100 minlik filmin 25 manatlıq qonorarı-araşdırma


“Sovet dövründə il ərzində ən çoxu dörd film ərsəyə gəlib”

Məsələ bu qədər sadədir: tutalım, Azərbaycanda uşaqdan-böyüyə hər kəsin ən azı adını eşitdiyi “Şrek” animasiya filminin bir bölümü 60 milyon dollara başa gəlib.

Kino mütəxəssislərinin dediyinə görə, keyfiyyətli və prokata çıxan animasiya filminin büdcəsi 10 milyondan aşağı olmamalıdır. Necə ki, uşaqların sevimlisi olan “Maşa i Medved”in 10 dəqiqəsi 300 min dollardan aşağı deyil. Azərbaycanda isə 10 dəqiqəlik animasiya filminə orta hesabla 100 min manat pul ayrılır.

İş pulun az-çox olmasında deyil, bu, “niyə bizdə keyfiyyətli animasiya filmləri çəkilmir?” sualına cavabın bir hissəsidir. Mədəniyyət və Turizm Nazirliyi günü sabah animasiya filmləri üçün nəzərdə tutulan vəsaiti bir neçə dəfə artırsa belə, mənzərə ciddi şəkildə dəyişməyəcək. Kadr çatışmazlığı animasiya filmləri sənayesinin ən ciddi problemidir. 90-cı illərdə xaricdə təhsil alan tələbələr Azərbaycanda özlərinə gün ağlaya bilmədiklərindən, ölkədən gediblər. Onlar hazırda Fransa, İsrail, Rusiya, Türkiyə və Almaniyada çalışırlar. O ölkələrdə ki, orda təkcə səslənməyə külli miqdarda vəsait sərf olunur. Tutalım, Avropanın bəzi ölkələri və ABŞ-da aktyorlar animasiya filmində tələffüz olunan hər sözə görə 2500 dollar qonorar alırlar.

Di gəl, burda başqa məqam da var: böyük studiyalar ortalığa çıxardığı məhsula görə milyonlar qazansalar da, bizim 100 min manata başa gələn animasiya filmimizə telekanallar 25 manat qonorar verməklə animatorların əməyini ucuz tuturlar.

“Desəm ki, Hollivud səviyyəsində film çəkirik, yalan olar”

“Azanfilm” studiyasının direktoru Fariz Əhmədov APA-ya açıqlamasında deyib ki, bu sahədə ciddi kadr çatışmazlığı problemi var və bunun səbəbi tədris müəssisələrində ixtisaslı kadrların hazırlanmamasıdır: “Keçən il üç animasiya filmini hazırlayıb təhvil vermişik. Bu ilin birinci rübünün axırına qədər iki film hazırlayıb nazirliyə təqdim edəcəyik. Animasiya filmləri sahəsində ciddi mənada kadr çatışmazlığı var. Çünki heç bir tədris mərkəzində kadr hazırlanmır. Sovet dövründə təhsil alan bir neçə yaşlı insan var ki, onlar bizə kömək edirlər. Hazırda animasiya sahəsi üzrə təhsil almaq üçün gənclər xaricə göndərilir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi bir nəfəri Kanadaya göndərib, həmin gənc təhsil alıb gələn il Azərbaycana qayıdacaq. Ümumiyyətlə, il ərzində altı-yeddi filmdən artıq işləyəsi komanda yoxdur. Yəni maksimum il ərzində yeddi film çəkmək olar. İndiyə qədər 120 animasiya filmi çəkilib. Məsələn, Sovet dövründə il ərzində heç vaxt beş film çəkilməyib. Ən çoxu dörd film ərsəyə gəlib. Burda vacib tərəflərdən biri, əlbəttə, maliyyə və işgüzar komandanın olmasıdır. Animasiya filmi həddən artıq əmək və vaxt tələb edir. Məsələn, bir film bizim komandaya on aya başa gəlir. Burda yüz min manatlardan söhbət gedir. Yəni beş-altı min manata animasiya filmi başa gəlmir. “Ən güclü kimdir?” filmi 100 min manatdan artıq vəsaitə başa gəlib. Biz hazırda bu sahəni yenidən qururuq. İlk işimiz kadr problemini həll etməkdir. Sizə desəm ki, Hollivud səviyyəsində film çəkirik, yalan olar. Çünki bunun üçün ilk növbədə kadr yoxdur. Rusiyadan, İrandan, Gürcüstandan gələnlər yerli kadr sayılmır və dövlətin ayırdığı vəsaiti əcnəbi kadra vermək düzgün deyil. İstənilən işdə, xüsusən bu sahədə nəticə üç aya, beş aya olmur. Yəni nəticəni biz üç-beş ildən sonra görəcəyik. Texniki problemlərimiz tam şəkildə keçən il həll olunub. Nazirlik 100 min manata qədər texniki avadanlıq alaraq bizə verib. İşlədiyimiz ən ucuz kompüterin qiyməti beş-altı min manatdır. Təxminən ondan artıq bu cür kompüterimiz var. İstehsal olunan filmləri göstərməyə dövlət kanalları daha maraqlıdırlar. Özəl kanallar isə üstünlük verirlər ki, reklamı aparılan filmləri nümayiş etdirsinlər. Bildiyim qədər həmin filmlərə ödəniş olunmur, pirat yolu ilə göstərilir. Bizim sonuncu iki film nümayiş olunanda hamı elə bildi ki, bu, xarici filmdir, sadəcə, dublyaj olunub. Yəni tamaşaçı gözləmirdi ki, bu cür təsvir həllini bizimkilər etsin. Demək istəyirəm ki, animasiya filmlərinə olan mənfi münasibət artıq dəyişir”.

F.Əhmədov bildirib ki, televiziya kanalları yerli istehsallı animasiya filmlərinin nümayişi üçün cüzi ə vəsait ödəyirlər: “Əlbəttə, birdən-birə filmə çəkilən xərci çıxarmaq olmur. On dəqiqəlik filmin televiziyada nümayişinin qonorarı 25 manatdır. İl ərzində isə animasiya filmləri təxminən yüz dəfə nümayiş oluna bilər. Nəzərə alaq ki, həmin pulun hamısı studiyaya qalmır. Beş müəllif həmin puldan qonorar alır. İki il əvvəl mən “Azanfilm”in rəhbəri təyin olunanda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb danışmışdım ki, seriallarla paralel milli animasiya serialları da nümayiş olunsun. Bu hələ ki, təklif şəklində qalıb”.

“Dövlət başa düşür ki, bu nə dərəcədə vacib sahədir”

Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov bildirib ki, animasiya filmləri sahəsində mütəxəssis hazırlamaq üçün kurslar təşkil olunacaq: “Kursda iştirak edəcək gənclərin siyahısı müəyyən olunub. Bu sahədə kəskin kadr çatışmazlığı var. Ona görə kinonun bu sahəsinin inkişafı ləngiyir. Bu kurslar maraqlı olacaq, kadr çatışmazlığının qarşısının alınmasında kömək edəcək. Kadr çatışmazlığının əsas səbəbi odur ki, animator hazırlayan ali tədris müəssisəsi nə bizdə, nə də xaricdə var. Bu, müxtəlif kino ixtisaslarında çalışan kadrların və kompüter qrafikasının bilicilərinin arasından seçilir. Animasiya sahəsində kadr daha çox praktiki işdə yetişir. Onlara sadəcə, imkan yaratmaq lazımdır ki, püxtələşsinlər. Bu mənada dediyim kurslar əhəmiyyətlidir”.

Y.Şeyxov əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi animasiya filmlərinin həcmini artırmaq niyyətindədir: “Dövlət başa düşür ki, bu nə dərəcədə vacib sahədir. Biz filmlərin keyfiyyət məsələsinə toxunsaq, əlbəttə, məsələn, Amerikada böyük şirkətlər tərəfindən istehsal olunan animasiya filmləri bizim filmlərdən üstündür. Amma bu o demək deyil ki, bu sahəni inkişaf etdirməməliyik. Bizim filmlərdə də təsvirin bədii məziyyətlərinin səviyyəsinin artmasını şəxsən mən müşahidə edirəm. İstehsal olunan filmlərin telekanallarda nümayiş olunmasına gəldikdə, demək istərdim ki, özəl kanalların siyasətinə müdaxilə etmək düzgün deyil. Mən deyə bilmərəm ki, 25 manat böyük məbləğdir. Bu daha çox onların vətəndaşlıq mövqeyindən asılı problemdir”.

Dövlət tərəfindən yardım olsa…

Qonşu Rusiyada əksər televiziya şirkətlərinin tərkibində animasiya filmləri istehsal edən studiya var. Bu təcrübəni bir müddət əvvəl ANS Müstəqil Yayım və Media Şirkəti də gündəmə gətirdi. Şirkətin tərkibində yaradılan “Bala ANS” studiyasının direktoru Rüfət Əsgərov APA-ya açıqlamasında bildirib ki, studiyanın hazırladığı filmlərin hələlik adını açıqlamaq istəmir: “Bizdə hazırda dörd animasiya filmi hazırlanır, bu yaxınlarda efirdə yayımlamağı düşünürük. Biz təkcə animasiya filmləri çəkmirik, həm də xarici cizgi filmlərini dublyaj edirik. Bizdə peşəkar kollektiv var, studiya müasir avadanlıqlarla təmin olunub, ona görə “Azanfilm” studiyası ilə heç bir əlaqəmiz yoxdur. Bu sahənin inkişafı üçün dövlət tərəfindən yardım olsa, əlbəttə, çox yaxşı olar. Məsələn, Milli Televiziya və Radio Şurasına serialların çəkilməsi üçün vəsait ayrılır. Bu təcrübədən animasiya filmlərinə də istifadə edilsə, yaxşı olar”.

R.Əsgərov əlavə edib ki, məsələ ilə bağlı MTRŞ-ya müraciət etsələr də, hələlik razılıq almaq mümkün olmayıb: “Bizə bu məsələnin həlli ilə bağlı rəsmi olaraq konkret cavab verilməyib. Hazırda məsələnin həlli ilə bağlı məktub hazırlayırıq və həm MTRŞ-nın rəhbəri Nuşirəvan Məhərrəmliyə, həm də digər təşkilatlara göndərəcəyik. Animasiya filmlərinin büdcəsi böyük olur və kommersiya sirri olduğu üçün mən bu məbləği açıqlamaq istəmirəm. Bizim filmlər hazır olandan sonra satışa çıxarılacaq və hansı kanal istəyəcəksə, alıb nümayiş etdirəcək”.

R.Əsgərov “telekanallarda on dəqiqəlik animasiya filminin qonorarı 25 manatdır, bu özəl qurum olaraq sizə sərf edəcəkmi” sualına konkret cavab verib: “Yox, bu məbləğ bizə sərf etməyəcək. Bir daha qeyd etmək istəyirəm ki, animasiya çox bahalı və çətin işdir”.

Məsələ ilə bağlı MTRŞ-nın da mövqeyini öyrəndik. Şuranın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, animasiya filmlərinin çəkilişi ilə bağlı prezidentə müraciət edilib: “Şura hesab edir ki, bu sahədə boşluqlar var və bununla bağlı müvafiq işlər görülməlidir”.


Cizgi filmlərinin ölən qəhrəmanları…

Qanlı döyüş səhnələri, xəyanət, müharibə, zorakılıq, qan... Sirr deyil ki, bunlar uşaqlarda aqressiya, soyuqqanlılıq yaradır, onların fikirlərini tamam başqa istiqamətə dəyişdirir. Bir neçə il əvvəl London Universitetinin alimlərinin apardıqları araşdırma göstərib ki, cizgi filmlərinin qəhrəmanları böyüklər üçün nəzərdə tutulan filmlərlə müqayisədə daha çox ölürlər. Araşdırmaya 1937-ci ildən (Ağca xanım) 2013-cü ilə qədər (Soyuq ürəklər) çəkilən cizgi filmlərini daxil ediblər.

İki il əvvəl Rusiya Dövlət Teleradio Şirkətinin rəhbərliyi sovet dövrünün populyar “Nu, poqodi!” cizgi filminin uşaqların sağlamlığı və inkişafı üçün zərərli olduğunu açıqlamışdı. Hətta qərar qəbul edilmişdi ki, cizgi filmi yalnız gecələr göstərilə bilər. Animasiya filmləri, mütəxəssislərinin fikrincə, son illərdə uşaqlar arasında xeyli populyarlıq qazanan animasiya filmləri ilə müqayisədə “Nu, poqodi!” daha keyfiyyətli və nümayişi tövsiyə olunan cizgi filmidir.

Azyaşlılar üçün nəzərdə tutulan filmlərin onlara hansı dərəcədə təsiri etdiyi tamam başqa araşdırmanın mövzusudur. Yalnız onu demək olar ki, psixoloqlar, sosioloqlar və uşaq tərbiyəsi ilə məşğul olan mütəxəssislər xeyli vaxtdır həyəcan təbili çalırlar…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu