Brilliant Dadaşovanın 56 yaşı oldu


Bu gün xalq artisti, professional estrada ifaçısı Brilliant Dadaşovanın ad günüdür. Modern.az bildirir ki, Brilliant Dadaşova 1959-cu ilin 15 sentyabrında Bakı şəhərində anadan olub. Onun anası məşhur Azərbaycan qarmon ifaçısı, 1966 -cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşovadır.

Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxdı. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü gördü.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı xarici ölkələrdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo konsertlə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. 1994-cü ildə "Sevəcəyəm" adli musiqi albomu çıxdı. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu oldu. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxdı. B.Dadaşova 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk buraxdırdı.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi. 1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçildi.
2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın “Speys” TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı.. 2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxdı. Bu albom Türkiyədə yazılıb və çox uğurlu olub. Həmin il Brilliant Dadaşova Azərbaycanın Xalq artistı fəxri adına layıq görülüb.

Ailəlidir, bir oğlu var. Həm Azərbaycan həm də Türkiyə vətəndaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu