Vergilər Nazirliyi müğənniləri cərimələdi


Mətbuatda şou-biznesinin tanınmış simaları Vergilər Nazirliyinə çağırılması və cəimə olunması xəbərləri dərc olunub.

AFN.az-ın lent.az-a istinadən məlumatına görə, müğənnilərin bir neçəsi cərimə olunduqlarını, məhz buna görə də şikayət ərizəsi yazdıqlarını dedilər. Bəziləri isə səhhətində yaranan problemlərə görə, cərimədən yan qaçdıqlarını söylədilər.

Manaf Ağayev: “Mənə 2500 manat cərimə kəsiblər, ödəmişəm”.

Müğənni Nadir Qafarzadə: “2003-cü ildən bəri nümunəvi vergi ödəyicisiyəm. O cümlədən, hər ay Sosial Müdafiə Fonduna pul ödəyirəm. Bu günə qədər mənə nə pul yazılıbsa, ödəmişəm”.

Əməkdar artist Almaz Ələsgərova: “Mənə 3 min cərimə kəsiblər. Hələ ödəməmişəm, amma ödəyəcəyəm. Bu qərara razı və ya narazı olduğumu deyə bilmərəm”.

Müğənni Səidə Sultan: “Mənə dedilər ki, cəriməm 35 mindir. Amma buna etiraz edirəm. Özümə vəkil tutmuşam. Bu işlə vəkilim məşğul olur. Elə iş olar? Mən elə toylara getmirəm ki, 35 min də ödəyim".

Əməkdar artist Elza Seyidcahan: “Məni bu siyahıda yoxam. Sənətkaram, sənətimdən yazın. Bu vergi siyahına mənim adımı qeyd etməyin. Dollar qalxıb, qorxmayın, acından ölməyəcəyik”.

Müğənni Baloğlan Əşrəfov: “Mən hər kvartalda 800-1000 manata yaxın pul ödəyirəm. Hər zaman da müğənni həmkarlarıma məsləhət vermişəm ki, vergini ödəsinlər. Vergini hər birimiz ödəməliyik”.

Müğənni Nura Suri: “Təxminən 6 ildir ki, vergi ödəyicisiyəm. Bir il səhhətimdə problemlər oldu, xəstə yatdım, işləmədim, efirə çıxmadım, amma buna baxmayaraq vergimi ödədim. İndi mənə 1000 manat cərimə yazıblar. Elə bilin ki, bu 25 min manatın 4 faizi edir. Guya ki, mən 25 min qazancı gizlətmişəm. Buna görə də şikayət ərizəsi yazmışam. Şikayətimə baxılır. İndi cavab gözləyirəm. Bu həftənin sonuna qədər mənə cavab deyilməlidir. Onlar bu qərarı araşdırıb, ya ləğv etməlidir, ya da ki, əks halda məhkəməyə müraciət edəcəyəm. Hər zaman çalışmışam ki, qanunla hərəkət edim. Mənə 6 il öncə heç kim məcbur etməmişdi ki, gedim VÖİN açım, Sosial Müdafiə Fonduna pul köçürdüm. Bunu mən o vaxt etdim ki, başım ağrımasın. İnsan hər şeyi qanunla edəndə, sabah onu nədəsə ittiham etmək düzgün deyil. Ömrü boyu qanuna riayət edən adamam. Maşına oturanda da kəmərimi bağlayıram. Belə çıxır ki, mən yalnaçıyam? Dövlətdən pul gizlətmişəm? Həyat yoldaşımdan ayrılandan sonra evlərimi, qızıllarımı satmışam. O da xarici vətəndaşdır. İndi gəlsinlər, qarşılarına qoyum ki, mənim gəlirim haradandır, nədir, nə deyil. Onu o adam ödəyər ki, VÖİN-ü olmayıb, vergidən yayınıb. Toy aparan müğənni deyiləm, musiqiçilərim yoxdur. İndiyə kimi hələ konsert də verməmişəm. Çünki buna əlavə imkan lazımdır. Mənim heç işçim, prodüserim belə yoxdur. Hansı müğənni 15-20 minə toy oxuyub, vergi ödəməyib, getsinlər vergilərini ödəsinlər. Onlar cərimə oluna bilər. Amma mən sağlam vergi ödəyicisi kimi niyə cərimə olunmalıyam?”.

Müğənni Mənzurə Musayevanın prodüseri: “Mənzurə xanım 2 ilə yaxındır ki, yataq xəstəsidir. Toylara getmir. Ona görə də bizə cərimə gəlməyib”.

Xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov: “Hər rübdə hesabatları veririk, vergimizi ödəyirik. Aygün xanım cərimə olunmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu