Azexport «WorldFood Azerbaijan» adlı Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir




Azexport.az portalı Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2017” sərgisində iştirak edir. Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri hesab olunur.

Azexport portalının, xüsusi ilə kənd təsərrüfatı məhsulları barədə məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma olduğunu nəzərə alsaq, portalın bu sərgidə iştirakı əhəmiyyətlidir. Çünki portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.

Portal hazırda Azərbaycanın qida məhsullarının ixracı üçün əsas platforma hesab olunur. Belə ki, 2017-ci ilin ilk rübündə Azexport portalı tərəfindən xarici tərəfdaşlardan alınan ixrac sifarişlərinin 90 faizdən artığı məhz bu sektorun payına düşür. Qeyd olunan dövrdə kənd təsərrüfatı və qida məhsullarının ixracı isə 10% dən çox artıb.

Hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edir.

Bu ilki sərgi çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, qablaşdırma, texnika və avadanlıq, kənd kimyası məhsulları, konsulting, nəqliyyat-loqistika və s. sahələri təmsil edən dövlət qurumları ilə yanaşı, dünyanın 28 ölkəsindən 331 kommersiya təşkilatı bir araya toplanıb.

Əlavə edək ki, bundan öncəki, Azexport portalının 26-28 aprel tarixlərində Bakı Ekspo Mərkəzində XVI “TransCaspian/Translogistica 2017” sərgisində iştirakı zamanı 10 dan artıq şirkətlə iş birliyinə start verilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu