilini əlindən alarsan o kimliyini bilməz, sonra da o insan hakim qüvvələrin çaldığı istənilən havasın oynar.
Bu gün əgər İsveçdə bizim dil öyrətməkdə çətinliyimiz varsa elə bu səbəbdən vardır. Yoxsa müstəqil dövlətimiz var, Allaha şükürlər olsun, gərək çətinlik olmaya. Milli Akademiyamız var, Dil və Ədəbiyyat İnstitutu var, Təhsil Nazirliyimiz var. Necə lazımdı dərsliklər hazırlaya bilərlər, hər türlü dərs vəsaitləri, dərsliklər, digital kitablar. Amma milli təfəkkür görünür hələ zəifdir, çünkü Azərbaycandan kənarda yaşayan insanlarımız üçün, özəlliklə uşaqlar üçün Azərbaycan türkçəsində müasir dərsliklər prioritə məsələsi deyildir.
Azərbaycanda hazırlanan dərsliklər İsveç kimi demokratik ölkədə böyuyən uşağın ilgisini çəkmir. Onları qani etmir. Mətnlərin məzmunu, sözlərin təmiz türkçədə olmaması, korlanmış grammatikayla qurulmuş, qəliz cümlələrlə qeyri səmimi yazılmış hekayələr gəncləri motivasiya edə bilmir.
O üzdən bu iş diasporanın boynumuza düşür. Səylərimizi birləşdirib mövcud şərayitə uyqun dərs vəsaitləri hazırlamalıyıq, bununla da həm öğrətmənlərin həm də öyrəncilərin işini asanlaşdırmalıyıq.

Səadət Kərimi
Azərbaycan Federasyonu İH üzvü
İsveçin Umea Universitetinin dosenti

23-02-2018, 20:15
Geri qayıt