Ata milyonçu müğənni, oğul evsiz sərgədan


Ata milyonçu müğənni, oğul evsiz sərgədan


Atamın dünyaca məşhur sənətçi, milyonçu olması faktdır. Amma bu da faktdır ki, mən yoxsul, evsiz-eşiksiz insanam.



29 yaşlı Conatan Berkeri belə deyir. O, ABŞ-ın Nyu-Cersi ştatında evsizlər üçün sığınacaqlardan birində yaşayır.

Conatan "Con Cons" təxəllüsü ilə çalışan musiqiçi olduğunu da vurğulayır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Conatanın sözlərinə görə, atası ondan imtina etsə də, atası ilə görüşmək istəyir: "Atam qocadır, yaşlıdır. Nə qədər gec deyil, onunla görüşməyi, bir araya gəlməyi arzulayıram".

Conatanın atası isə dünyanın ən məşhur sənətçilərindən biri, britaniyalı ser Tom Consdur.

77 yaşlı Tom Cons multimilyonçudur, onlarla lüks apartamenti, villası və malikanəsi var. Oğlu isə sığınacaqda gecələyir.

Tom Cons ötən həftə Los-Ancelesdəki villasını 9 milyon dollara satıb.

Əfsanəvi müğənninin dediyinə görə, xanımı Linda 2016-cı ildə ağciyər xərçəngindən vəfat edəndən sonra Los-Ancelesdəki villada yaşaya bilməzdi.

Bu səbəbdən də 5 yataq və 7 vanna otağı olan villa satılıb.

Conatan Berkeri isə Nyu-Cersidəki sığınacağı özünə ev sayır.

Dediyinə görə, hər axşam sığınacağa gələn 30 evsiz-eşiksiz insanı qabaqlayaraq özünə adyal tapanda bəxtəvər olur.

"Atamla indiyədək bir dəfə də görüşməmişəm. Mənə bir dəfə də zəng vurmayıb, hədiyyə və ya açıqca yollamayıb. Lakin ümid edirəm ki, atam nə zamansa mənimlə görüşmək istəyəcək", - Conatan söyləyib.

DNT testləri Conatanın atasının Tom Cons olduğunu sübut etsə də, müğənni bunu etiraf etmək və Conatanı oğlu qismində tanımaq istəmir.

Cənubi Uelsdəki Pontipridd şəhərində yaşamış, şaxtaçı olmuş Tom Cons 47 yaşında olanda amerikalı model Ketrin Berkeri ilə üç gün davam etmiş eşq yaşamışdı. Onlar 1987-ci ilin oktyabrında Nyu-Yorkdakı gecə klubunda tanış olmuşdular.

Onda Tom Cons evli idi.

Üç günlük "eşq"dən üç ay sonra Ketrin Berkeri müğənniyə zəng vurararq hamilə olduğunu söyləmişdi. Fəqət, Tom Cons modelə cavab verməmişdi.

Conatan Berkeri 1988-ci ilin iyunun 27-də doğulub.

"Məşhurluğumun zirvə dlönəmlərində ildə 250 qadınla yatağa girirdim" söyləyən Tom Cons oğlunu tanımaq istəməsə də, məhkəmə DNT testinin sonuclarına əsaslanaraq "Conatan Berkeri məhz Tom Consun oğludur" qərarını açıqlamışdı.

Qərara görə, Conatan 18 yaşına çatana qədər Tom Cons hər ay Ketrin Berkeriyə 2200 dollar ödəyib.

"Conatan cavanlıq səhvimin nəticəsidir. O, nikahdankənar oğlumdur və rəsmi varisim qismində tanımaq niyyətində də deyiləm", - Tom Cons söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu