AFN.AZ / Bakı kəndlərindəki məktəblərdə narkotik maddələrdən istifadə faktları var

Bakı kəndlərindəki məktəblərdə narkotik maddələrdən istifadə faktları var

Bakı kəndlərindəki məktəblərdə narkotik maddələrdən istifadə faktları var


162 saylı məktəbdə baş vermiş hadisə respublikanın ümumtəhsil müəssisələrinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında narkomaniya meyillik məsələsini də gündəmə gətirdi. Çünki mətbuatda intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevaya məktəbin yuxarı sinif şagirdlərinin narkotik tərkibli həb təklif etməsi də qeyd olunurdu. Bu hadisədən sonra yayılan şəkillər də məktəblilər arasında narkotik maddə aludəçilərinin olduğuna dair şübhələri artırdı. Ekspertlər də ümumtəhsil müəssisələrində şagirdlər arasında narkotik maddə aludəçilərinin olduğunu təsdiqləyirlər.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər səlahiyyətlərini icra edən Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında deyib ki, Bakı kəndlərindəki məktəblərin ayaq yolunda şagirdlərin narkomaniyaya düçar olduğunu təsdiqləyən faktlar aşkarlanıb: “Bakının bəzi kəndlərində məktəblərin ayaq yolunda narkotik maddənin inyeksiya yolu ilə istifadə edildiyini təsdiqləyən şprislər tapılmışdı. Bu faktlarla bağlı hüquq mühafizə orqanları həmin məktəbləri nəzarətə götürdü. Bizdə olan məlumata görə, Azərbaycanda ötən il qeydiyyata alınan narkomanların 9 nəfərinin 15-17 yaşı var. Artıq narkomaniyanın cavanlaşması ciddi problemə çevrilir. Ölkəmizdə narkomaniyanın cavanlaşdığını görmək üçün sadəcə statistikaya diqqət etmək yetərlidir. 2018 ci il üçün yaş həddinə nəzər salsaq görərik ki, ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. 15-17 yaşlı narkomanların sayı 9 nəfər, 18-24 yaşlı 1734 nəfər, 25-29 yaşlı 4367 nəfər, 30-34 yaşlı 4722 nəfər, 35-39 yaşlı 4841 nəfər, 40-44 yaşlı 3856 nəfərdir. 45-49 yaşlı 3581 nəfər, 50-54 yaşlı 3078 nəfər, 55-59 yaşlı 2405 nəfər, 60-64 yaşlı 1865 nəfər, 65 yaşdan yuxarı isə 974 nəfər narkotik istifadəçisi var”.
L. Yolçiyeva bildirir ki, narkotik istifadəçiləri arasında uşaqların olması daha böyük narahatlıq yaradan faktdır. Həmsöhbətimiz qeyd edir ki, bunun səbəbi əsasən narkotik maddə biznesi ilə məşğul olanların daha çox uşaqları narkomaniyaya cəlb etməkdir: “Onlar hazırda tərkibində narkotik olan saqqızları uşaqlara paylayaraq onları bu bəlaya düçar edirlər. Bu gün məktəb yaşlı şagirdlər narkomaniyaya əsasən bu yolla cəlb edilir. Narko işbazlar dərsdən yayınan uşaqları daha asan çox hədəf seçirlər. Hansı ki, həmin şəxslərin çoxu həm narkotik maddələrdən istifadə edir, həm də onun satışı ilə məşğul olurlar”.
Ofis səlahiyyətlisi bildirir ki, uşaqları narkomaniyanın caynağına düşməkdən xilas etməyin əsas yolu onların dərsə dəvamiyyətinə diqqət göstərmək, dərsdən yayınmasının qarşısını almaq və narkomaniya barədə onları məlumatlandırmaqdır: “Çox təəssüf ki, biz məktəblərdə narkomaniya ilə bağlı marifləndirici tədbirlər az aparılır. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi məktəblərdə kirukulum proqramı ilə narkomaniya ilə bağlı maarifləndirici layihə hazırlayıb. Bu layihənin məktəblərdə təmənnasız icrası üçün Təhsil Nazirliyinə dəfələrlə müraciət etsək də, nazirlik rədd cavabı verib. Bizə cavab olaraq yazırlar ki, bu cür tədbirlərin məktəblərdə keçirilməsinə lüzum yoxdur. Son intihar hadisəsi isə təsdiqləyir ki, məktəblərdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi zəruridir. Biz narkomaniyanın zərərləri barədə şagirdləri aşağı siniflərdən məlumatlandıraraq, onları ağ ölümün girdabından xilas etmiş olarıq. Çox təəssüf ki, Təhsil Nazirliyi bunun üçün razılıq vermir. Halbuki biz son layihəmizi xarici ekspertin iştirakı ilə hazırlamışdıq”.
L. Yolçiyeva bildirir ki, şagirdlərin narkotik maddələrə aludəçiliyi bəzən psixotrop həblərin qəbulundan başlayır: “Yetkinlik yaşına çatmayan uşaqlara qarşı həm valideynlər, həmdəki müəllimlər həssaslıqla davranmalıdırlar. Belə şagirdlər dərsdən yayınır, özlərinə qapanırlar. Bəzən vəziyyətdən çıxmaq üçün narkotik maddələrdən istifadə edirlər. Onlar bunu vəziyyətdən çıxmaq üçün etsələr də, qəbul etdikcə narkotik maddədən asılı vəziyyətə düşürlər. Ona görə də, məktəb dərsdən yayınan şagirdlərlə maraqlanmalı, onların dərsə dəvamiyyəti barədə valideynlərini bilgiləndirməlidirlər. Əks halda belə şagirdlərin narkotik maddə aludəçisinə çevrilmə ehtimalı böyükdür.
15-04-2019, 15:55
Geri qayıt