Leyla Babazadə: " Xoşbəxtlik xeyirxahlıqdır "


Leyla Babazadə:


Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və dizayn" fakültəsinin məzunu, "LB Fashion School" məktəbinin rəhbəri Leyla Babazadə dəbli geyinməyi, avtomobil idarə etməyi, fitneslə məşğul olmağı və sağlam həyat tərzini sevir. Hürriyət Azərbaycan L.Babazadə ilə müsahibəni təqdim edir:



- Leyla, uşaqlıqda arzun nə olub?

- Məni həyatım boyu moda və geyimin yaradılması izləyib. Hələ uşaqlıqda tətillərimi nənə-babamın yanında keçirəndə onların əl işlərini görürdüm. Elə uşaqlıqdan modaya marağım yaranıb. Babam öz uşaqları və nəvərələri üçün paltar və ayyaqabı tikirdi. Dizaynını özü edirdi. O zamanlar indiki kimi nə butiklər, nə də univermaqlar var idi. Amma buna baxmayaraq o, bu işi sevirdi, buna bir hobbi kimi baxırdı. Köynək, şalvar və pencəklər də tikirdi. Nənəm isə artıq istifadə olunmayan xalat və odeyallardan çaynik üçün üzlük tikib hazırlayırdı. Bu üzlüyün əsas funksiyası çayı isti saxlamaq olsa da, nənəm onların estetik baxımdan gözəl olmasını istəyirdi. Ona görə onların üzərinə bir də gəlincik tikirdi.

- Elə çıxır ki, nənən-baban səni bu yola təhrik edib?

- Onlar bünövrəni qoyublar. Məktəbdə oxuyanda ən sevdiyim dərs əmək dərsi idi. Çünki orada da tikişin əsasını öyrədirdilər. Mən məktəbdə oxuyarkən donlarımı özüm tikirdim. Özü də, hörmələmə naxışlarla və gizli tikişlərlə sıfırdan. Hətta uşaq paltarları da tikirdim. Marağım böyük idi. Bununla yanaşı valideynlərəm də bu sahəyə marağımı görərək, mənə dəstək olurdular. Hər zaman dəbli geyimlər alırdım, onlar seçimi mənə buraxırdırdılar.

- Bəs niyə dizayner məktəbinə getmədin?

- Bu sənəti İtaliyada oxumaq arzusundaydım. Amma valideynlərim onların yanında olmağımı istəyirdi. Həm də atam məni iqtisadiyyat sahəsində görürdü. Mən də İqtisad Universitetində "Texnologiya və dizayn" fakültəsini seçdim. Beləliklə, ortaq bir məxrəcə gəldik.

- Bəs sənə universitetdə nə öyrətdilər?

- Mənim oxuduğum zamanlar məlumat qıtlığı hələ də var idi. Həm də bizim sahə Azərbaycanda yenidir. Texnologiya və dizayn fakültəsində oxuyarkən, ən maraqlı olan istehsalata getməyimiz olurdu. Orada prosessin necə baş verdiyini görürdük. Amma həvəsim olduğuna görə mən özüm internetdən məlumat alırdım. O zamandan bu məlumat qıtlığı problemin aradan qaldırılması həmişə mənim fikrimdə idi. Elə məktəbin yaradılmasını da həmin vaxtdan arzulayırdım. Məqsədim, indiki gənclərə bu sahədə tam təhsil verməkdir.

- Niyə "LB Fashin School" adını seçdin?

- Dostlarımdan biri Leyla adının qısaldılmış versiyasını tapmayaraq zarafatla məni "LB" adlandırır. Bu mənim xoşuma gəldi və buna görə də ondan təxəllüs kimi istifadə etməyə başladım. Yalnız ən yaxın dostlar məni belə adlandırırlar. Mən də məktəbə öz adımın inisiallarını verdim. Dünyada adətən ən məşhur moda evləri, avtomobil, zinət əşyaları və digər tanınmış brendlərin istehsalçıları öz yaradıcılarının adlarını daşıyırlar. Bu həm də bu və ya digər müəssisənin kimə məxsus olması ilə maraqlananlara bir mesajdır. Həm də ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də sahibkarın və ya təsisçinin kim olmasını bilmək vacibdir. Əgər biznesin arxasında ciddi adam durursa, onda ona daha çox inam olur.

- Universitetdən sonra öz ixtisasın üzrə çalışdınmı?

- Universiteti bitirəndən sonra bir müddət Xalça Muzeyində tədbirlərin aparıcısı kimi çalışdım. Böyük auditoriyalar qarşısında danışmaq mənim xoşuma gəlir. Mən çıxışlardan və tədbirlərin idarə olunmasından böyük enerji alırdım. Bu mənimçün çox həyacanlandırıcıdır. İki il ise men xalça muzeyinin nəzninde fəaliyyet göstərən Uşaq muzeyi şöbəsində,Dərnəklər üzrə mütəxəssis vəzifəsində çalışdım. Muzeydə işləyərkən bizim milli xalçaları və onlardakı naxışları öyrənməyə başladım. Xüsusi ilə Əjdahaların təsvir edildiyi naxışlar mənim diqqətimi cəlb etdi. Əjdahanın mənası – güc, iradə deməkdir. Mən bizim mili naxışları Etro və Kenzonun etdiyi kimi, oxşar fəndlərdən istifadə etməklə geyim dizaynına keçirmək istərdim. Bizim milli naxışların elementləri daha gözəldir və geyimlərdə öz əksini tapmalıdır. Moda vasitəsi ilə biz öz mədəniyyətimizi bütün dünyaya təqdim edə bilərik. Xalçaların hazırlanması və tərtibatı bizim əcdadlarımızın gözəl dizayn yaradılmasında nümayiş etdirdikləri istedadlarının göstəricisidir. Azərbaycanlıların genində yaradıcılıq var və niyə də biz bunu müasir dəb industriyasında istifadə etməyək?!

- Öz geyim markanı yaratmağı düşünmüsənmi?

- Bəli, belə bir fikrim var. Bizim qadınlarımız üçün geyim yaratmaq ideyam var. Biz yeni kolleksiyaları podiumda daima fit, hündür, idman bədən quruluşlu modellər üzərində görürük. Reallıqda isə, xüsusən də bizim ölkəmizdə hamı belə deyil. Bizim qadınlarımız gözəldir, lakin bizim öz gözəllik standartlarımız var. Mən onlar üçün geyim yaratmaq istərdim. Mənim kolleksiyamda ölçülər L və ya daha böyük ölçülərdə olacaq, S və M ölçüləri isə olmayacaq. Markanı "L plyus" adlandırmaq istəyirəm. Bu mənim adımın birinci hərfidir və bununla da bizim markanın istiqamətini vurğulamış olacam. Tanışlarım mənə deyirlər ki, geyindiklərim onların da xoşuna gəlir. Amma şikayət edirlər ki, onlar üçün uyğun gələn ölçü yoxdur və ya onlara belə paltar, kostyum yaraşmayacaq. Əlbəttə, onlar çatışmazlıqlarını gizlədəcək və müasir görünəcək geyim geyinmək istərdilər.

- Özün də model kimi qamətlisən. Bu da gendir?

- Xeyr, məncə, idmanın nəticəsidir. 12 yaşımdan akrobatika ilə, sonra isə 7 il tennislə məşğul olmuşam. Uşaqlıqdan idmana sevgim yaranıb. İdman təkcə sağlam həyat tərzi aşılamır, həm də sakitlik, özünə əminlik və məqsədyönlü olmağa köməklik edir. Çünki idmançılar yorulmadan öz üzərində çalışır, çoxlu məşq edir ki, qalib gəlsin. Eyni xarakter həyatda və biznesdə də lazımlıdır. Universitetdən sonra işləməyə başladığımda tennisə kifayət qədər zaman ayıra bilmirdim, buna görə tennisi idman fitnes məşğələlərinə dəyişdirdim. Ağır çəkilərlə işləyirəm. Bu, mənə həm zövq, həm də sağlam bədən və sağlam ruh verir. Mən valideynlərə məsləhət edərdim ki, öz qızlarını kiçik yaşlarından idmana yönləndirsinlər. Misal üçün, gimnastika qızın bədən qurluşunu gözəl edəcək. İdman həm də həyatda onları güclü edəcək və özlərinə əminlik yaradacaq. Bu gün ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın sayəsində gimnastikaya ölkəmizdə çox böyük maraq var. Bu sahədə arzu edilə biləcək bütün şərait yaradılıb. Peşəkar məşqçilərin çalışdıqları müasir stadion var. Bu gün artıq biznes yalnız kişilərin məşğul olduğu sahə sayılmır, burada uğurlu qadınların da sayı az deyil. Yalnız ruhən güclü olan qadın kişilərlə rəqabət aparıb, uğurlu iş yarada bilər.

- Qeyd edək ki, çox dəbli geyinirsən. Yəqin ki, buna nənənin nəsihətləri sayəsində nail olmusan.

- Atalar demiş "Çörəyi ver çörəkçiyə". Əgər mənim modadan anlayışım olmasa, dəbli geyinməsəm, hansı Fəşn məktəbimdən söhbət gedə bilər?! Təsəvvür et ki, kimsə bizim məktəbimizə oxumağa gəlir, məktəbin necə gəldi geyinmiş sahibini və ya müəllimlərini görür. O, bizdə təhsil almaq istəyər? Onun yerinə mən olsam istəməzdim. Geyim insanın daxili vəziyyətinin, onun həyata münasibətinin göstəricisidir. "Geyiminə görə qarşılamaq" ifadəsi olduqca dərin mənaya malikdir. Geyiminə görə həmsəöhbətinin xarakterini, yaradıcılıq yanaşmasını, dəqiqliyini və özünə sevgisini müəyyən etmək olar. Əgər modelyer özü geyinməyi bacarmırsa, o, başqaları üçün necə geyim yaradacaq?

- Bəzən insanlar Dəbli Geyinməyi bahalı markalardan alınan geyim kimi qəbul edirlər. Bu barədə nə düşünürsən?

- Sözsüz ki, trend və dəbi məşhur brendlər və modelyerlər yaradırlar. Onların geyimləri qüsursuz, materialları bahalıdır, formalar bədən quruluşunu daha da gözəl göstərir. Lakin qiymətinə görə baha olmayan geyim markaları da vardır ki, onlar üslub və keyfiyyətinə görə heç də bahalı geyimlərdən geri qalmırlar. Dəbli və keyfiyyətli, həm də əlçatan qiymətlərlə geyimlər təklif edən olduqca yaxşı geyim markaları var. Ən əsas öz üslub və formanıza uyğun gələn modeli düzgün seçmək, rəngləri düzgün uyğunlaşdırmaq lazımdır. Məsələn, "H&M", "ZARA", "Massimo Dutti", "Michael Kors" və digər büdcə markalarını göstərmək olar. Lakin dəbli və baha olmayan xeyli sayda digər geyim markaları da mövcuddur. Bakıda Türkiyə markalarının çoxlu mağazaları var. Türkiyədə dəb industriyası çox inkişaf edib. Bizim insanların formaları avropalılardan fərqlənir, buna görə də belə hallarda geyimi sifarişlə tikdirmək də olar. Bunun üçün də yerli modelyerlər, bədənə və üsluba uyğun fərdi tikişin sifariş edilə biləcəyi atelyelər lazımdır. Bizim məktəbimizin yaradılma səbəblərindən biri də bax budur.

- Hansı tip geyimi sevirsən və sevimli brendlərin hansılardır?

- "Klassikanı" – donları, kostyumları çox sevirəm. "Escada", "Dolce Gabanna", "Gucci", "Etro", "Armani", "Kenzo", "Cristian Dior", "Fendi" mənim sevimli markalarımdır.

- Bəs hansı rənglərə üstünlük verirsən?

- Qara, bənovşəyi, qırmızı və göy.

Mənim qarderobumda qara rəng üstünlük təşkil edir. Qara rəng gizli istəklərin, imtinanın və qiyamın rəmzidir. O, ağ rəngin əksidir, dəb-dəbə və incə nəfislik rəngidir. Konfutçi qara rəngdə aqillik və biliyi görürdü. Əbəs yerə deyil ki, axşam, kokteyl libaslarında üstünlük qara rəngə verilir. Bənövşəyi rəngi də sevirəm. O, sirli və sehrlidir. Tünd çalarlı bənövşəyi rəng hakimiyyət və gücün, açıq çalarlar isə əksinə - yumşaqlıq və zərifliyin rəmzidir. Ekstrasentlər deyirlər ki, əgər aurada çoxlu bənövşəyilik varsa, bu, o deməkdir ki, insan təmiz ruha malikdir, dünya qüsurlarından və ehtiraslarından uzaqdır. Geyimdə tez-tez qırmızı rəngdən istifadə edirəm. Qırmızı – ehtiras, güclü enerji, liderlik rəngi, eləcə də dolğun həyat, gözəllik, möhtəşəmlik, məhəbbət və rahatlıq rəmzidir. Onu qarşısına məqsəd qoymağı və onları əldə etməyi bacaran fəal, emosional insanlar seçirlər. O, nikbinlərin və özlərini xoşbəxt hesab edən insanların sevimli rəngidir. Bir də ki, göy rəng. Bu rəng etibar və ciddilik, düşüncə və etimaddır. İşgüzarlıq və müdriklik rəngidir.

- Bəs istirahət zamanı hansı geyimləri geyinirsən?

- İstirahət edərkən rahat geyimdən istifadə edirəm. Piyada gəzməyi xoşlayıram. Rahat olmaq üçün cins, mokasinlər, rahat cemper, mayka və ya köynək geyməyi sevirəm. Onlarda özümü daha rahat hiss edirəm. Asudə vaxtlarımda dənizkənarı bulvarda piyada gəzməyi sevirəm, sevimli musiqilərimə qulaq asıram. Muğamı çox sevirəm, o, mənə düşünməyə, öz fikirlərimə dalmağa, sakitləşməyə, gələcək haqqında düşünməyə, planlar qurmağa imkan yaradır. Belə gəzintilər zamanı göy dənizə, mavi səmaya, qızılı Günəşin necə parlamasına baxıram, insanları müşahidə edirəm, onlar parkda gəzərkən necə də xoşbəxt və şəndirlər. Belə xoşbəxt insanlardan müsbət enerji alıram, düşüncələrim daha da səmərəli olur. Belə məqamlarda yaxşı ideyalar doğur. Özümü xoşbəxt hiss edirəm.

- Bəs sənin üçün xoşbəxt olmaq nə deməkdir?

- Mənə görə xoşbəxtlik birinci növbədə özünü realizə edə bilməkdir, uşaqlıq arzularının həyata keçməsidir. Həm də sevmək və sevimli olmaq, ətrafındakıların, yaxınlarının qarşılıqlı anlayışlarını almaq. Xoşbəxtlik sənin uğurlarına paxıllıq edəndə deyil, sevinəndədir. Paxıllıq insanı daxildən dağıdan mənfi enerjidir. Axı hər bir uğurun arxasında çoxlu sayda əmək dayanır. Arzulamaq kifayət deyil, öz arzularına doğru getmək, çalışmaq, oxumaq və öz gücünə arxalanmaq lazımdır. Yalnız bu halda uğurlu olmaq mümkündür. Əksər hallarda kənardan baxan ətrafdakılar sənin öz məqsədinə doğru irəlilədiyin tikanlı yolu deyil, yalnız nəticəni görürlər.

- Bəs məktəblə bağlı planların nədir?

- Məktəbimizdə Feşn dizayn, eskiz, dərzilik, Fəşn biznes, moda tarixi, aksessuarların, ayaqqabı və çantaların dizaynı, toxuma, nəqqaşlıq, staylinq, alt paltarı dizaynı və s. kurslarımız var. Gələcəkdə ustad dərsləri keçirilməsi üçün dizaynerləri, dərziləri dəvət edəcəyik, seminarlar, təqdimatlar, görüşlər, təcrübə mübadiləsi keçirəcəyik. İnkişafa aid planlarımız çoxdur. Öz məktəbimi peşə yönümlü kollecə çevirmək istəyirəm. Bizim məktəbimizdə peşəkar pedaqoqlar çalışır. Bəziləri İtaliyada, bəziləri burada oxuyub. Biz öz proqramımızı İtalya proramı əsasında qururuq.

- Məktəb kimlər üçün maraqlıdır?

- Məktəbimizdə Eskiz dərsləri, moda tarixi, toxuculuq, aksessuar, ayaqqabı və çanta dizaynı ilə yanaşı moda marketinq təlimi də verilir. Həmin kurslarda bu sahələrdə çalışmaq istəyən gənclər çoxluq təşkil edir. Amma hər yaşda bu kursları keçərək sənətini dəyişib, moda sahəsində çalışmaq olar. Bizim tələbələrimizin hər bir uğuruna sevinirəm və onlara köməklik etməyə hazıram.

- Gənclərin ixtisas almasına köməklik göstərmək təqdirə layiqdir. - Mən xeyirxah işlər görməyi sevirəm. Mənim arzu və planlarımdan biri internatlardan olan uşaqlara həyatda öz yollarını tapmaqda köməklik göstərməkdir. Əminəm ki, onların da arasında istedadlı uşaqlar var, hansılar ki, uğurlu modelyerlər ola bilərlər. Onlara həyatda şans yaratmaq istəyirəm. İki-üç uşağa bizim məktəbin hesabına kurs keçəcəyik, ən istedadlılarına isə geyim brendi yaratmaqda kəməklik etmək, onları tanıtmaq və uğurlu etmək istəyirəm. Axı xoşbəxtlik xeyirxah işlərdədir.

Leyla Babazadə:

Leyla Babazadə:

Leyla Babazadə:

Leyla Babazadə:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu