Leyla Əliyeva beynəlxalq sərginin Azərbaycan pavilyonunu açıb-FOTOLAR


Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

“Venesiya Biennalesi” bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Noyabrın 22-dək davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarından birində - “Kampo Santo Stefano”dakı XIV əsrə aid “Lezze” Sarayında yerləşir. Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanır. Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olundu.

Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq 56-cı “Venesiya Biennalesi”ndə iştirak etməkdən məmnun olduğunu bildirdi və Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxundu:

- Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib.

Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışdı, bu sərginin İDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirdi. Rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən də danışdı.

Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirdi. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırdı. Vurğuladı ki, “Hüdudları aşaraq” sərgisi ötən əsrin 60-cı, 70-ci və 80-ci illərində Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən kəşf olunmasına böyük təkan verir.

Artıq beşinci dəfə “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində 7 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur. “Venesiya Biennalesi” vasitəsilə geniş tamaşaçı auditoriyasına açıq olan bu əsərlər XX əsrin repressiv sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. O vaxtlar sovet rejimində kommunist ideologiyasına qarşı çıxan, “üsyankar” mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmirdi, rəssamlar hətta ölkədən kənara da çıxa bilmirdilər. “Hüdudları aşaraq” sərgisi isə indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

Qeyd edək ki, “Venesiya Biennalesi” müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. Bu tədbir müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meyillərin müzakirəsi üçün geniş imkan yaradır. Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin “Venesiya Biennalesi”ndə iştirakı layihəsidir.

Daha sonra “Venesiya Biennalesi” çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin də açılışı oldu.

Heydər Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların əl işləri yer alıb. Bu sərgi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Burada təkcə Azərbaycanın deyil, bütün planetin keçmişini, bu gününü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələləri ilə bağlı rəssamların düşüncələri işıqlandırılıb. “Vita Vitale” sərgisinin ideyalarına tam cavab verən İDEA laboratoriyası bizim təbiətlə gələcək əlaqələrimizi formalaşdırmağa yönəlmiş iddialı və uzun müddətli layihələrin təkmilləşdirilməsi üçün bir məkan rolunu oynayır. Davam etməkdə olan tədqiqatları stimullaşdırmaqla bu məkan bir sıra önəmli təşəbbüslərə töhfə verir.

Xatırladaq ki, bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.

[medium]http://afn.az/uploads/posts/2015-05/1430975468_venesiya-sergisi.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430975486_venesiya-sergisi1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430975461_venesiya-sergisi2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430975510_venesiya-sergisi3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430975564_venesiya-sergisi4.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430975573_venesiya-sergisi5.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu